Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftdən sonra qaz da düşür

Neftdən sonra qaz da düşür

Date: 22 December 2015 07:37

Dünya bazarlarında təbii qazın ucuzlaşması davam edir. İlkin səbəblər Şimali Amerikada qış üçün anomal isti temperaturlar, habelə Birləşmiş Ştatlar ərazisində şist nefti hasilatı ilə bağlı texnologgiyaların inkişaf etməsidir.
Bütün bunlar "mavi yanacağın" qiymətlərini ABŞ-da son 14 ildə rekord dərəcədə aşağı həddə salıb. Azərbaycan qazı hələlik belə ucuzlaşmaya məruz qalmasa da, proses bizdən yan keçməyəcək.
Neftin ucuzlaşması təbii qazın qiymətlərinə də təsir edir və bundan sonra "mavi yanacaq"  daha aşağı həddə baş vuracaq.

Dünən Nyu-York Fond birjasında yanvar ayı üçün fyuçers müqavilələrində təbii qazın 100 kubmetri 68 dollardan satılıb. Beləliklə, bir gündə qiymət 4,8 faiz enib. Bu isə ucuzlaşmanın illik əvvəlindən bəri 34 faizə çatması deməkdir.
İnflyasiya da nəzərə alınarsa, təbii qazın qiymətləri son 23 ildə minimum həddə düşüb.
ABŞ dünyada ən böyük təbii qaz hasilatçısıdır. Bu ölkədə ildə 730 milyard kubmetr "mavi yanacaq" çıxarılır. Təbii qaz elə ölkədə də satılır. Çünki ABŞ ildə 760 milyard kubmetr qaz işlədir və buna görə də dünyada ən böyük təbii qaz istehlakçısıdır.
Birləşmiş Ştatlarda təbii qazın qiymətlərinə təsir edən amillər arasında ikisi xüsusi yer tutur. Onlar qışın isti keçməsi və bunun nəticəsində temperaturun tarixi maksimumda olmasıdır. Bəhs etdiyimiz səbəbdən də qış aylarında təbii qaz hasilatının daha da aşağı düşməsi gözlənilir. İkinci səbəb isə təbii qazın əvəzləyəciyi sayılan neft, dizel və qazoylun qiymətlərinin də çox aşağı səviyyədə olmasıdır.
Digər məqamlar da var. Məsələn, ABŞ-ın bir çox ştatlarında yanacağın kiçik generasiyasından istifadə olunur. Amerikalı fermerlər və kiçik şəhərciklərin sakinləri propan kimi daha ucuz maye yanacağa üstünlük verirlər.

Birləşmiş Ştatlarda qışa rəğmən, havanın şaxtalı, sazaqlı olmaması "El Ninyo"nun Şimali Amerika iqliminə təsiri ilə bağlıdır.
"El Ninyo" Sakit Okeanda səth axınıdır və planetin bir çox məkanlarında iqlimi müəyyənləşdirir.
ABŞ-dak yeraltı anbarlarda təbii qaz ehtiyatlarının isə istehlakın azaldığı indiki şəraitdə 11,7 faiz artıb və təqribən 110 milyard kubmetrə çatıb. Bu da son 5 ildə ilin soyuq ayları üçün orta göstəricidən 6,1 faiz artıqdır.
Ölkədəki təbii qaz ehtiyatlarının son onillərdəki ən yüksək həcmdə olması, "El Ninyo"nun da Birləşmiş Ştatlardakı iqlimə ciddi təsir etməsi bazarda "mavi yanacaq" qiymətlərinə təxminlənəndən də ciddi təsir edib.
Şist yataqlarından təbii qaz hasilatının həcmi ilə intensivliyinin artırılmasına yönəlmiş texnologiyaların effektivliyinin artırılması da ucuzlaşmanı gücləndirən amillər arasındadır.
ABŞ-dakı neft-qaz şirkətləri şist qazının hasilatına başladıqlarından hasilat sürətlə artıb, maili-üfüqi qazma texnologiyalarının ucuzlaşması isə ölkədə təbii qaz bazarında qiymət kollapsı yaradıb.


İş o yerə çatıb ki, şirkətlər hasilat artımından böyuk gəlirlər əldə etməsələr də, irəliləyişi dayandırmaq niyyətində deyillər.
Hasilatla daxili istehlakın təxminən eyni səviyyə təşkil etdiyi ABŞ-dan fərqli olaraq, dünyanın digər "mavi yanacaq" satıcıları qiymətlərin azalmasından ciddi narahat olublar. Xüsusilə də təbii qaz ixracından əldə edilən gəlirlərin dövlət büdcəsində əhəmiyyətli yer tutduğu ölkələr ABŞ-dakı situasiyanın yaratdığı problemlərin çözüm yollarını arayırlar.
Doğrudur, Azərbaycan da daxil olmaqla, qaz hasilatçısı ölkələrin çoxunda ixrac edilən "təbii qaz"ın qiymətləri birja kotirovkalarına bağlanmayıb və satışla bağlı uzunmüddətli müqavilələrdə əvvəlcədən göstərilir. Amma hər şeyə rəğmən, təbii qazın qiymətlərinin birjadakı durumdan asılılığı var.
Azərbaycanın təbii qazının qiyməti dünya bazarlarında xam neftin dəyərinə bağlanıb. Neft qiymətləri isə son illərin ən aşağı həddindədir.
Neft qiymətləri təki təbii qazın qiymətləri də ucuzlaşır. Amma bu ucuzlaşma arasınad təbii qaz müqavilələrinin şərtlərindən asılı olaraq 4-8 aylıq fərq var.
Azərbaycanın təbii qazı ilə bağıl həmin fərq 6 aylıq sürəkdədir.
Yəni bu ay təbii qazın qiymətləri sürətlə ucuzlaşıbsa, gələn ilin fevral ayında Azərbaycan qazının alıcıları "mavi yanacağımızı" xam neftin 1 barrelinin ucuzlaşdığı səviyyəyə bərabər faizdə daha ucuz alacaqlar.

Dünya bazarlarında xam neftin qiymətləri sürəkli gerilədiyindən təbii qazın qiymətlərində geriləmə də qaçılmazdır.
Ekspertlərin hesablamalarına görə, təbii qazın 1000 kubmetrinin qiyməti 180 dollaradək enə bilər.
Birləşmiş Ştatlara gəldikdə isə, bu ölkədəki neft-qaz şirkətlərinin "mavi yanacaq" ixracına başlayacaqları ehtimalı da çox böyükdür. Ən azı ona görə ki, hazırda ABŞ-da təbii qaz ehtiyatlarının ifrat səviyyəyə çatdığı şəraitdə Vaşinqtonun vəziyyəti nəzarətdə saxlaya bilməməsi nonsensdir.
Şirkətlər bundan əvvəl də, təbii qazın qiymətlərinin daha üstün həddə olduğu zamanlarda hasilatda gəlirlərin xərclərdən çox olmasını təmin edə bilmirdilər. Amma buna rəğmən, hasilat templəri və həcmi aşağı salınmırdı.


Vaşinqton problemin həllini təbii qazın ixracında və bu minvalla ölkə bazarlarında qiymət artımına təkan verilməsində görür. Lakin amerikalıların bu qaza asanlıqla alıcı tapa bilmələri şübhəlidir. Nədən ki, indiki qiymətləri nəhərə alsaq, ABŞ-ın təbii qazı Avropa Birliyində minimum 1000 kubmetr üçün 238,5 dollardan satıla bilər. Bu isə Azərbaycanın təbii qazının satış qiymətlərindən 32 faiz bahadır.
Ona görə də narahatlığa səbəb yoxdur: amerikalılar təbi qazlarını satışa çıxarsalar da, Bakının mövqelərinə və hazırda "mavi yanacağımızın" satıldığı bazarlardakı vəziyyətin dəyişməsinə ciddi təsirlər olan deyil.

Orxan Hun
Milli.Az


Tags:  Neftdən sonra qaz düşür


RƏYLƏR


Top news