Prezident İlham Əliyev Türkiyə parlamentinin sədrini qəbul edib

Prezident İlham Əliyev Türkiyə parlamentinin sədrini qəbul edib
16:12 22 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı noyabr ayında Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə İsmayıl Qəhrəmanı təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu bildirib. Bu ayın əvvəlində baş nazir Əhməd Davudoğlunun ölkəmizə səfərini xatırlayan dövlət başçısı bunun gözəl ənənə olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana və özünün 2013-cü ildə Prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini məmnunluqla xatırlayıb və bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, dünyada Azərbaycan ilə Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Dövlətimizin başçısı Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük sınaqlardan çıxdığını vurğuladı. Prezident İlham Əliyev bu gün ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq etdiklərini və bir-birinə verdikləri qarşılıqlı dəstək sayəsində daha da gücləndiklərini qeyd etdi. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini də qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin G-20-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirdi və Azərbaycan ilə Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu dedi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirdi. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu təşkilata üzv olduğu ilk vaxtlardan başlayaraq nümayəndə heyətləri arasında sıx əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirdi.
Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayan Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman “Bir millət, iki dövlət” fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu dedi. O, Türkiyə rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etmələrini məmnunluqla vurğuladı. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İsmayıl Qəhrəman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini də vurğuladı. Noyabrın 1-də hər iki qardaş ölkədə parlament seçkilərinin uğurla başa çatdığını deyən İsmayıl Qəhrəman əməkdaşlığın və həyata keçirilən müştərək layihələrimin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söylədi.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-turkiye-parlamentinin-sedrini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR