Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün yaxşı şans yaranıb

Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün yaxşı şans yaranıb

Date: 22 December 2015 08:05

Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən soydaşlarımız D.Əsgərov və Ş.Quliyev girov götürüldükləri zaman yanlarında üçüncü şəxs də vardı - Həsən Həsənov. O vaxt D.Əsgərov və Ş.Quliyev tutuldular, H.Həsənov isə qətlə yetirildi. H.Həsənovun meyitini vermək istəməyən ermənilər əvvəlcə onun Xankəndində dəfn edildiyini deyirdilər. Lakin Azərbaycan tərəfinin apardığı israrlı danışıqlardan sonra H.Həsənovun meyitinin qalıqları bir müddət sonra təhvil verildi.

2014-cü ilin dekabr ayında kəlbəcərli girovlarla bağlı qondarma məhkəmə prosesi keçirildi. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdi.

Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb.

Hazırda soydaşlarımızla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır. Komitənin nümayəndələri soydaşlarımıza ailələrinin məktublarını çatdırır, eyni zamanda onların məktublarını ailələrinə çatdırırlar.

Azərbaycanın əzəli torpağı olan Kəlbəcərdə girov götürülən soydaşlarımız ilk gündən ermənilər tərəfindən qeyri-insani münasibətlə qarşılaşıblar. Bu barədə rəsmi Bakı dəfələrlə etiraz mövqeyini bəyan etsə də, Ermənistan girovları azad etməməkdə hələ də israrçı mövqe tutur.

Cenevrə konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, müharibə zamanı mülki şəxslərin girov götürülməsi qadağandır. D.Əsgərov və Ş.Quliyevi ağır fiziki işgəncələrə məruz qoyan ermənilər qurama məhkəmə prosesi ilə onları, eyni zamanda mənəvi və psixoloji işgəncələrə məruz qoyublar. Belə məsuliyyətsiz davranışı, mövqeyi ilə Ermənistan beynəlxalq humanitar hüquqa uyğun olaraq daşıdığı hüquqi məsuliyyətinə də məhəl qoymur.

Rəsmi Bakı soydaşlarımıza qarşı edilən işgəncə faktları ilə bağlı mövqeyini açıqlayaraq dəfələrlə bildirib ki, Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir.

"Azərbaycan dövləti tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı bütün mümkün vasitələrdən istifadə edilərək gərəkli addımlar atılır. Bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən də iş aparılır. Dövlətin rəsmi qurumları bütün mümkün vasitələrdən istifadə edərək, əlbəttə ki, fəaliyyətlərini davam etdirir. Amma məsələnin digər tərəfi də var".

Bunu Trend-ə "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

E.Ələsgərov qeyd edib ki, bu işi 2 hissəyə ayırmaq lazımdır: "Birincisi, dövlət tərəfindən bu şəxslərin azad olunması istiqamətində görülən işlər. Digər xətt isə onların ailə üzvləri, yaxınları tərəfindən atılacaq addımlar olmalıdır. Hüquqi baxımdan təxirə salınmadan ikinci istiqamət üzrə addımlar atılmalıdır. Soydaşlarımızın ailə üzvləri tərəfindən girovlarımızın hüquqlarının qorunması ilə bağlı məhkəməyə müraciət edilməlidir".

Ekspert bildirib ki, iddia hadisənin baş verdiyi ərazi üzrə aidiyyəti məhkəmə orqanına təqdim edilməlidir: "Məhkəmə onların barəsində qərar çıxaracaq. Hələ də gec deyil. Problemi həll etmək üçün şans var. Bu şans hələ də itirilməyib. Biz bu şəxslərin azad olunması məsələsində hüquq sisteminə baş vurmalıyıq. Bu hadisə Azərbaycan ərazisində baş verib. Onlar Azərbaycan ərazisində girov götürülüblər. Hadisə baş verəndə fövqəladə hal ortaya çıxmışdı. Bu məqamdan istifadə edilməli idi. Bu məqam indi də qüvvəsini itirməyib. O şəxslərin ailə üzvləri tərəfindən girov düşdükləri ərazinin yerli məhkəməsində iddia qaldırılmalıdır. Bu addım dövlətin həmvətənlərimizin azad olunması istiqamətində gördüyü işlərə mühüm dəstək olar. İddia fərdi qaydada atıla bilər. Ölkə ərazisində hər hansı bir vətəndaşa qarşı analoji hal baş verdiyi halda, hansı hüquqi addım atılırsa, bu halda da eyni istiqamətdə addım atılmalıdır".

E.Ələsgərov hesab edir ki, bu proses siyasiləşdirilməməlidir: "Bu iş hüquq çərçivəsində, hüququn bizə verdiyi bütün imkanlardan istifadə edilərək qaldırılmalıdır. Girov götürülən hər hansı şəxslə bağlı hüquq çərçivəsində hansı addımlar atılırsa, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da eyni qaydada məhkəmə qarşısında iddia qaldırılmalıdır. Bundan sonra isə soydaşlarımıza qarşı hadisəni törədənlərə qarşı cinayət işi açılmalıdır".

Sözügedən yanaşma girovlarımızın azad olunması ilə bağlı problemin çox yaxşı piarı da ola bilər. Azərbaycan bu yolla dünyanın göz yumduğu, susqun qaldığı bir məsələni kifayət qədər qabarda bilər. Bununla da, Ermənistanın vətəndaşlarımıza qarşı etdiyi qanunsuzluqları, cinayətləri Azərbaycan dünyaya bir daha faş edə bilər. Bu addım həm də Ermənistanın Azərbaycana qarşı işğal faktının qabardılmasında mühüm fəaliyyət rolunu oynaya bilər.

Sözügedən məqamı doğru hesab etdiyini qeyd edən E.Ələsgərovun sözlərinə görə, Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmağı bacardığını hər dəfə təsdiq edir: "İnanıram ki, indiki halda da buna nail olunacaq. Biz bu məsələdə birinci növbədə peşəkar səviyyədə hüquqi əsas yaratmalıyıq. Ermənilərin bizə qarşı törətdiyi bu və bu kimi cinayət hadisələri ilə bağlı məhkəmə qarşısında iddia qaldırıla bilər. Çıraqovla bağlı Avropa İnsan Haqları Məhkəməsində qaldırılan iddia kimi, bu işdə də pozulan hüquqların müdafiə olunması istiqamətində addımlar atılmalıdır. Ölkə daxilində məhkəmə instansiyalarında qərarlar əldə edildikdən sonra bu şəxslərin pozulan hüquqlarının beynəlxalq səviyyədə də müdafiəsi aparılmalıdır. Biz bu məsələdə hüquq "silahımızı" yetərincə istifadə etmirik".

Müsahibim bildirir ki, girovların azad olunmamasının səbəbi onların sərhədi keçmələri, əllərində tüfəng olması deyil: "Ermənilərin müharibədə çox hədəfləri var. Əsas hədəf ideoloji müharibədir. Burada məqsəd xalqımızda Vətənə dönüş istəyini, ideyasını öldürməkdir. Dilqəm və Şahbazın məsələsində ermənilərin mövqeyində əsas bu məsələ dayanır. Ermənilər bu şəxsləri bilərəkdən diversant elan etdilər. Həmvətənlərimizin işğal olunan torpaqlara getməsi ermənilər üçün ən böyük təhlükədir. Ona görə onları incidirlər. Hansısa bir əsgər olsaydı, bəlkə də ermənilər qaytarardılar. Dilqəm və Şahbazdan istifadə edərək, ermənilər o torpaqlara getmək istəyini öldürmək istəyirlər".

E.Ələsgərov qeyd edir ki, ermənilərin əlinə öz istəkləri ilə dədə-baba torpağına qorxmadan gedən soydaşlarımız düşdü: "Ermənilər onların üzərində bütün eksperimentləri keçirmək istəyirlər. Bu şəxslər kimsənin xəbəri olmadan ata yurduna getdilər. Ölümün gözünün içinə baxa-baxa, kimsənin buyruğu, göstərişi, sifarişi, dəstəyi olmadan onlar öz el-obalarına, doğma yurdlarına getdilər. Bu, mənəvi, milli bir istəkdir. Bu, Vətən həsrəti, yanğısıdır. Bu gün yüzlərlə, minlərlə həmvətənimizin qəlbində olan yanğı, istəkdir. Onlar ermənilərin apardığı informasiya müharibəsinin girovuna çevriliblər. Dilqəm və Şahbaz atdıqları addımları ilə bütün dünyaya göstərdilər ki, o torpaqlar azərbaycanlıların dədə-baba yurdudur və bu gün hər kəs o torpaqlara getmək istəyi, arzusu ilə yaşayır. Bu isə ermənilərin daim qorxduqları ən ciddi təhlükədir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşündə soydaşlarımız D.Əsgərov və Ş.Quliyevin azad edilməsi məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir daha qaldırılıb.

Milli.Az


Tags:  Dilqəm Əsgərov Şahbaz Quliyevin geri qaytarılması şans yaranıb


RƏYLƏR


Top news