Əfqanıstan Prezidenti Milli Məclisdə olub

Əfqanıstan Prezidenti Milli Məclisdə olub
18:18 22 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Milli Məclisdə olub.
Əfqanıstan Prezidenti əvvəlcə parlamentin iclas zalları ilə tanış olub. Ali qonaq deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirib.
Sonra Prezident Məhəmməd Əşrəf Qani parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb, xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Prezident Məhəmməd Əşrəf Qani ilə Milli Məclisin sədri Oqtay Əsədov arasında görüş keçirilib.
Milli Məclisin sədri Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin dostluq və tərəfdaşlıq istiqamətində qurulduğunu söyləyib. Oqtay Əsədov yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin münasibətlərinin inkişafına öz töhfəsini verdiyini qeyd edib. Milli Məclisin sədri bildirib ki, Əfqanıstan Prezidentinin ölkəmizə rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verəcək.
Oqtay Əsədov ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu, bu bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib. Milli Məclisin sədri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov ölkəmizin ərazisinin 20 faizinin hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. O, Əfqanıstanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkələrimiz arasında əlaqələrin dostluğa və qardaşlığa əsaslandığını söyləyib. Ali qonaq Azərbaycanı müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda əldə etdiyi böyük uğurlara görə təbrik edib.
Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident Məhəmməd Əşrəf Qani Əfqanıstanın problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkəmizin haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyini deyib.
Əfqanıstan Prezidenti ölkələrimizin qanunverici orqanları arasındakı əlaqələrdən də razılığını ifadə edib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afqanistan_Prezidenti_Milli_Meclisde_olub-913384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR