Piştaxtaları boşalıb - yeni məhsullar yeni qiymətlərlə gələcək

Piştaxtaları boşalıb - yeni məhsullar yeni qiymətlərlə gələcək
17:05 22 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gündən etibarən dolların bahalaşması gündəmi zəbt edib. Əhalini daha çox ərzaq məhsullarının satışında yaranan problemlər narahat edib.

Məsim Abadov, iqtisadçı ekspert: "Gözlənilən zərbədir. Bu qəflətən olan zərbə deyil. Elementar təhlil qabiliyyəti olan adam bilir ki, artıq külək hardan əsməyə başlayıb. Bu, əgər ABŞ kimi dövlətdən əsirsə, eyni zamanda, dünya valyuta ehtiyatlarının 50%-dən artığı dollarla saxlanılırsa, deməli, bunun qalxması labüd idi".

Kəpəz TV (Region TV) xəbər verir ki, iqtisadçı ekspertlər dolların bahalaşmasını labüd hesab edir. Elə bu faktorun təsiri ilə ərzaq mağazalarında yaşanan məhsul qıtlığı və qiymət artımı da hardasa gözlənilən idi. 

Dolların kursunda yaranan bahalaşmanın birbaşa təsir etdiyi sahələrdən biri də ərzaq mağazalarıdır. Devalvasiya nəticəsində qiymətlər bir az da bahalaşdı, bu isə bayramqabağı əhalinin bayram tədarükü qayğısının artmasına səbəb olur. Təhlükəli məqamlardan biri isə bundan ibarətdir ki, artıq mağazalara məhsul paylayan şirkətlər, prosesi dayandırıblar. Bu hal təxminən iki gün də davam etsə, piştaxtalar boş qalacaq.

Bu təhlükə siqnalı artıq bu gündən çalınmağa başlayıb desək, yanılmarıq. Çünki alış-verişə gələn insanların əksəriyyəti mağazanı əliboş tərk edirdi.

Zemfira Salmanova - alıcı: "Alış- verişə gəlmişəm, çox əsəbləşmişəm. Piştaxtalarda heç nə yoxdur. Siqaret yoxdur. Şəkər tozu səbətləri varıydı. Həm yerli, həm də Rusiyanın. Onlar da yoxdur".

Amilə Əliyeva - alıcı: "Yoxdu də.. Məhsul azdımı, götürüblərmi, axşamdanmı alıblar bilmirəm, fakt yoxdur. İstədiyimizi tapa bilməmişik".

Məsələ ilə bağlı mağaza sahibinin də fikrini öyrəndik. Görünən məqam budur ki, mövcud durum sahibkarlara da xeyir etmir. Tükənən məhsulların çeşidlərinə gəlincə isə...

Ceyhun Bayramov - mağaza sahibi: "Yağdı, tütün məmulatlarıdır, spirtli içkilərdir. Yenə spirtli içkilərdən ehtiyatda olanı var, amma tütün məmulatları gördüyünüz kimi yoxdur. İki gündür firmalara müraciət edir ki, gəlib yazsınlar, amma gəlmirlər. Çünki satış dayandırılıb və qiymətlərdə dəyişkənlik olacaq. Heç bir şirkət mal vermir. Ehtiyatlar vardı müəyyən məhsullarda, o da dünən satılıb".

Xatırladaq ki, artıq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Bu kimi hallara yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR