Tovuzda “taxıl böcəyi”nə qarşı kimyəvi mübarizə tədbirləri görülür

Tovuzda “taxıl böcəyi”nə qarşı kimyəvi mübarizə tədbirləri görülür
10:43 22 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 22 dekabr, AZƏRTAC
Tovuzda taxıl sahələrinə ziyan vuran “taxıl böcəyi”nə qarşı kimyəvi mübarizə tədbirləri aparılır. Payız aylarında aktivləşən bu ziyanvericilərə qarşı vaxtında tədbir görülməzsə, taxılın məhsuldarlığı 70-80 faiz aşağı düşə bilər. Rayon Bitki Mühafizə Mərkəzi əməkdaşları tərəfindən dekabrın sonuna qədər taxıl sahələrində kimyəvi mübarizə tədbirləri davam etdiriləcək. Bunun üçün kifayət qədər preparat və texnika ayrılıb.
Fermer Kəmaləddin Məmmədov AZƏRTAC-a bildirib ki, Bitki Mühafizə Mərkəzinə taxıl sahələrində onlara məlum olmayan ziyanverici tərəfindən yeni cücərən bitkinin yaşıl hissəsinin zədələndiyi barədə məlumat verib. Mərkəzin əməkdaşlarının sahələrdə apardıqları yoxlamalar zamanı məlum olub ki, taxılı yararsız hala salan bu ziyanverici “taxıl böcəyi” və onun sürfələridir. Fermerlərin çoxunun bu böcək barədə məlumatsız olduğunu nəzərə alaraq xidmətin əməkdaşları onları bu haqda məlumatlandırıb. Belə ki, yetkin forması qara rəngdə, sürfələri çirkli ağ rəngdə olan və əsasən taxıl sahələrində yaz, yay və payız aylarında aktivləşən “taxıl böcəyi” və onların sürfələri əsasən gecələr fəaliyyətə keçirlər.
Tovuz Bitki Mühafizə Mərkəzinin rəisi Lalə Şamilova bildirib ki, yoxlamalar zamanı 4 min hektardan çox ərazidə “taxıl böcəyi”nin sirayətləndiyini müəyyən ediblər. Artıq 2 min hektar sahədə kimyəvi dərmanlama işi aparılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən dövlət büdcəsi hesabına lazımi miqdarda preparatlar və digər vasitələr göndərilib. Hazırda müəyyənləşən marşrut üzrə fermerlərin taxıl sahələrində kimyəvi mübarizə tədbirləri davam etdirilir.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzda_taxil_boceyine_qarsi_kimyevi_mubarize_tedbirleri_gorulur-913166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR