Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Dedilər ki, büdcə çox aşağıdı...” - Rahid Əmirquliyev

“Dedilər ki, büdcə çox aşağıdı...” -   Rahid Əmirquliyev

Date: 22 December 2015 15:42

Rahid Əmirquliyevin “Xəzər Lənkəran”dan ayrılması heç də birmənalı qarşılanmayıb. Onun cənub təmsilçisini tərk etməsi artıq klubda vəziyyətin daha ağır olduğunun göstəricisi idi. Görəsən, “Xəzər Lənkəran”ı niyə bu addımı atdı? Millimizin yarımmüdafiəçisi “ağ-yaşıllar”la yollarına ayıran kimi təkliflər almağa başladı. Onun seçimi isə “Qarabağ” oldu. Dünən rəsmi müqaviləyə imza atan futbolçu ilk müsahibəsini “Qafqazinfo”ya verib. Həmin müsahibəni təqdim edirik.

- Başqa təklif olsa da, “Qarabağ”ı seçdiniz. Bunun səbəbi nə idi?
- Bilirsiz, hər bir futbolçu karyerasının daha zəngin, daha uğurlu olmasını istəyir. Bu baxımdan mənim üçün “Qarabağ” daha yaxşı variant idi. Heç vaxt Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsində oynamamışam. Mən də istəyirəm belə turnirlərdə çıxış edim. Ona görə də seçimim belə oldu. Ümid edirəm ki, burda daha yaxşı karyera quracam.

- Bilirsiz, o sualı niyə verdim? Çünki hazırda “Qarabağ”da sənin oynayacağın mövqedə rəqabət çox güclüdür. Ən azından Riçard Almeyda və Qara Qarayev uzun müddətdir burda çıxış edirlər. Üstəlik də Azərbaycan çempionatında limit var. Başqa seçim daha yaxşı olmazdımı?
- İlk növbədə, rəqabət olan yerdə futbolçu da daha məsuliyyətli olur. Mən bilirəm ki, Riçard Almeyda və Qara Qarayev hansı keyfiyyətlərə malik futbolçulardır. Onlarla rəqabət heç zaman asan olmayacaq. Həm də limit məsələsinə görə, Coşqun Diniyev və Vüqar Mustafayev də var. Amma bütün bunlara baxmayaraq hər şeyə hazıram. Özümü heç kimdən zəif saymıram və gücümə inanıram.

- Təkliflər arasında “Riyeka”, “Qəbələ” və “Qarabağ”dan başqa kim var idi?
- “Neftçi”. Amma “Qarabağ” daha yaxşı variant oldu və bu klubla müqavil bağladım. Fikrimcə, düzgün qərar vermişəm.

- Yəqin ki, xaricə getmədiyinizə görə qınaq obyekti olduğunuzu bilirsiz?
- Bu normaldır. Amma hər kəs məni də anlamalıdır. Şəxsi problemlərim var idi. Bu problemlər səbəbindən gedə bilmədim. Təbii ki, hər bir azərbaycanlı futbolçu xaricdə ölkəsini təmsil etmək istəyər. Lakin elə şeylər var idi ki, onlara görə məcbur burda qalmağa qərar verdim.

- Xorvatiya klubunun sənə təklif göndərməsində millimizin baş məşqçisi Robert Prosineçkinin rolu olduğu bildirilirdi...
- Yox, düşünmürəm ki, belə bir şey olsun. Onlar sadəcə məni görüb bəyənmişdilər və təklif göndərmişdilər. Klubun meneceri menecerimlə danışıb və bildirib ki, Rahidi komandamızda görmək istəyirik.

- Mümkündür ki, Azərbaycan – Xorvatiya oyununu izləyiblər?
- O da ola bilər.

- İndi isə “Xəzər Lənkəran” haqqında. 10 il bu klubun şərəfini qorudun. İstənilən vəziyyətdə sən oranı tərk etməmişdin. Bəs, indi nə oldu?
- Bu dəfə rəhbərlik məni çağırdı və bildirdi ki, biz istiqamətimizi dəyişirik. Bundan sonra ancaq gənclərlə oynayacağıq. Ona görə də sizinlə yolları ayırmalıyıq. Bilirsiz ki, gənc futbolçularla heç nə qazanmaq olmaz. 6 aydır ki, 9-cu pillədə idik. Həm də uzun müddət idi ki, maaş almırdıq. Ayrılmağımın əsas səbəbi rəhbərliyin “istiqamətimizi dəyişirik” deməsi idi.

- Ötən mövsüm də komandada islahatlar olmuşdu və təcrübəli futbolçulara daha az maaşa oynamaq təklif olunmuşdu. Yenə belə söhbət oldu?
- Mənə dedilər ki, komandada qala bilərsən. Amma bu qədər maaşsız da olmazdı. Rəhbərlik bildirdi ki, karyeran üçün getməlisən. Mən də razılaşdım. Həm də dedilər ki, gələcəyin komandasını qururuq. Pul məsələsi də oldu. Dedilər ki, büdcə çox aşağıdır. Bu vəziyyətdə alınmayacaq.

- 9 ayın maaşını almamısınız. Bu pullar ödəniləcək?
- Düzdür, dekabrla birlikdə 9 ayın maaşını almamışıq. Bu pullar ödənməyəcək. Biz razılaşdıq o pullarla bağlı. Onlar mənə azad agent statusu verdilər, mən də 9 aylıq maaşımı istəməyəcəm və şikayət də etməyəcəm.

- Rəhbərlik sizə pul olmayacağı ilə bağlı desə də, mətbuatda yeni transferlər olunacağı haqqında söz-söhbətlər var...
- Mənə də maraqlıdır ki, bu transferlər necə olacaq, nə ilə olacaq? Hansı pullarla transfer edəcəklər?

- Yunis Hüseynov da bildirib ki, 15 yeni futbolçu olmasa, gedəcək...
- Yunis müəllim də istəyir ki, yaxşı komanda yaransın. “Xəzər Lənkəran” həmişə iddialı olub. Ona görə də Yunis Hüseynov futbolçu istəyir. Başqa məşqçi də olsaydı, eyni şeyi istəyərdi. Amma inanmıram ki, bu mövsümün sonuna qədər XL yeni transferlər eləsin. Bu heç inandırıcı deyil.

- Mövsümün sonunda yenilik olacağına ümid var?
- Ola bilər. Yəqin ki, dəyişərlər.

- Azərbaycanın ən varlı komandasının bu günlərə düşməsinə səbəb nədir?
- Həmişə güclü və iddialı idik. Bu mövsümün əvvəlində də Yunis Hüseynov pis komanda yığmamışdı. Ən azından 2-3-cü yerlər üçün oynaya bilərdik. Heyətdə yaxşı futbolçular var idi. Sadəcə FİFA-nın məlum qadağası problem yaratdı. Oyunçular getdi.

- İndiki gənclərin maaşını verə bilməyən rəhbərlik həmin futbolçulara hansı pulları ödəyəcəkdi?
- Yəqin ki, pulları var idi, o futbolçuları yığmışdılar.

- Həmin futbolçular komandada olanda maaş alırdınız?
- Düzdür, gecikmələr olurdu. Amma alırdıq. Rəhbərlik də deyirdi ki, yaxşı olacaq.

Fanat.az

Tags:  Dedilər büdcə çox aşağıdı Rahid Əmirquliyev

RƏYLƏR


Top news