Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mağazalar satışdan imtina etdi (FOTO)

Mağazalar satışdan imtina etdi (FOTO)

Date: 22 December 2015 13:26

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar nəticəsində dolların məzənnəsinin 1,5511 manat miqdarında müəyyən edilməsi paytaxtın ictimai iaşə obyektlərində çaxnaşmaya səbəb olub.

ANS PRESS əməkdaşlarının paytaxt mağazalarında apardığı araşdırmalar nəticəsində məlum olub ki, əksər ərzaq, məişət və elektrotexnika, telefon mağazaları satışdan imtina edib və mağazalar öz fəaliyyətini dayandırıb.

Ərzaq mağazalarının sahibləri satışı dayandırmalarına səbəb kimi, dolların kursunun hər gün yüksəlməsini göstərirlər. Nizaməddin adlı mağaza rəhbəri bildirdi ki, bu bir neçə gün kritik dönəmdir və buna görə satışı dayandırıb: "Düşünürəm ki, dünən dolların qalxmasından sonra 1 manata satdığım məhsul gələcək bir neçə gün ərzində 1 manatdan daha baha olacaq. Ona görə də gözləmə mövqeyini seçmişəm".


Bağlı ərzaq mağazalarından biri

Ərzaq satışı ilə məşğul olan və hazırda fəaliyyət göstərən mağazalarda isə qiymət artımı açıq şəkildə müşahidə edilirdi. Bunu satıcılar özləri də etiraf edirlər. Böyük supermarketlərdən birinin satıcısı təkcə kiloqramı 10 manat olan kolbasada 1 manatdan artıq artım olduğunu bildirdi: "Demək olar ki, bütün ərzaq məhsullarının qiyməti artıb. Ancaq hazırda bəzi şirkətlər məhsul verməkdən imtina ediblər. Ona görə də alimizdə olan malları satırıq".

Əllərində olan məhsulları dolların yüksəlməsindən əvvəl aldıqları halda, hazırda nə üçün baha satdıqları sualına isə satıcının cavabı belə oldu:"Qiymətin artırılması bizim səlahiyyətimizdə deyil. Rəhbərlik nə qiymət qoyur , onunla da satırıq".


Bağlı ərzaq mağazalarından biri


Oxşar hal elektrotexnika mağazalarında da müşahidə edilir. Paytaxtda tanınmış elektotexnika mağazalarının əksəriyyəti satışı dayandırıb. Hazırda həmin mağazaların bəzilərinin qapıları açıq olsa da, satıcılar sadəcə ödənişləri qəbul etdikərini bildirirlər:

"Düzdür mağazamız hazırda açıqdır. Ancaq yalnız kredit ödənişlərini qəbul edirik. Rəhbərlik satışı dayandırmağımızı tapşırıb. Nə zaman bərpa ediləciyini də bilmirik", -deyə məhşur elektrotexnika mağazasının satıcısı bildirdi.

Diqqət çəkən bir məqam isə ictimai iaşə obyektlərinin pəncərəsinə yapışıdırılan endirim yazılarının sökülməyə başlaması idi.


Endirim yazısı sökülür

Telefon mağazaları ilə bağlı ən diqqət çəkən məqam isə, ölkənin öndə gedən mobil cihaz satan mağazaların rəsmi internet saytlarının bağlı olmasıdır. Hazırda aparıcı telefon mağazalarının əksəriyyətinin rəsmi internet saytları işləmir. Saytların girişində isə "Saytımız təmir məqsədilə bağlanıb. Tezliklə yenidən istifadənizə veriləcək" yazıları yer alıb. Həmin telefon mağazaları da satışdan imtina ediblər.


Bağlı telefon mağazalarından biri

İctimai iaşə obyektlərində süni qiymət artımı ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi də məlumat yayıb.

Bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib.



Xatırladaq ki, ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.

Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə - 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5511 manatdır.

Ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib.

Dolların yüksəlməsindən bir neçə dəqiqə sonra qiymətlərin qalxması süni xarakter daşıyır. Çünki ABŞ valyutası məhz dünən daha çox dəyər qazandı. Həmin anda isə bütün qiymət artıranlar məhsulları bahalaşdırdılar. Daha çox qazanmaq istəyi təəssüf ki, bəzi işbazların qiymətləri süni şəkildə artırmasın gətirib çıxarıb . Ona görə də dövlət qurumları bu sahəyə nəzarəti gücləndirməlidirlər.






Bağlı obyektlərdən bir neçəsi


Tags:  Mağazalar satışdan imtina etdi FOTO


RƏYLƏR


Top news