Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıya yeni təzyiq: "gözü açılan" məhkəmə

Bakıya yeni təzyiq: "gözü açılan" məhkəmə

Date: 22 December 2015 09:22

İnsan haqları bütün sivil dövlətlər üçün daxili siyasətin ən önəmli, xarici siyasəti əhəmiyyətli dərəcədə müəyyənləşdirən məqamlardan biridir.
Vətəndaşını insan sayan dövlət onun haqlarını təmin edir, hüquqlarını qorumağa çalışır. Demokratik dövlətlərdə belədir.
Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən, xüsusən də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən universal dəyərlərə sadiqliyini bəyan etmiş, insan hüquqları, söz və mətbuat azadlıqlarının, gender bərabərliyinin, mədəni sərvətlərin qorunması, yuvenal ədliyyənin tətbiqi və s. sahələrdə mövcud olan beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuş, bəzən bu və ya digər beynəlxalq təşəbbüsün müəllifi kimi çıxış edib.

Eyni zamanda milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edilmiş, bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul edilib.
Bu addımlar ona görə zəruri idi ki, sovet dövründən qalma hüquqi aktlar yeni dövrün reallıqlarına uyğunlaşdırılsın, insan azadlıqlarının təmini istiqamətində lazımi milli qanunvericilik bazası yaradılsın.
Lakin beynəlxalq institutlarla, xüsusən Qərb təsisatları ilə, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əməkdaşlıq Azərbaycan üçün yeni şərtlər irəli sürmək, bu və ya digər güzəştlərə məcbur etmək, yerli məhkəmə-hüquq sisteminin məhv edilməsi, cəzasızlıq mühiti formalaşdırlması ilə nəticələnməməlidir.

...Azərbaycanda insan haqları və vətəndaş hüquqlarının təminatı sahəsinlə görülən işləri Avropa Birliyi ilə yanaşı, ABŞ da etiraf edir. Tənqid etsələr də, qərəzli yanaşsalar da, rəsmi Bakını ən müxtəlif əməllərdə suçlasalar da, görülən işlərin tam əksəriyyətini dansalar da, ən yaxşı halda görməzdən gəlməyə çalışsalar da - gerçəyi gizlətmək mümkün deyil.
Azərbaycanda siyasi məhbusların olduğunu iddia etməklə iş bitmir - bu iddiaları sübuta yetirmək gərəkdir. İttihamlardan fərqli olaraq, dəlil bazasına gələndə Qərbin arqumentlərinin sayı və inandırıcılığı əhəmiyyətli dərəcədə azalır, deyilənlər söz yığını təsiri bağışlamağa başlayır.
İnsan haqları da eyni müstəvidə olan məsələdir.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycana münasibətində son vaxtlar dəyişən orientirlər, Bakı ilə ünsiyyətdə amiranəlik və hətta diktat tonunun seçilməsi yaşanan reallıqdır.
1953-cü ilin sentyabrın 3-də Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyası insanın təməl haqlarını bəyan etməklə yanaşı, həmin hüquqların müdafiəsinin xüsusi mexanizmini də yaratmışdı.

Ədalət məhkəməsi, yoxsa təzyiq vasitəsi?

İlkin olaraq həmin mexanizm konvensiyanı imzalamış dövlətlərin üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyət daşıyan 3 orqandan ibarətdi: Avropa İnsan Hüquqları Komissiyası, Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının Nazirlər Kabineti.
1998-ci ilin  noyabrın 1-də 11 saylı protokol qüvvəyə minəndən sonra Avropa İnsan Hüquqları Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi vahid strukturla, Avropa İnsan Hüquqları Məhkəməsi ilə əvəzləndi.
AİHM Strasburqda, Avropa Şurasının yerləşdiyi şəhərdədir.

Azərbaycan Avropa Şurasına üzv dövlət kimi bu qurumun tərkibindəki bütün strukturların qərarlarını yerinə yetirməlidir. Üzvlüyün şərtləri bunu tələb edir.
Üzvlük heç bir halda qurumun Bakı ilə üfqi münasibətləri ultimatumlara çevirməsinə şərait yaratmamalıdır. Nədən ki, rəsmi Bakı Avropa Birliyinə inteqrasiya, intensiv tərəfdaşlıq və sıx əməkdaşlıq məsələlərini xarici siyasətində prioritet məqamlar arasında gördüyünü həmişə bəyan edib.
Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə əlaqələrin maksimal sürətlə inkişafında, ölkəmizin ümumavropa standartlarına uyğun siyasət yürtməkdə maraqlı olduğunu da vurğulayır.

Bu səbəbdən də AİHM-in qərarlarını rəsmi Bakı indiyədək həmişə yerinə yetirib və hər hansı formada narazılıq üçün səbəb də verməyib.
Lakin son aylarda Bakıya sərt təzyiq və aşkar pressinq şəraitində AİHM də təsir vasitəsinə çevrilməyə başlayıb.
Qurum insan hüquqlarının təminatından daha çox, Bakıya hüquqi müstəvidə, məhkəmə qərarları vasitəsilə təzyiqlər göstərərək Azərbaycanı hansısa şərtlərlə razılaşmağa vadar etməyə yönəlmiş rıçaqa çevrilib.

O şərtlərin konkret nədən ibarət olduğunu, bağlı qapılar arxasında aparılan danışıqların məzmununu, ictimaiyyətə açıqlanmayan diplomatik və "huquqi" yazışmalarının təfərrüatlarını bilmirik.
Rəsmi strukturlar və AİHM bunu istəməsə, bilməyəcəyik də.
Yalnız təxminləyərək deyə bilərik ki, Azərbaycanın son aylarda üzləşdiyi həddən ziyadə açıq, aşkar və ağır təzyiqlər kampaniyasına AHİM də "bir vasitə" qismində əlavə olunub: məqsəd rəsmi Bakını xarici siyasətində zorakı korrektələrə məcbur etmək, Vaşinqtonla Brüsselin Cənubi Qafqazdakı "etibarlı müttəfiq və stratejit tərəfdaş" adlı satellitinə, kənardan idarə olunan kvazimüstəqil dövlətə çevirməkdir.

Bakı, təbii ki, bu təzyiqləri rədd edir, neomüstəmləkə çalarlı tələbləri yerinə yetirməyəcəyini bildirir.
İndiyədək tətbiq olunan vasitələr effekt vermədiyindən AİHM işə salınıb.
İddialar qəribədir: "Azərbaycan AİHM-in qərarlarını gərəkli sürətlə yerinə yetirməkdə qərarlı təsir bağışlamır".
"Qərarlı", "təsir bağışlamır" - Qərb diplomatları absurd teatrına başladıqlarını anladıqlarından belə marazmatik ittihamlarını dəqiqləşdirməyə də çətinlik çəkir, "belədir" konkretikası əvəzinə "bizə belə gəlir ki - hər halda gümanlarımız belədir" tipli alleqoriyalardan istifadə edirlər.
Siyasətdə qeyri-müəyyənlik yolveriləndir. Müəyyən dərəcədə.
Amma hüquqda, xüsusilə də insan haqları və hüquqları ilə bağlı məsələlərdə dəqiqliyin allüziyalarla əvəzlənməsi birmənalı şəkildə nonsensdir.

"Çıraqov işi"

16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarını elan etdi. Həmin məhkəmə işi, erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır. 

Məhkəmə tarixi dəlilləri və Ermənistan tərəfin gətirdiyi yalan iddiaları ortaya qoyaraq ədalətli qərar çıxarıb. Bununla da məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunun davamlı inkarına birdəfəlik son qoydu.
Beləliklə, qənaətə gəlmək olar ki, Azərbaycana qarşı başlayan və bugünədək davam edən təcavüz və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin (Dağlıq Qarabağ və ətraf ərazilər) hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşlarının işğal olunmuş ərazilərdən qovulması və bu ərazilərdə öz evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verməyən Ermənistan baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır. Dövlətin üzərinə düşən məsuliyyətin və hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edən əsas tələbi pozuntuların aradan qaldırılması, onların bir daha təkrarlanmayacağına dair müvafiq təminat və zəmanətin verilməsi, vurulmuş zərərin tam reparasiya olunmasından ibarətdir. 

Bununla əlaqədar ilk növbədə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmaq öhdəliyi daşıyır. Azərbaycanlı məcburi köçkünlərin geri qayıtlmaları üçün zəruri şərait yaradacaq bu öhdəliyin yerinə yetirilməsi heç bir halda güzəşt kimi nəzərdə tutula və ya təqdim oluna, üstəlik münaqişənin həlli prosesində alver vasitəsi kimi istifadə oluna bilməz. 
Sözügedən silahlı münaqişə ilə əlaqədar qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsdiq olunduğu kimi, güclə hədələmək və gücün tətbiqi ilə ərazilərin əldə edilməsi qanuni hesab oluna bilməz və bu, beynəlxalq hüququn əsas prinsiplərindən birinin tələbidir. Bu anlayış həmçinin fərdi hüquq və azadlıqlara tətbiq olunur, hansıların ki pozulması heç bir halda bu hüquqları pozan tərəfindən əvvəldən planlaşdırılmış nəticəyə gətirib çıxara və onun maraqlarına xidmət edə bilməz.
Eyni səbəbdən AİHM müəyyən etmişdi ki, Laçın rayonundan olan müraciətçilərin mülk və evlərinə girişinin imtina olunmasına münasibətdə münasib səmərəli vasitə mövcud deyildir.

Ermənistan AİHM-in qərarına, çıxarılan hökmə əməl etmədi. Daha doğrusu, rəsmi Yerevan bu hökmü ümumiyyətlə saya salmadı və onun tələblərini də yerinə yetirmək niyyətində deyil. 
Yerevanın belə saymazyana davranışına, demarşına AİHM hələlik heç bir reaksiya verməyib.

Azərbaycanda isə...

Bizdə isə AİHM-in qərarlarını BMT qətnamələri ilə səhv salanlar da var. Halbuki elə o qətnamələri də dünyanın çox dövlətləri saya salmırlar. 
Bəzi fərdlərdə belə illüziya yaranıb ki, "təcrübəli" vəkillər vasitəsilə işlərini AİHM-ə daşımaqla cəzadan yayınmaq və ya haqsız iddianı ədalətli tələb kimi qələmə vermək olar.

Xəyallarını puç etmək istəmək istəməzdim, amma Avropanın özündə AİHM-in qərarlarını mütləq, aprior hesab etməyən ölkələrin sayı az deyil.
Məsələn, bu ilin iyulun ortalarında Rusiyanın Konstitusiya Məhkəməsi qərar qəbul etdi ki, AİHM-in qərarları yalnız ölkə Konstitusiyasına zidd olmadığı təqdirdə yerinə yetirilə bilər: "AİHM Rusiya Konstitusiyasına zidd olan müddəanın və ya tələbin yer aldığı qərar qəbul edərsə, Rusiya həmin qərarın birbaşa, tam yerinə yetirilməsindən imtina etməli olacaq".

Fransa, İspaniya, İtaliya, Almaniya və Böyük Britaniyada da indiyədək AİHM-in yüzlərlə qərarı elə kağız üzərində qalıb, yerinə yetirilməyib. Daha doğrusu, həmin ölkələr son illərdə AİHM-in faktiki olaraq heç bir qərarını yerinə yetirməyib.
AİHM-in Azərbaycanla bağlı tutduğu mövqenin son vaxtlar destruktivləşməsi, məntiq və qanun çərçivələrindən kənara çıxması ölkə qanunvericiliyinə saymazyana yanaşma, yerli məhkəmə-hüquq sisteminə təhdid də sayıla bilər.

Nədən biz sadaladığım Avropa ölkələri kimi davranaraq öz məhkəmələrimizin qəbul etdiyi qərarların tətbiqini absolyuta çevirmirik, onlara üstünluk vermirik?
İzafi yumşaqlıq hüquqi xaos yarada bilər, cəzasızlıq mühitinin formalaşmasına təkan verər.
Dövlət qurumlarının bu barədə düşünməsinin vaxtı çatıb.

Orxan Hun
Milli.Az


Tags:  Bakıya yeni təzyiq gözü açılan məhkəmə

RƏYLƏR


Top news