Taekvondo üzrə respublika birinciliyi və çempionatı keçiriləcək

18:48 21 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 22-24-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində 1999-2001-ci il təvəllüdü taekvondoçular arasında respublika birinciliyi keçiriləcək. Bir gün sonra isə böyüklər arasında ölkə çempionatı başlayacaq və üç gün davam edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Gənclər və İdman Nazirliyinin birgə təşkil edəcəyi yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparacaqlar.
Birincilik və çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.
Çempionatda səkkiz çəki dərəcəsində kişi və qadın taekvondoçular, birincilikdə isə on çəki dərəcəsində oğlanlar və qızlar yarışacaqlar.
Turnirlərdə yüksək yerlər tutan idmançılar və komandalar ATF tərəfindən diplom və medallarla təltif olunacaq.
Yarışların keçirilməsinə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək.
“Daeodo” beynəlxalq taekvondo, həmçinin “video-təkrar” sistemləri üzrə keçiriləcək respublika birinciliyində və çempionatında əlavə qaydalar da tətbiq olunacaq. Yeni qaydalara əsasən, hər komandanın bir çəki dərəcəsində yalnız iki idmançı ilə təmsil olunmasına icazə veriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondo_uzre_respublika_birinciliyi_ve_chempionati_kechirilecek-913035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR