Tədris Cərrahiyyə Klinikasında ana və uşaqların sağlamlığına dair maarifləndirici seminar keçirilib

Tədris Cərrahiyyə Klinikasında ana və uşaqların sağlamlığına dair maarifləndirici seminar keçirilib
16:33 22 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Ana və uşaqların sağlamlığı" mövzusunda maarifləndirici seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin 2015-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planına uyğun keçirilən tədbirdə "Diridoğulmanın beynəlxalq meyarlarının tətbiqi" ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə dair məlumatlar səsləndirilib.
Seminarda açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov bildirib ki, uşaq və yeniyetmələrin sağlamlığı ilə bağlı məsələlər Azərbaycanda hər zaman aktualdır: “Bu məsələ dövlətimizin daim diqqət mərkəzindədir. Bu istiqamətdə onlarla qanun və qərar qəbul olunub, ölkə başçısı İlham Əliyev tərəfindən 2013 və 2014-cü illərdə iki çox önəmli sənəd - “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub”.
N.Bayramov qeyd edib ki, ana və uşaqların sağlamlığının qorunması sahəsində çalışan həkim və orta tibb işçilərinin davamlı tibbi təhsilinin (təlimlərin və klinik təcrübələrin) həyata keçirilməsi, tibbi təhsil sahəsində tədris proqramlarının diridoğulmanın beynəlxalq meyarlarına uyğun olaraq təkmilləşdirilməsi çox vacibdir: “Qarşıya qoyulan məqsədlərin reallaşdırılması, təlimlərin təşkili üçün Tədris Cərrahiyyə Klinikasında həm klinik, həm də tədris üçün şərait var. Tibb Universitetinin klinikası olaraq bu proqramın şərtlərinin həyata keçirilməsində aktiv iştirak etməyə hazırıq”.
Daha sonra vurğulanıb ki, ümumilikdə səhiyyə ilə bağlı qəbul edilmiş 10-dan çox Dövlət Proqramının hamısında uşaqların sağlamlıq problemlərinə xüsusi yer ayrılıb. 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub. Səhiyyə Nazirliyinin apardığı ardıcıl və məqsədyönlü işlər nəticəsində uşaq sağlamlığı ilə bağlı bir çox nailiyyətlər əldə edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tedris_Cerrahiyye_Klinikasinda_ana_ve_usaqlarin_saglamligina_dair_maariflendirici_seminar_kechirilib-913333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR