Kartof toxumçuluğunda yeni sistemin tətbiqi idxaldan asılılığı azaldacaq

13:48 22 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Bakıda FAO-nun texniki dəstəyi ilə reallaşan “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılması” layihəsinin başa çatmasına həsr olunan yekun seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və onun müvafiq zona təcrübə stansiyalarının, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, eləcə də FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir və digər əməkdaşlar iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarı açan KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov 2013-cü ildən Azərbaycanda həyata keçirilən layihənin əsas məqsəd və vəzifələrindən, həmçinin toxumçuluq sektoruna verdiyi töhfədən bəhs edib. Bildirilib ki, layihənin əsas məqsədi müasir kartof toxuma kulturası laboratoriyasını yaratmaqla virussuz kartof toxumçuluq sisteminin hazırlanması və kartofçuluqla məşğul olan fermerlərin sağlam kartof toxumuna olan tələbatının yerli istehsal hesabına ödənilməsidir. Layihənin nəticəsi olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda biotexnologiya laboratoriyası yaradılıb və müasir avadanlıqla təmin edilib. İnstitutda yaradılmış şərait toxuma kulturası texnologiyasının tətbiqi ilə kartof yumrularının alınmasına və sürətlə çoxaldılmasına imkan verir.
Layihə çərçivəsində, həmçinin Almaniya və Hollandiyadan gətirilmiş 19 məhsuldar kartof sortunun 3 aqroekoloji zonada sınağı həyata keçirilib və yerli şəraitə uyğun gələn məhsuldar sortlar seçilərək Dövlət Reyestrinə daxil edilmək üçün Dövlət Sort-Sınaq Komissiyasına təqdim edilib.
Kadr hazırlığı da layihənin əsas hədəflərindən biri olub. Məlumat verilib ki, layihə çərçivəsində tədqiqatçılar və mütəxəssislər üçün toxuma kulturası metodlarının tətbiqi, laboratoriya şəraitində virusların təyin edilməsi, sınaq nəticələrinin differensial təhlili mövzularında təlim kursları təşkil edilib və yerli kadr heyətinin potensialı artırılıb.
FAO-nun nümayəndəsi Mustafa İmir layihə çərçivəsində qazanılan uğurlu nəticələrdən danışıb, ölkəni əhatə edəcək xəstəliklərdən azad kartof toxumu istehsalı sisteminin yaradılması ilə əlaqədar investisiya layihəsinin hazırlandığını diqqətə çatdırıb.
Seminarda müxtəlif mövzularda təqdimatlar edilib. Vurğulanıb ki, yaradılmış kartof toxumçuluğu sistemi ölkənin kartof toxumuna olan ehtiyacının yerli istehsal hesabına ödənilməsinə ciddi töhfə verəcək və idxaldan asılılığı azaldacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kartof_toxumchulugunda_yeni_sistemin_tetbiqi_idxaldan_asililigi_azaldacaq-913257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR