Li Minq: Sinxua agentliyi AZƏRTAC-la əməkdaşlığın yeni məcrada inkişaf etdirilməsini istəyir

Li Minq: Sinxua agentliyi AZƏRTAC-la əməkdaşlığın yeni məcrada inkişaf etdirilməsini istəyir
18:23 21 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr AZƏRTAC
Sinxua agentliyi AZƏRTAC ilə əməkdaşlığı yeni məcrada inkişaf etdirilməsində və daha da genişləndirməsində maraqlıdır.
Bu fikri Çinin Sinxua agentliyinin Cənubi Qafqaz bürosunun rəhbəri Li Minq dekabrın 21-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov agentliyin tarixi, fəaliyyəti, beynəlxalq media qurumlarında iştirakı barədə qonağa məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Çin arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr inkişaf edir və möhkəmlənir.
Görüşdə ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasında müstəsna xidmətləri xatırlanıb. Habelə Prezident İlham Əliyevin bu yaxınlarda Çinə məzmun, forma və status etibarilə fərqlənən tarixi səfərinin əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyət daşıdığı, hər iki ölkənin son 10 ildə sabit və dinamik inkişafı təmin etdiyi vurğulanıb.
2016-cı ildə Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və V Dünya Xəbər Agentlikləri Konqresinin keçiriləcəyi barədə qonağa məlumat verilib. Qeyd olunub ki, bu beynəlxalq tədbirlərdə çinli nümayəndələrin də iştirakı agentliklərimiz arasında əlaqələrin inkişafına töhfə verəcək.
Baş direktor Sinxua agentliyinin beynəlxalq media alyanslarında AZƏRTAC-a verdiyi dəstəyi yüksək qiymətləndirib və buna görə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, AZƏRTAC da öz növbəsində istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Sinxua ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Bu əməkdaşlığa qarşılıqlı informasiya mübadiləsi, iki agentlik arasında imzalanmış müqavilənin müasir dövrün çağırışları nəzərə alınmaqla yenilənməsi, müştərək layihələrin həyata keçirilməsi daxil ola bilər.
Məlumat verilib ki, AZƏRTAC ötən ildən Çin dilində informasiya yayır və bu, çinli oxuculara Azərbaycanın reallıqları ilə daha yaxından tanış olmaq üçün geniş imkanlar yaradır. AZƏRTAC, eyni zamanda, Azərbaycandakı Konfutsi İnstitutu ilə sıx qarşılıqlı əlaqələr qurub. Agentlikdə həftədə iki dəfə Çin dili kursları keçirilir, tədrisdə fərqlənən əməkdaşların Çinə səfərləri təşkil olunur.
Sinxua agentliyinin Cənubi Qafqaz bürosunun rəhbəri Li Minq AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək onunla əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd edib. Qonaq Sinxua agentliyinin regionda fəaliyyətini daha da canlandırmaq, bu istiqamətdə struktur islahatları həyata keçirmək barədə düşündüyünü və AZƏRTAC ilə əlaqələrini yeni məcrada inkişaf etdirməsinin prioritet olduğunu vurğulayıb. Li Minq iki agentlik arasında informasiya mübadiləsini genişləndirmək, hər iki ölkə ictimaiyyətini Çinin və Azərbaycanın həyatı ilə yaxından tanış etməyə imkan verən müştərək layihələr reallaşdırmaq arzusunu bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Li_Minq_Sinxua_agentliyi_AZARTAC_la_emekdasligin_yeni_mecrada_inkisaf_etdirilmesini_isteyir-913020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR