Ağcabədidə "Qızıl Payız" gənclərin yaradıcılıq festivalı keçirilib (FOTO)

Ağcabədidə "Qızıl Payız" gənclərin yaradıcılıq festivalı keçirilib (FOTO)
12:23 22 Dekabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Ağcabədi rayonunda “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, festivala Ağcabədi və ətraf rayonlardan olan yüzlərlə istedadlı gənc, rəsmi şəxslər və mədəniyyət sahəsində çalışan insanlar qatılıb.

Festivalı giriş sözü ilə açan Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova bildirib ki, “Qızıl Payız”ın əsas məqsədi müxtəlif regionlarda, eləcə də Qarabağda gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə yeniyetmə və gənclərdə yaradıcılığa kütləvi maraq oyatmaqdır. GTM mütəmadi olaraq, ayrı-ayrı regionlarda yaradıcılığa həsr olunmuş tədbirlər təşkil edir, istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün proqramlar reallaşdırır. Bu festival isə axtarışında olduğumuz və tapdığımız istedadlı qarabağlı gənclərin yaradıcılığının təqdimat mərasimidir.

O bildirib ki, festival Ağcabədi rayonundan öncə Gəncə və Mingəçevir şəhərlərində keçirilib. Sözügedən festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulub, festival iştirakçısı olmaq istəyən gənclər üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən yaradıcılıq təlimləri keçirilib. Dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gəncin öz bacarıqlarını inkişaf etdirmələri, özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün imkanlar yaradıb. Dərnəklərdə gənclər yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda özlərinin şəxsi inkişafları, təşəbbüskarlıqlarının artırılması, komanda ilə işləmək üçün müxtəlif təlimlər keçib, oyun və müsabiqələrdə iştirak ediblər.

Daha sonra qonaq qismində iştirak edən şəxslər çıxış edib, festivalın əhəmiyyəti, dövlətin bu sahədə gördüyü işlər, əldə olunmuş nailiyyətlər barədə iştirakçıları məlumatlandırıblar. Onlar bu festival vasitəsilə daha çox istedadlı gəncin meydana çıxmasına şərait yarandığını qeyd edərək bildiriblər ki, GTM-in bu təşəbbüsü regionda yaradıcı gənclərə böyük stimul verəcək və onların sırasını genişləndirəcək.

Rəsmi açılış mərasimi bitdikdən sonra səhnə yaradıcı gənclərin ixtiyarına verilib. Onlar yaradıcılığın müxtəlif sahələrində (muğam, teatr, rəssamlıq, musiqi, ədəbiyyat və s.) bacarıqlarını nümayiş etdirib, öz istedadlı çıxışları ilə qonaqların könlünü oxşayıblar.

Festival həm açıq havada, həm də qapalı zalda keçirilib. İlk növbədə, açıq havada yaradıcı gənclərin hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirilib, qonaqların fikirləri öyrənilib. Daha sonra gənclərin teatr səhnələri, musiqi nömrələri təqdim olunub, rəqslər və digər yaradıcılıq nümunələri nümayiş etdirilib.

Festivalın sonunda iştirak edən hər bir gəncə Mərkəzin diplomları təqdim edilib və onlar mükafatlandırılıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2472536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR