TÜRKSOY-un baş katibi Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı mətbuat konfransı keçirib

TÜRKSOY-un baş katibi Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı mətbuat konfransı keçirib
20:38 21 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, 2015-ci ildə Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 21-də Şəki şəhərindəki “Şəki Palas” otelində Şəkinin türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.
Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mətbuat konfransını şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin heç də təsadüfi olmadığını bildirib. Vurğulanıb ki, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzərsiz məkandır. Karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər şəhərin qədim memarlıq üslubundan xəbər verir. Hər il keçirilən beynəlxalq festivallar, tədbirlər xalqımıza xas olan zəngin tarixi-mədəni irsi təbliğ etməyə, bölgənin turizm potensialını genişləndirməyə imkan yaradır.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində məqsədyönlü iş aparılır.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, türk dünyasının UNESCO-su hesab edilən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) 20 ildən artıqdır türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq üçün səmərəli iş aparır. Vurğulanıb ki, TÜRKSOY-un ən uğurlu layihələrindən biri də 2012-ci ildən başlayaraq türk dünyasının mədəniyyət paytaxtlarının seçilməsidir.
Sonra Düsen Kaseinov TÜRKSOY tərəfindən hazırlanan və Şəkiyə həsr olunan fotoalbomları, Azərbaycanın və türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin 90 illiyi ilə əlaqədar nəşr olunan “90 şeir” kitabını və Şəki ilə bağlı bukletləri şəhər rəhbərliyinə təqdim edib.
Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri verilib.
Sonra TÜRKSOY-un baş katibi və şəhər icra hakimiyyətinin başçısı jurnalistlərin suallarını cavablandırıblar.
Daha sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, şəhər icra hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, həmçinin Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Ankara Dövlət Teatrının sənətçisi Erdal Küçükkömürçü və digər qonaqlar Şəki Dövlət Dram Teatrında türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” tamaşasının premyerasında iştirak ediblər. Diqqətə çatdırılıb ki, türk yazıçısının 100 illiyi ilə əlaqədar 2015-ci il TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan olunub. Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Rəhim Qocayev, Kəmalə Məmmədova, İqrar Salamov, Xanlar Həşimzadə və başqaları ifa ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TURKSOY_un_bas_katibi_Sekinin_turk_dunyasinin_medeniyyet_paytaxti_elan_edilmesi_ile_bagli_metbuat_konfransi_kechirib-913097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR