Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ailə məhkəməsi yaradıla bilər

Azərbaycanda ailə məhkəməsi yaradıla bilər

Date: 21 December 2015 23:06

Dünya ölkələrinin hüquq sistemində geniş tətbiq olunan ailə məhkəməsi təcrübəsinə Azərbaycanda da ehtiyac var.

Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. Millət vəkilinin fikrincə belə bir strukturun tətbiqi boşanmaların sayının azaldılmasına və ailədaxili münaqişələrin həllinə müsbət təsir göstərə bilər:

"Ailə məhkəmələrinin tərkibində psixoloq, tərbiyəçi, hüquqşünas, sosial məsələlərlə bağlı ekspertlər var. Yəni, ailədə hər hansı münaqişə, mübahisə olan kimi boşanma haqqında qərar verilmir. Ailə məhkəməsinin tərkibində olan işçilər tərəflərlə ayrı-ayrılıqda da, birgə də söhbətlər edirlər, problemlərin həlli yollarını araşdırırlar və maksimum dərəcədə ailənin dağılmasının qarşısını almağa çalışırlar”.


Məlahət İbrahimqızı- Millət vəkili

M.İbrahimqızı bildirir ki, ailə məhkəməsi strukturunun Azərbaycanda tətbiq edilməsi üçün müvafiq araşdırmalar aparılmalı, qanunvericiliyə dəyişikliklər edilməlidir. Yalnız bunun nəticəsində səmərəli nəticələr əldə etmək mümkündür.



Məsələn qonşu ölkə Türkiyədə bu struktur uzun müddətdir ki, fəaliyyət göstərir. Bunun nəticəsidir ki, son bir neçə ildə Türkiyədə boşanmaların sayında tədricən azalma müşahidə olunur. Tək Türkiyə deyil, digər Avropa ölkələrində də ailə məhkəmələri, vəkilləri var və onlar ailə daxili məsələlərlə bağlı bütün işlərə baxmaq hüququna malikdirlər. Bu cür məhkəmələr yalnız bu sahədə ixtisaslaşmış mütəxəssislər tərəfindən idarə olunur.

Bəzi hüquqşünaslar inkişaf etmiş demokratik ölkələrdə mövcud olan bu sistemin Azərbaycanda tətbiqini dəstəkləyir, hətta bu cür məhkəmələrin ailələrin yaşadıqları əraziyə yaxın yerdə yerləşməsini məsləhət görürlər.

Hüquqşünas Əkrəm Həsənov isə belə bir sistemin yaradılmasına lüzum görmür. Boşanmaların sayının getdikcə artdığını təsdiq etsə də, yeni sistemin heç nəyi dəyişdirməyəcəyini deyir. Onun fikrincə, ailədaxili məsələlər standart məsələlərdir və onların həlli hər bir fərdin özündən asılıdr:

"Bilirsiz, mən öz təcrübəmdən deyə bilərəm ki, hazırda məhkəməyə olan müraciətlərin az bir qismi ailə daxili problem, boşanma ilə əlaqədardır. Əsasən əmlak mülk məsələləri daha aktualdır. Məhkəmə qərar çıxaranda onsuz da tərəflərdən birinin xeyrinə çıxarır və çox vaxt uşaq ata ilə deyil, anayla qalır. Yəni bu cür məhkəmələr yaradılsa belə tərəflər öz üzərilərinə düşəni ya icra edirlər, ya da etmirlər. Ona görə də ilk növbədə insanların mənəvi, əxlaqi, maddi problemləri həll olunmalıdır"


Əkrəm Həsənov - Hüquqşünas

Dövlət Statistika Komitəsindən isə bildirirlər ki, Azərbaycanda 1 uşağı olan ailələrdə boşanma halları son 24 ildə ən yüksək həddə çatıb. Sonuncu dəfə belə bir hal 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda 1 uşağı olan 2045 ailə boşanıb.Ümumilikdə isə ötən il Azərbaycanda 12088 rəsmi boşanma hadisəsi olub.

Tags:  Azərbaycanda ailə məhkəməsi yaradıla bilər


RƏYLƏR


Top news