Xalq artistinin xatirəsi yad edilib

Xalq artistinin xatirəsi yad edilib
19:56 21 Dekabr 2015
52 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində (MMDM) Xalq Artisti, sənətşünaslıq doktoru, professor, Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri Məcnun Kərimovun anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bu fədakar insanın həyat və fəaliyyətindən danışıb. Onun görkəmli tarixçilər, musiqişünaslarla birgə qədim musiqi alətlərini bərpa etmək üçün xüsusi laboratoriya yaratdığını, qədim dövr musiqiçilərimizin istifadə etdiyi alətlərimizi yenidən bərpa etdiyini söyləyib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli İsmayılov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi Nazim Kazımov, muzeyin şöbə müdiri Təranə Zeynalova, Əməkdar İncəsənət Xadimi Sürəyya Ağayeva və başqaları M.Kərimovun gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, onun zəhməti nəticəsində çəng, Şirvan tamburu, çəqanə, çonqur, rübab, səntur, barbəd, qopuz və digər musiqi alətlərinə yeni həyat bəxş edilib.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyev M.Kərimovun işləri ilə yaxından maraqlanıb və onun fəaliyyətini yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, bu gün onun zəhməti nəticəsində yaradılan Qədim Musiqi Alətləri Dövlət Ansamblı nəyinki ölkəmizdə, həmçinin dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini layiqincə təbliğ edir. M.Kərimovun ailəsi adından həyat yoldaşı Hüsniyyə Kərimova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda Əməkdar Artist Munis Kərimovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə Xalq Artisti Nuriyyə Əhmədovanın ifasında “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Qaragilə” və digər mahnılar səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR