Azərbaycan xalçalarının ensiklopediyası yaradılıb - FOTO

Azərbaycan xalçalarının ensiklopediyası yaradılıb - FOTO
16:37 22 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xalça Muzeyində "Azərbaycan xalçası ensiklopediyası"nın birinci cildinin təqdimatı olub.

Milli.Az xəbər verir ki, müəllifi sənətşünaslıq doktoru, professor Röya Tağıyeva olan ensiklopediya Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yaponiyanın "Japan Tabocco İnternational" şirkətinin birgə layihəsi əsasında nəşr edilib.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev bu istiqamətdə atılan addımları yüksək qiymətləndirərək "Azərbaycan xalçası ensiklopediyası"nın birinci cildinin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Vurğulanıb ki, zəngin tarixə malik Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan xalçaları tarixən bütün dünyada məşhur olub, bəşər mədəniyyətinə və mədəni irsinə böyük təsir göstərib. Bu gün xalçalarımız dünyanın tanınmış muzey və sərgilərində nümayiş olunur.

F.Babayev bildirib ki, Azərbaycanda xalçaçılıq ənənələri qorunur və xalça sənəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu sahədə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da mühüm işlər görür. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan xalçaları" kolleksiyasının nəşr olunması, Azərbaycan xalçaçılıq sənətinin dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələr bu işlərin tərkib hissəsidir.

Milli Məclisin deputatları Elman Nəsirov, Adil Əliyev Jalə Əliyeva çıxış edərək ensiklopediyanın birinci cildinin nəşrini yüksək qiymətləndiriblər. Çıxışlarda qeyd edilib ki, maddi-mənəvi sərvətimiz olan xalçaçılıq sənəti dövlətin diqqət və qayğısı sayəsində qorunur, yaşayır və inkişaf edir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanıb.

Ensiklopediyada Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsi kimi təqdim olunur. Burada xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, onların hazırlanması texnologiyası, naxış və rəmzlərin mənşəyi ilə yanaşı, tarixi əhəmiyyət kəsb edən xalçalar haqqında məlumatlar toplanıb.

Nəşrdə, həmçinin xalçaların kolorit əlvanlığı, özünəməxsus kompozisiyası, Azərbaycan xalçaçılıq məktəbləri haqqında məlumat və şərhlər də verilib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR