Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BDU-da Qazax xanlığının yaranmasının 550, Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib

Date: 22 December 2015 16:18

Bakı. Trend:

Bakı Dövlət Universitetində Qazax xanlığının yaranmasının 550 və müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. Trend-in məlumatına görə, əvvəlcə konfrans iştirakçıları Qazaxıstan Respublikasının tarixi və mədəniyyətinə həsr olunmuş kitabların sərgisi və BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzin fəaliyyəti ilə tanış olublar.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayaraq Bakı Dövlət Universitetinin tarixi və bu günü, o cümlədən beynəlxalq əlaqələri və Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından bəhs edib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Qazaxıstan respublikaları arasında qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən rektor bu münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tarixi xidmətlərini xüsusilə vurğulayıb. Çıxışını prezident İlham Əliyevin “XXI əsr türk dünyası əsri olacaq” fikri ilə davam etdirən rektor Abel Məhərrəmov Qazax xanlığının tarixindən, sonralar qüdrətlənərək Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafındakı rolundan, görkəmli qazax yazıçısı Abay Kunanbayevin yaradıcılığından bəhs edib.

Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri cənab Beybit İsabayev konfransa təqdim olunmuş elmi məqalələrdən ibarət "Qazaxıstan xanlığı: mənşəyi, adət-ənənələri və irsi" adlı kitab barədə danışıb.

Sonra tədbirdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, professor Qalimkair Mutanov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Ramil Həsənov, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Xıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib.

Hər iki ölkənin tanınmış elm adamları - İsa Həbibbəyli, Nizami Cəfərov, Bərəkət Karibayev, Bulat Kumekova, Zayniddin Kurmanov və Qaybulla Babayarovun çıxışları maraqla qarşılanıb.

Sonra Əl Fərabi adına Qazaxıstanın Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb, xatirə hədiyyələri təqdim olunub. Tədbirin sonunda Qazax xanlığı haqqında sənədli film və Qazaxıstan Milli Universiteti ilə BDU-nun yaradıcı qruplarının təşkil etdiyi konsert maraqla izlənilib.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfrans çərçivəsində qazaxıstanlı alimlərin tələbə və magistrantlar qarşısında mühazirələri nəzərdə tutulub.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  BDU-da Qazax xanlığının yaranmasının 550 Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib

RƏYLƏR


Top news