Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ölən jurnalistin döyülmə videosu yayıldı

Bakıda ölən jurnalistin döyülmə videosu yayıldı

Date: 22 December 2015 18:16

Bu ilin avqustunda döyülərək öldürülən jurnalist Rasim Əliyevin döyüldüyü anın videogörüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, videogörüntülərdə Rasim Əliyevin avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları ilə görüşü əksini tapıb.

Kadrlarda əvvəlcə Cavid Hüseynovun qohumu və onun dostlarından ibarət bir neçə nəfərin jurnalistlə söhbət etdiyi görünür. Amma qəfildən həmin gənclərdən biri Rasim Əliyevin sinəsindən güclü təpik zərbəsi vuraraq onu yerə yıxır, daha sonra digərləri də ona qoşularaq jurnalisti təpikləyirlər. Bəzi şəxslərin onları ayırmasından sonra isə Rasim Əliyevin onların əlindən çıxaraq qaçdığı görünür.



Rasim Əliyevin döyüldüyü videogörüntü


Jurnalist Rasim Əliyev bu il avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edirdi. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmiş və orda dünyasını dəyişmişdi. Klinik Tibbi Mərkəzdən onun daxili qanaxma nəticəsində öldüyünü bildirmişdilər.


Yaxınları Rasim Əliyevin cənazəsi başında


16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi.

Rasim Əliyevi ona görə döyüblər ki, o, "Facebook" səhifəsində Cavid Hüseynovu Kiprin "Appolon" komandası ilə Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunundan sonra kiprli jurnalistin ünvanına jestinə görə tənqid edib. Kiprli Caviddən onun nəyə görə oyundan sonra Türkiyə bayrağını götürdüyünü soruşub.

Rasim Əliyevin iddiasına görə, "Facebook"da status yazandan sonra ona telefonla hədə-qorxu gəliblər. Sonra Cavid Hüseynovun özü ona zəng vurub. Onlar kifayət qədər sakit danışıblar və futbolçu ona hərəkətinin səbəblərini izah edib.

Lakin futbolçunun qohumları sakitləşməyib. Onlar Rasimə zəng vuraraq onu çaya dəvət ediblər. Rasim Bayılda baş tutan görüşə gedib. Elə orada 7-8 nəfər jurnalistə hücum edərək onu döyüblər və telefonunu əlindən alıblar.

Cavid Hüseynovsa deyilənləri təkzib edib onun döyülməsinin yalan olduğunu bildirmişdi:

"Facebook"da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil. Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil".



Cavid Hüseynov - "Qəbələ"nin futbolçusu


Fakt üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisə prezidentin xüsusi nəzarətinə götürüldükdən və böyük ictimai rezonans doğurduqdan sonra cinayətin qısa müddətdə açılması təmin edildi.

İstintaq zamanı Rasim Əliyevə məxsus “iPhone-5" markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən şadlıq saraylarından birinin yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.

Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Tags:  Bakıda ölən jurnalistin döyülmə videosu yayıldı


RƏYLƏR


Top news