Təhsil sistemində silinən pullar - Şok rəqəmlər

Təhsil sistemində silinən pullar - Şok rəqəmlər
09:57 22 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Büdcədən maliyyələşən təşkilatlara lazım olduğundan artıq vəsait ayrılır, nəticədə nazirlik, komitə və qurumlarda büdcə vəsaitlərinə divan tutulur.

Milli.Az xəbər verir ki, "Bizim Yol" qəzeti hökumətin ən çox vəsait ayırdığı Azərbaycan Təhsil Nazirliyinin Dövlət İqtisad Universiteti (ADİU) və Dillər Universitetinin (ADU) xərcləmələrini araşdırıb.

Satınalmalar üzrə Dövlət Agentliyinin keçirdiyi müsabiqə reyestrlərinə əsasən, ADİU üzrə 2010-cu ildə cəmi 21500 manatlıq tender keçirilib. O da layihə-smeta sənədlərinin hazırlanmasına. Qalan pullar müsabiqədən kənar xərclənib. Hər halda bazada həmin ilə aid başqa məlumat yoxdur.

2011-ci ildə 166822 manat, 2012-ci ildə 136748 manatlıq tender keçirilib. Əsasən kompüter avadanlıqları, sənədlərin cildlənməsi, poliqrafiya avadanlıqları, xalça, kitab, buklet və dəvətnamələrin hazırlanması, təmizlik, internet xidməti, idman mallarının alınmasına sərf olunub. Əsas xərcləmələr 2013-cü ildən başlayır. Bu da Mikayıl Cabbarovun nazirliyi dövrünə təsadüf edir.

Nazirlik universitetin xəttilə tenderlərdə 11029907 manat pul xərcləyib. Bu vəsaitdən 1145269 manat təmir, 2123003 manat inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7745887 manat sağlamlıq kompleksinin tikintisinə gedib.

Şəmsəddin Hacıyev 11 milyon manatı ailə şirkətinə ötürüb

Əsasən 200 min manatdan yuxarı məbləği topdan sərf ediblər, odur ki, bu civardakı xərcləri sadalayaq. Məsələn, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara 298500 manat, universitetin əsas tədris binası və Quba rayonundakı tədris idman sağlamlıq kompleksinə inventar və avadanlıqlar 295000 manat, yenə inventar, avadanlıq və təsərrüfat malları 290838 manat, H.Əliyev 135 ünvanında yerləşən 2 saylı tədris korpusunun cari təmiri 288385 manat, ADİU-nun 1 və 3 saylı tədris binalarının cari təmiri 214200 manat, yenə inventar, maşın, avadanlıq 214713 manat, təkrar dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar, maşın, avadanlıq 237186 manat, 4 saylı tədris binasında təmir 498291 manat, ayrıca inventar 288233 manat, avadanlıqlara 278492 manat xərclənib.

100 min manat civarında tenderləri yazmırıq. Tək onu deyək ki, dəftərxana ləvazimatları və təsərrüfat mallarına bir ildə 70041 manat sərf olunub. 11014159 manatlıq işlər "Turan-2009" MMC-yə gördürülüb, yəni cüzi məbləğ istisna olmaqla, pulun hamısı adıçəkilən şirkətin sərəncamına verilib.

Milyonlarla dəyəri olan tenderləri qazanan MMC-nin web-saytı belə yoxdur. Mətbuatda bu şirkətin ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyevin ailəsinə məxsus olduğunu sübut edən sənədlər çap olunub. MMC-nin təsisçisi Ş.Hacıyevin həyat yoldaşı, direktor isə qardaşı oğludur. Ş.Hacıyev 2004-2014-cü illərdə ADİU-nun rektoru vəzifəsində işləyib. Dövlət satınalmaları haqqında qanunun 13-cü, "Dövlət satınalmalarında maraqların ziddiyyəti" maddəsinə görə satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

Maraqlıdır ki, Hacıyev söhbəti gedən şirkətə qarşı 667475 manat məbləğdə bir vəsaitin universitetin xeyrinə ödənilməsi tələbinə dair iddia da qaldırıb. Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatına təzə inzibati binanı da bu şirkət tikib. Xatırladaq ki, Ş.Hacıyev 2010-ci ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilmişdi.

2014-cü ildə tenderdə xərclənən 1490906 manat bütövlükdə inventar, avadanlıq, dəftərxana, təsərrüfat malları, avtomobil alınmasına sərf olunub. Bu ilin altı ayında 795200 manat da eyni işlərə sərf olunub. Məsələn, 73800 manata nəqliyyat vasitəsi alınıb. Digər maşın və avadanlıqlara birdəfəyə 209796 manat xərclənib. Yenə digər maşın və avadanlıqlar, proqram təminatı üçün əlavə lisenziyalar 160390 manata alınıb. 107272 manat da təkrar inventara verilib.

Dillər Universitetində təmir və inventar hər il milyonlar "aparır"

ADU-da 2010-cu il üzrə 26 tenderdə 1057503 manat vəsait xərclənib. Bunlar əsasən maşın, avadanlıq və inventar (430830 manat), mətbəə xərcləri (148836 manat), dəftərxana və təsərrüfat malları (134077 manat), kommunal və kommunikasiya (68710 manat), abadlaşdırma (34796 manat), sair xərclər (37880 manat) olub. 202374 manat cari və əsaslı təmirə gedib. 2011-ci ildə universitet üzrə keçirilən 38 tenderdə xərclənən 1533556 manat vəsait yenə yuxarıda sadalanan maddələrə yönəldilib, o cümlədən 303309 manat təmir və cari təmirə, 126559 manat dəftərxana və təsərrüfat malları, 96359 manat kommunal və kommunikasiya xidmətləri, 628900 manat maşın, avadanlıq və inventar, 89992 manat abadlaşdırma, 141318 manat mətbəə xərcləri, 147119 manat da idarənin digər alış və xidmətlərin satın alınmasına sərf olunub. 2012-ci il üzrə axtarışda ümumi dəyəri 672672 manat olan 12 tender nəticəsi tapıldı. Yenə 239706 manat təmir və cari təmirə, 238190 manat maşın, avadanlıq, inventar, 40056 manat dəftərxana və təsərrüfat malları, 47341 manat kommunal, 12984 manat mətbəə xidməti, 47445 manat abadlıq, 46950 manat da digər alış və xidmətlərin satın alınmasına xərclənib.

Məsələ ayrılan vəsaitlərin həcmində deyil, onların necə və hansı istiqamətə xərcləndiyindədir. Elə bil universitetin sadalananlardan başqa dərdləri yoxdur.

2013-cü ildə universitet üzrə 2187283 manat xərclənib. 27 tenderdən 14-nün qiyməti 100 min manatdan yuxarıdır. Vəsaitin təkcə 1249832 manatı təmirə gedib. 579859 manat maşın, avadanlıq, inventar, 128883 manat kommunal, 197894 manat abadlıq, 30815 manat da dəftərxana və digər xərclərə yönəldilib. Xərc maddələrini açıq şəkildə yazsaq, mənzərəni daha da aydınlatmış olacağıq.

Universitetin Təbriz küçəsi 49 ünvanında yerləşən 1 nömrəli tədris korpusunun 1-ci və 2-ci mərtəbələri və 3-cü mərtəbənin bir hissəsinin cari təmir işlərinin satın alınması 111886 manat, təkrar həmin korpusda cari təmir 105966 manat, 2 nömrəli tədris korpusunun 1-ci və 2-ci mərtəbələrinin cari təmiri 100113 manat, yenə həmin korpusda cari təmir 119425 manat, hər iki korpusun damının cari təmiri 119190 manat, plastik pəncərə bloklarının yekun cari təmiri 23929 manat, abadlıq 49912 manat, kommunal və kommunikasiya xidmətləri 78901 manata başa gəlib.

R.Behbudov 60 ünvanında yerləşən əsas korpusun yekun cari təmiri 119952 manat, təkrar cari təmir 48994 manat, abadlıq 99990 manat və kommunal-kommunikasiya xidmətləri 49982 manat, həmin korpusun 1-ci mərtəbəsində cari təmir 119590 manat, 2-ci mərtəbəsinin cari təmiri 119744 manat, korpusun idman zalının cari təmiri 52794 manat, abadlıq 47992 manat olub. Əsas tədris korpusunda cari təmir 118995 manat, təkrar cari təmir 49816 manat, digər maşın və avadanlıqların alınması 118570 manat, təkrar digər maşın və avadanlıqlar 119696 manat, üçüncü dəfə bu işlərə 43833 manat, inventar 119790 manat, təkrar inventar 117990 manat, üçüncü dəfə inventarın alınmasına 59980 manat, idarənin digər xərc maddəsi üzrə mallar 17851 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarına 12964 manat sərf olunub.

2014-cü il üzrə universitetdə 1974564 manat tender yolu ilə istifadə olunub. Burada da yenə təmirə 1048568 manat, maşın, avadanlıq, inventara 502617 manat, kommunal-kommunikasiya 135542 manat, abadlığa 238468 manat, dəftərxana və təsərrüfat mallarına da 49169 manat sərf olunub.

Xərc strukturunun açıqlaması isə belədir: Şərifzadə 4 ünvanında yerləşən tələbə yataqxanasının cari təmiri 114970 manat, təkrar cari təmir 298323 manat, üçüncü dəfə 52593 manat, yataqxana üçün inventarlar 97320 manat, universitetin Təbriz küç 49 ünvanındakı binasında abadlaşdırma 119006 manat, təkrar abadlaşdırma 89870 manat, akt zalının cari təmiri 112450 manat, R.Behbudov 134 ünvanında əsas korpusun damının cari təmiri 118970 manat, kitabxananın 2-ci mərtəbəsinin cari təmiri 119916 manat, R.Behbudov 60 ünvanında əsas korpusun kitabxanasının cari təmiri 112077 manat, digər maşın və avadanlıqlarının alınması 114570 manat, inventar 48095 manat, yenə inventar 36650 manat, üçüncü dəfə 45552 manat, təkrar inventar 12360 manat, yumşaq inventar 30440 manat, əlavə yumşaq inventar və xüsusi geyimlər 8230 manat, digər maşın və avadanlıqlar 44880 manat, yenə 18581 manat, təkrar digər maşın və avadanlıqlar 45939 manat, abadlıq 29592 manat, kommunal və kommunikasiya xidmətləri 119850 manat, dəftərxana və təsərrüfat xərcləri 49169 manat, universitetin yataqxanasının bir hissəsində cari təmir 119469 manat, kommunal və kommunikasiya işləri 15692 manat təşkil edib.

Bu ilin hələlik 6 ayında ADU üzrə 2028859 manat tender yolu ilə xərclənib. 972713 manat təmirə, 416820 manat avadanlıq və inventar, 259857 manat abadlıq, 234528 manat kommunal xərclərə və s. sərf olunub. Əvvəlki 5 il ərzindəki təmir təkrar-təkrar aparılıb, eyni işlərə böyük vəsaitlər yazılıb. Məsələn, universitetə digər maşın və avadanlıqların alınması 80860 manat, inventar 112000 manat, R.Behbudov 134 ünvanında yerləşən binanın zirzəmisinin cari təmiri 136350 manat, həmin tədris korpusunun 1-2-ci mərtəbələrində cari təmir 91719 manat, korpusun 3-4-5-ci mərtəbələrində cari təmir 97447 manat, yenə həmin ünvanda əsas binanın 5-ci mərtəbəsində cari təmir 35405 manat,universitetin Təbriz küçəsi 49 ünvanında yerləşən bir nömrəli tədris korpusunun cari təmiri 58350 manat, yenə həmin korpusun cari təmir işləri 57781 manat, iki nömrəli tədris korpusunun cari təmiri 104995 manat, təkrar iki nömrəli tədris korpusunun cari təmiri 151166 manat, R.Behbudov 134 və Təbriz 49 ünvanlarında abadlıq 99987 manat, hər iki ünvanda kommunal və kommunikasiya xidmətləri 99980 manat, Təbriz küçəsi 49 ünvanında təkrar abadlıq işləri 34920 manat, yenə Təbriz küçəsi 49 ünvanında kommunal-kommunikasiya işləri 14598 manat, orada yeməkxananın cari təmiri 119700 manat, həmin ünvandakı əsas tədris korpuslarında və həmçinin yeməkxanada kommunal-kommunikasiya xidmətləri 58800 manat, R.Behbudov küç 134 ünvanında əsas korpusun yeməkxanasının cari təmiri 119800 manat, korpusdakı yeməkxana və tələbə tədris mərkəzlərində kommunal xidmətlər 61150 manat, digər maşın və avadanlıqlar 33580 manat, dəftərxana və təsərrüfat malları 49866 manat, abadlaşdırma 88370 manat, Şərifzadə küç 4 ünvanında yerləşən tələbə yataqxanada abadlaşdırma 36580 manat, avadanlıqlar 71480 manat, digər maşın və avadanlıqlar 118900 manat olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR