Lisenziyalaşmanın ləğv olunması o demək deyil ki...

Lisenziyalaşmanın ləğv olunması o demək deyil ki...
15:42 22 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə lisenziyaların ləğv olunması müsbət addımdır.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov prezident İlham Əliyevin fərmanı ilə ölkədə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahələrinin lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılmasını şərh edərkən deyib.

Ekspertin fikrincə, müsbət tərəf ondan ibarətdir ki, bundan sonra avtobusla, taksi ilə sərnişindaşıma, eləcə də yük avtomobilləri ilə yükdaşıma fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə bunun üçün lisenziya almaq lazım olmayacaq, çoxsaylı sənədləri toplayıb inzibati orqana gedib vaxt itirməyəcək və buna görə tələb olunan rüsum ödəməyəcəklər.

Amma hüquqşünas onu da vurğulayıb ki, lisenziyalaşmanın ləğv olunması o demək deyil ki, bu sahədə kim necə istədi, harda və necə gəldi məşğul ola bilər: "Qanunvericilikdə istər taksi, avtobus və yük avtomobilləri, istərsə də onların sahibləri və sürücülərinə qarşı kifayət qədər sərt şərtlər yer alıb və onlara mütləq riayət olunmalıdır. Onların hamısı vergi ödəyicisi kimi mütləq uçota durmalı, fərqlənmə nişanı almaq şərtilə vergiləri vaxtında sadələşdirilmiş qaydada ödəməli, həmçinin Dövlət Sosial Müdafiə Fonduna ödəmələr etməlidirlər.

Bundan əlavə, avtobuslarla sərnişindaşıma sahəsi elədir ki, orada konkret marşrut xətləri olmalı, onlar müvafiq qurumlarla razılaşdırılmalıdır. Yəni "mənim avtobusum varsa, hansı rayona istəyirəm sərnişin daşıyıram" deyə bir şey yoxdur. Konkret vağzallarla müqavilə olmalıdır. Marşrut sxemi olmalıdır, avtobuslar və sürücülər tələblərə cavab verməlidir, sürücülər mütəmadi tibbi, avtobus isə texniki müayinədən keçməlidir, texnika saz vəziyyətdə olmalıdır və s. Yükdaşıma ilə məşğuldursa, avtomobil texniki cəhətdan yararlı olmalıdır, daşınan yüklər kommersiya xarakterlidirsə, onların sənədləri olmalıdır. Yəni bu sahədə vəziyyət həm şəffaflaşır, həm də sadələşir. İndi əsas məsələ odur ki, görək real həyatda necə icra olunacaq?"

Qeyd edək ki, dünən prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.

Prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"ndə əksini tapıb.

Xatırladaq ki, indiyədək şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası), beynəlxalq və taksi minik avtomobilləri ilə sərnişin daşımaları, həmçinin ölkədaxili yük daşımaları üçün 150 manat, beynəlxalq yük daşımaları üçün isə 200 manat dövlət rüsumu ödənilərək lisenziya alınırdı.
 
İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR