Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Çikaqo şəhərində soydaşlarımız üçün səyyar konsulluq qəbulu təşkil edilib

ABŞ-ın Çikaqo şəhərində soydaşlarımız üçün səyyar konsulluq qəbulu təşkil edilib

Date: 22 December 2015 08:18


Vaşinqton, 22 dekabr, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən bu ölkənin İllinois ştatında yaşayan Azərbaycan diaspor nümayəndələri və soydaşlarımız üçün səyyar konsulluq qəbulu keçirilib. Qəbul ABŞ-ın İllinois ştatında yenicə fəaliyyətə başlamış Mərkəzi-Qərbi Amerika üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) təşəbbüsü və dəstəyi ilə Çikaqo şəhərində təşkil olunub.
Qəbul zamanı səfirliyin konsulluq məsələləri üzrə məsul diplomatları Emil Səfərov və Vüsalə Muradəliyeva tərəfindən diaspor üzvləri Azərbaycan qanunvericiliyindən irəli gələn hüquq və vəzifələri barədə maarifləndirilib. Eyni zamanda, respublikamızda vətəndaşlıq institutu, Azərbaycanın ümumvətəndaş pasportlarının əldə edilməsi qaydaları, ABŞ-da daimi və müvəqqəti yaşayan soydaşlarımızın hüquq və öhdəlikləri, hər iki ölkədə daimi və ya müvəqqəti yaşamaq qaydaları, Azərbaycana viza əldə edilməsi prosedurları və s. barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Mərkəzi-Qərbi Amerika üzrə Azərbaycan Mərkəzinin İdarə Heyətinin rəhbərləri Mehriban Məmmədova və Emin Səfərovun məlumatına görə, səyyar konsulluq qəbulunun səmərəliliyi xüsusilə tədbir iştirakçılarına yerində müxtəlif konsulluq və notariat xidmətlərinin göstərilməsi ilə müşayiət edilib.
Səyyar konsulluq qəbulu ilə əlaqədar əvvəlcədən məlumatlandırma işinin təşkil edilməsi üçün Mərkəzi-Qərbi Amerika üzrə Azərbaycan Mərkəzinin sosial şəbəkələrdəki səhifələrində və səfirliyin internet səhifəsində elanlar yerləşdirilib. Bu tədbirlə əlaqədar Yeni il ərəfəsində bir araya gələn soydaşlarımız 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Çikaqoda qeyd edilməsini planlaşdırıb və Azərbaycan səfirliyi ilə əməkdaşlığın gücləndirilməsi üzrə fikir mübadiləsi aparıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton


Tags:  ABŞ-ın Çikaqo şəhərində soydaşlarımız səyyar konsulluq qəbulu təşkil edilib


RƏYLƏR


Top news