“Düzgün cavab” Azərbaycan və Rusiya gənclərini birləşdirdi

“Düzgün cavab” Azərbaycan və Rusiya gənclərini birləşdirdi
14:58 22 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 22 dekabr, AZƏRTAC
Moskva Gənclər Parlamentarizmi Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş “Düzgün cavab” intellektual turniri keçirilib. Tədbirin təşkilatçıları Moskva Gənclər Parlamentarizmi Mərkəzi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) və O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubu, turnirin aparıcısı isə məşhur bilici, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əsgərov idi.
Moskva Gənclər Parlamentarizmi Mərkəzinin nümayəndəsi Sergey Martınov turnir iştirakçılarını salamlayaraq komandalara uğurlu oyun arzulayıb və qeyd edib ki, bu cür tədbirlər Rusiya və Azərbaycan gəncləri arasında dostluğun möhkəmlənməsinə xidmət edir. S.Martınov RAGB ilə əməkdaşlığı bundan sonra da davam etdirməyə və müştərək layihələr həyata keçirməyə hazır olduğunu bildirib.
RAGB idarə heyətinin üzvü Emin Hacıyev RAGB sədri Leyla Əliyevanın turnir iştirakçılarına salamını çatdırıb. O deyib: “RAGB sədri Leyla Əliyeva tərəfindən qarşımıza qoyulmuş vəzifələrdən biri Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasını dəstəkləməkdir. Bununla əlaqədar, Moskva Gənclər Parlamentarizmi Mərkəzi ilə əməkdaşlıq etmək çox faydalıdır. RAGB yaxın vaxtlarda Rusiya və Azərbaycan gənclərinin yaxınlaşmasına yönəlmiş birgə layihələr həyata keçirilməsi barədə təkliflərlə çıxış edəcək”.
O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubunun sədri Əli Əliyev turnirin keçirilməsini dəstəklədiyinə görə RAGB sədri Leyla Əliyevaya, həmçinin komandalara oyuna göstərdiyi marağa görə təşəkkürünü bildirib.
Turnirdə Moskvanın aparıcı ali məktəblərinin rusiyalı və azərbaycanlı tələbələrindən ibarət komandalar iştirak edib. Bir neçə saat davam edən intellektual mübarizədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Atropat” komandası qalib gəlib. İntellektualların gərgin mübarizəsinin finalında bu komanda RF Hökuməti yanında Maliyyə Universitetinin “Finansistı” komandasından üstün olduğunu sübut edib.
Qaliblərə RAGB-ın İntellektual kuboku təqdim edilib.
Turnir iştirakçıları müxtəlif nominasiyalarda fərqləndirilib: “Dünyanı gözəllik xilas edəcək” nominasiyasında – Aytən Məmmədova (Plexanov adına Rusiya İqtisad Universitetinin “Plexanovtsı” komandası); “Zəka aydınlığı və çevikliyi” nominasiyasında – Qabil Əbdülrəhmanzadə (RF Hökuməti yanında Maliyyə Universitetinin “Finansistı” komandası); “Qərarların müdrikliyinə görə” nominasiyasında – “Deti Femidı” komandası (O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyası); “Qələbə əzminə görə” nominasiyasında – “The Vışka” komandası (Ali İqtisad Məktəbi).
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Atropat” komandasının üzvü Ruslan Süleymanov turnirin ən erudisiyalı iştirakçısı hesab olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Duzgun_cavab_Azerbaycan_ve_Rusiya_genclerini_birlesdirdi-913285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR