Muxtar respublikada nağdsız ödənişlərin həcmi artıb

Muxtar respublikada nağdsız ödənişlərin həcmi artıb
15:08 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 22 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Nurlan Əliyev nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərdən danışıb.
Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində Vergilər Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir. Təkcə 2014-cü ildə elektron ödəniş vasitələrindən istifadə edərək ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 223 nəfərə 20 min manatlıq hədiyyə verilib. Bu ilin birinci yarısında muxtar respublika üzrə 200 vətəndaşa 10 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov nağdsız ödənişlərin üstünlükləri və bu sahədə bank orqanlarının apardıqları stimullaşdırıcı tədbirlər barədə məlumat verib. Qeyd edib ki, əgər 2014-cü ildə muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 12 milyon 513 min manat, o cümlədən Naxçıvan şəhəri üzrə 8 milyon 536 min manat təşkil edirdisə, 2015-ci ilin on bir ayında muxtar respublika üzrə bu göstərici 16 milyon 640 min manat olub. Bunun da 9 milyon 13 min manatı Naxçıvan şəhərinin payına düşüb. Cari ilin yanvar-noyabr aylarında muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 9 milyon 778 min manatı POS-terminallar üzərindən, 6 milyon 861 min manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev çıxış edərək “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslər və hədiyyələrin müəyyən edilməsi haqqında qısa məlumat verib. Bildirilib ki, vergi və bank orqanlarının əməkdaşlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin dördüncü tirajında hədiyyə qazanmış şəxslərin sayı muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə 198, o cümlədən Naxçıvan şəhəri üzrə 42 nəfər müəyyən olunub.
Komissiya tərəfindən bank orqanlarından 2015-ci il iyulun 1-dən 2015-ci il dekabrın 1-dək nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar əldə edilib.
Sonra Naxçıvan şəhər sakini olan 42 nəfərə müxtəlif hədiyyələr təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_nagdsiz_odenislerin_hecmi_artib-913291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR