Banklardan manatla götürülmüş kreditlər necə ödəniləcək?

Banklardan manatla götürülmüş kreditlər necə ödəniləcək?
21:37 21 Dekabr 2015
322 Digər
Ölkə mətbuatı
A- A+

"Mərkəzi Bankın bu gün manatın məzənnəsi ilə bağlı qərarı banklardan manatla götürülən kreditlərin ödənməsinə də təsir edəcəkmi? Edəcəksə, bu hansı dərəcədə və formada olacaq?"

Milli.Az xəbər verir ki, onlarla oxucu təxminən belə bir mövzuda redaksiyamıza müraciət edərək suallarına cavab tapmaq istədiklərini bildiriblər. Onlar həmçinin qeyd ediblər ki, bununla bağlı banklara müraciət edib cavab almaq istəsələr ki, əlaqə saxlamaq mümkün olmayıb.

Məsələ ilə bağlı Milli.Az-ın da bir sıra banklarla əlaqə yaradıb cavab almaq cəhdləri boşa çıxdı. Onlardan yalnız iki bank sualımızı operativ şəkildə cavablandırdı.

Məsələ ilə bağlı "Kapitalbank"dan Milli.Az-a bildiriblər ki, bu suala cavab axtaran müştərilər ayrı-ayrılıqda kredit götürdükləri filiallara fərdi qaydada yaxınlaşmalıdırlar: "Bəli, Mərkəzi Bankın qərarı manatla götürülmüş kreditlərin ödənilməsinə də təsir edəcək. Amma bu, götürülən kreditin məbləğindən asılıdır. Belə ki, maksimum 3 min manatadək kredit götürən müştərilərlə bağlanan müqavilərlərdə göstərilir ki, devalvasiya və digər hallar olarsa, təxminən 1 faiz dəyişiklik ola bilər. 3 min manatdan yuxarı kreditlərlə bağlı isə konkret qərar yoxdur. Bununla bağlı müştəri banka gəlib dəqiqləşdirmə aparmalıdır".

"AzərTürkBank"ın Milli.Az-a göndərdiyi cavab məktubunda deyilir ki, manatın məzənnəsinin dəyişməsi manatla götürülmüş kreditlərin ödənilməsinə heç bir təsir göstərməyəcək: "Manatla götürülmüş kreditlərin ödənilməsi müştərilərlə Bank arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq davam etdiriləcəkdir".

Qeyd edək ki, bu gün Mərkəzi Bank bəyan edib ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,6850 (17 dekabr - 1,1394) manat olub.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR