Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda taksi sürücülərinə qarşı tələblər sərtləşdirildi

Azərbaycanda taksi sürücülərinə qarşı tələblər sərtləşdirildi

Date: 22 December 2015 13:28

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması fəaliyyəti “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli fərmanına əsasən lisenziyalaşdırma sahəsində müəyyən ediləcək yeni qaydalar nəzərə alınmaqla həyata keçiriləcək.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı məzmunda 14.2.8-1-ci maddə əlavə edilir:

“14.2.8-1. taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə.”.

15.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir və müvafiq xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir.”.

Aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

“Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir.”.

27.2-ci maddədə (yaşı) “19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan” sözləri “21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən” sözləri ilə əvəz edilir.

27.3-cü maddədə aşağıdakı məzmunda ikinci – dördüncü cümlələr əlavə edilir:

“Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir.”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda taksi sürücülərinə qarşı tələblər sərtləşdirildi

RƏYLƏR


Top news