Təhsil Nazirliyi "Thomson Reuters" ilə müqavilə imzaladı

Təhsil Nazirliyi "Thomson Reuters" ilə müqavilə imzaladı
12:13 22 Dekabr 2015
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Trend-in məlumatına görə, imzalanma mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq rəqabətqabiliyyətli insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıyır. Nazir bu əməkdaşlığın Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ali təhsil müəssisələri üçün qlobal elmi baza olan “Web of Science®” platformasına və “İnCites™” bazasına çıxış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib və əməkdaşlıq sənədinin imzalanmasını Azərbaycan elmi üçün mühüm hadisə kimi dəyərləndirib.

“Thomson Reuters”in dövlət layihələri üzrə prezidenti Sameh S. Əl-Din Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sameh S. Əl-Din dünyada məşhur elmi platforma olan “Thomson Reuters”ə geniş çıxışın Azərbaycanda elmin inkişafına güclü təkan verəcəyinə, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacağına və yerli tədqiqatçıların nəşrlərinin sayının artacağına ümidvar olduğunu vurğulayıb.

Azərbaycan Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Azərbaycanın təhsil naziri M.Cabbarov və “Thomson Reuters”in dövlət layihələri üzrə prezidenti Sameh S. Əl-Din imzalayıb.

Qeyd edək ki, əməkdaşlıq haqqında müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Thomson Reuters Web of Science®” platformasına (“Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)), eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edəcək.

“Thomson Reuters İnCites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR