“Türkvizyon 2015”in qalibi Qırğızıstan təmsilçisi olub

“Türkvizyon 2015”in qalibi Qırğızıstan təmsilçisi olub
11:58 22 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
İstanbulda keçirilən “Türkvizyon 2015” mahnı müsabiqəsinin qalibi Qırğızıstan təmsilçisi Jideş İdrisova olub. Yarışmada 2 və 3-cü yerləri Qazaxıstan və Türkiyə təmsilçiləri bölüşüblər.
AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsində Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, müsabiqənin baş koordinatoru İslam Bağırov və digər rəsmi şəxslər, yarışmanın türk dünyasının birliyi və mədəni dəyərlərinin təbliği baxımından əhəmiyyətindən söz açıblar. Açılış mərasimində çıxış edənlər “Türkvizyon” kimi mötəbər müsabiqənin ənənəyə çevrilməsindən məmnun olduqlarını bildirib və bunun davamlı olaraq keçirilməsini arzulayıblar.
“Türk Müzik Birliyi” (TMB Tv) telekanalının təşkilatçılığı ilə Türkiyədə reallaşan 3-cü “Türkvizyon 2015” mahnı müsabiqəsində 21 ölkənin türkdilli təmsilçiləri iştirak edib. 20-dən çox ölkədə 120 telekanal vasitəsilə canlı yayımlanan “Türkvizyon 2015”in final mərhələsində iştirakçılar arasında gərgin mübarizə yaşanıb. Müsabiqənin sonunda münsiflər heyətinin iştirakçıların ifa, səhnə mədəniyyəti və performansları üzrə qiymətləndirmələri dinlənilib.
Azərbaycanlı təmsilçi Mehman Tağıyev bu mübarizədə 7-ci yerdə qərarlaşıb. “Türkvizyon 2015”-in final mərhələsində bu il ilk dəfə reallaşdırılan “Bala Türkvizyon 2015”in “Qızıl səs” mükafatçıları olan Qazaxıstan və qırğızıstanlı balacalar münsiflər heyəti tərəfindən xüsusi olaraq mükafatlandırılıb.
Qeyd edək ki, “Türkvizyon” beynəlxalq mahnı müsabiqəsi ilk dəfə 2013-cü ildə Türkiyədə Əskişəhərdə start götürüb, ikinci dəfə isə 2014-cü ildə Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkvizyon_2015in_qalibi_Qirgizistan_temsilchisi_olub-913202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR