Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Akademiyanın məsul işçisindən ŞOK YAZI: Xəzərdə suitilər yox olur

Akademiyanın məsul işçisindən ŞOK YAZI: Xəzərdə suitilər yox olur

Date: 22 December 2015 18:34

Xəzər suitilərinin tükənmə təhlükəsi yaranıb. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan məlumat verilib. Bildirilir ki, son 120 il ərzində tənzimlənməyən ov, çirklənmə və digər amillər səbəbindən bu heyvanların sayı 1 milyondan 104 minə enib. Sözügedən növ 2008-ci ilin oktyabrından etibarən “IUCN” adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sında vəziyyəti “təhlükəli” statusunu daşıyır. Hətta 20 il əvvəl – 1990-cı illərin sonlarında dənizin hər 2 kvadrat kilometrinə 1 suiti düşürdüsə, hazırda hər 4 kvadrat kilometrə 1 suiti hesablanır. Bu arada İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, elmi jurnalist Səid Hüseynov Xəzəryanı ölkələrdən əlavə, İngiltərə, Niderland və Yaponiya alimlərinin məsələyə dair uzunmüddətli tədqiqatları əsasında tədqiqatçı-jurnalist araşdırması aparıb. Müəllif alim tədqiqatlarının elmi jurnallarda dərc olunmuş nəticələrini məqalə halında toplayıb və material “Azərbaycan” qəzetinin 20 dekabr 2015-ci il tarixli nömrəsində qısa variantda dərc olunub. Narahatlıq doğuran statistik məlumatlardan ibarət məqalənin tam mətnini təqdim edirik:

 

Xəzər suitisi tükənirmi?

 

Xəzər suitisi (Pusa caspica Gmelin) dənizin yeganə məməlisidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox idi. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə “IUCN” adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı siyahı”sına vəziyyəti “zəif” statusu ilə daxil olub. O zaman dənizin ümumi sahəsində hər 2 kvadrat kilometrə 1 suiti düşürdü. 2008-ci ilin oktyabrında status dəyişərək “təhlükəli” yazısı ilə daha çox həyəcan doğuranda isə bu canlıların sayı cəmi 104 min idi və 4 kvadrat kilometrə 1 suiti hesablanırdı. Bəs bugünkü vəziyyət necədir?

 

Bu suiti növü hazırda Şimal Buzlu okeanın, demək olar, bütün sahillərinə geniş yayılmış halqaşəkilli əcdadlarından (Phoca hispida) törəyib. Milyonlarla illər öncə Xəzər olmayanda Şimal Buzlu okean ilə Paratetis dənizinin arasında intişar tapıb. Beş milyon il bundan əvvəl Paratetis dənizindən qopmuş və bugünkü Qara dəniz, Xəzər və Aral gölündən ibarət olmuş su hövzəsi yaranıb. Sonralar milyon illər ərzində Xəzər həmin qrupdan ayrılıb və planetin ən böyük qapalı su hövzəsinə çevrilib. Hazırda onun ümumi sahəsi 393 min kvadrat kilometrdir və 5 ölkə tərəfindən əhatəyə alınıb.

 

Son genetik tədqiqatlar göstərib ki, Xəzər suitilərinin ən yaxın qohumu inanılmaz dərəcədə çox böyük olan – uzunluğu 3 metr, çəkisi 400 kiloqrama çatan Atlantik boz suitisidir (Halichoerus grypus). Xəzər suitisi isə ən ağır halda 100 kiloqram, ən uzunu 160 santimetr olur.

 

Həyat tərzi

 

Bu heyvanlar dənizdə geniş yayılmış kilkə və digər kiçik balıqlarla qidalanırlar. Yem məqsədi ilə Xəzərin bu başından o başına üzməyi sevən heyvanların bəziləri yem üçün dayaz yerlərdə və ya sahillərdə məskən salır, bəziləri isə hətta 500 metr dərinliklərə baş vurur. Xəzər suitiləri suyun altında 30-45 dəqiqə, imperator pinqvinlər isə cəmi 20 dəqiqədən bir az artıq qala bilir.

 

Suitilər balalamaq üçün hər il qışda məhz şimaldakı buzlu sahillərə toplaşırlar. Buzlarda balalamaq xüsusiyyəti onlara arktik əcdadlarından ötürülüb və ya keçmişdə Xəzərin böyük hissəsini əhatə etmiş soyuq iqlim şəraitindən əmələ gəlib. Onlar yanvarda sərt soyuqlar düşəndə balalarına qovuşmaq səbirsizliyi ilə buzun əmələ gəlməsinə tamaşa edirlər. Sahillər ağaran kimi buzların üstünə hücum çəkirlər. Suya yaxın olsunlar görə çat olan yerləri seçir və ya pəncələri ilə buzu dairəvi formada qazıb suya giriş düzəldirlər. Bu, onların yem əldə etmələri və yırtıcılardan qorunmaqları üçün vacibdir.

 

Xəzər suitiləri Atlantik okean və Baykal gölündəki qohumlarından fərqli olaraq balalamaq üçün yuva qurmurlar. Xəzərdə buzlaqların üzərini yuva qazılacaq qədər qar örtmür. Bir ana mövsümdə cəmi 1 bala verir ki, bu da suitilərin ümumi sayını müəyyənləşdirməyə kömək edir. Həmçinin, bu limit onların nəsil artımına ciddi əngəldir. Ana və bala bir neçə metr aralı olsalar da çoxluqlar arasında bir-birini tanış səslə tanıyırlar. Bala ana südü ilə qidalanır.

 

Yeni doğulmuş suitinin uzun tüklü, ağ xəz kürkü onu sərt soyuqdan qoruyur. Nə qədər qalın olsa da, bu geyim islandıqda soyuqdan qoruma funksiyasını itirir və bala suiti donub ölür. Ana yaxınlıqdakı suya girsə belə balalar sudan uzaq durmağa, buzların üzərində qalmağa alışıblar. “Youtube”dakı videoların birində iki nəfər Xəzərin şimalındakı buzlaqda suiti balası görür. Anasını itirdiyini düşünüb ona kömək etmək istəyir və qucaqlarına alıb yaxınlıqdakı dəlikdən suya salırlar (https://www.youtube.com/watch?v=wSepgjKkXwk). Onlar, çox güman ki, balanın aqibətindən xəbərsiz olublar.

 

Üç-beş həftə yedirdildikdən sonra balanın dərisinin altında soyuqdan qorunmaq üçün piy qatı əmələ gəlir və körpələr süddən ayrılırlar. Bu zaman onlar ağ kürkün tüklərini tökməyə başlayır və müxtəlif rənglərə çalan qısa tüklü xəz dəri əmələ gəlir. Amma bir çoxu buz əriyənə qədər suya baş vura bilmir. Martın axırında buz suya dönəndə balalar müstəqil yem axtara bilir və kiçik canlıları – xırda dəniz xərçəngi, kilkə və xulballarını özlərinə yem seçirlər.

 

Suitilər yetkinliyə və cütləşməyə 7-8 yaşında çatır, 50 ilə qədər ömür sürə bilirlər. Analar doğuşdan cəmi bir neçə gün sonra yenidən cütləşirlər və erkək dişiyə cütləşmə dövründə sadiq qalır. Amma bu sadiqlik yalnız həmin dövr üçün keçərlidir. Suitilər tək yaşamağı sevir. Sahilə doğuş və ya tüktökmə niyyəti ilə toplaşsalar da onları ailə halında görmək çətindir. Yalnız buz əriyəndə balaya baxan minlərlə ana xeyli sıx şəkildə toplaşmalı olur.

 

Cütləşmə və tüktökmədən sonra ana suiti 11 aylıq yeni hamiləlik müddətinə Xəzərin cənubuna doğru səyahətə çıxır, 5 ölkəni payızın əvvəlinə qədər sahilbəsahil gəzirlər. Cənubda İran sahillərindəki yay kefindən sonra hamilə suitilər yenidən şimala üz tuturlar. Onlar balalamayan suitiləri buzlaqların cənub qurtaracaqlarında, mərkəzi Xəzərdə və Cənubi Xəzər hövzəsində tərk edib qışa təhvil verirlər.

 

Bədbin statistika

 

Şimaldan cənuba və geriyə il boyu səyahət edən suitilər əvvəlki dövrlərdə yaz və payızda dənizin hər yerində görünürdülər. Onlar üçün müvəqqəti dayanacaq kimi əsas məskunlaşma yerlərindən biri qartal başına bənzər Abşeron yarımadasının sahilləri və aralıdakı adalar idi. Yarımadanın lap qurtaracağında, qartalın dimdiyindən uzanmış dilə bənzəyən Şahdili ərazisi Abşeron arxipelaqında suitilərin ən çox toplaşdığı yerlərdən idi. 1930-cu illərdə arxipelaqın sahillərində hər il 10 minə qədər suiti dincəlirdi. Hətta 1935-1937-ci illərdə bu rəqəm 100 mindən 200 minə qədər olub.  Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov 2015-ci ilin martında Moskvada Rusiya Elmlər Akademiyasında Xəzər suitiləri ilə bağlı keçirilmiş beynəlxalq konfransdakı təqdimatında deyib. 1971-ci ildən etibarən hər il ən azı 2 dəfə Abşeron ətrafında dənizə çıxaraq müşahidələr aparan alim əsrin sonuna qədər suitilərin sayının dramatik şəkildə azaldığını müşahidə edib. 1970-80-ci illərdə məlum olub ki, Şahdili və ətraf adalarda ildə cəmi 2 minə qədər suiti məskunlaşıb. Növbəti onillikdə bu heyvanların Azərbaycan sahillərində sayı qəfil azalıb və mini keçməyib. Əsrin sonlarında dənizin qalxması nəticəsində dilin lap uc hissəsi adaya çevrilərək yarımadadan 300 metr aralı düşüb və suitilər üçün daha təhlükəsiz məskənə çevrilib. Amma yenə də onların sayı artmayıb və sonrakı rəqəmlər daha acınacaqlı olub. 2001-ci ilin yayında İngiltərə alimi Syu Vilson və İran tədqiqatçısı Hormoz Asadi T.Eybatovla birgə monitorinq apararkən Şahdilidə suitilərin sayı 300-dən çox olmayıb. Alimlər burada sonuncu suiti məskəninə 2002-ci ilin martında rast gəlib və təxminən, 100 suiti görüblər.

 

Şahdilidə 1969-cu ildə ceyran və su quşlarının qorunması məqsədi ilə Abşeron Dövlət Təbiət Yasaqlığı yaradılmışdı. 2005-ci ilin fevralında canlıların daha səmərəli qorunması üçün Prezident İlham Əliyevin sərəncamı ilə bu ərazinin bazasında Abşeron Milli Parkı yaradılıb. Həmin ilin qışında burada sonuncu dəfə 2 diri suitiyə rast gəlinib. O vaxtdan indiyə qədər adıçəkilən ərazidə heç bir suiti görünməyib. Əvvəllər Abşeron arxipelaqında il boyu müşahidə olunan suiti məskənləri artıq mövcud deyil.

 

Yarımadanın iki arxipelaqından digəri 30-dan çox adası olan Bakı arxipelağıdır ki, XX əsrin əvvəllərində burada da xeyli suiti düşərgəsi var idi. XXI əsrdə bu adalarda suitiyə rast gəlinməyib. T. Eybatov son 20 ildə arxipelaqda yalnız Gil adası sahilində 2 diri suiti görüb.

 

Beynəlxalq həyəcan

 

Xəzər suitilərinin tələfatı, həmçinin dənizin ümumi ekosisteminin vəziyyəti barədə ilk beynəlxalq narahatlıq 1997-ci ildə qalxıb. O zaman Dünya Bankının dəstəyi ilə yeni tərtib olunmuş “Xəzərin ətraf mühitinin mühafizəsi” proqramı ilə bağlı müzakirələr aparılırdı. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ətraf mühit üzrə meneceri Liz Rogers Dünya Bankına Bakı yaxınlığında xeyli suiti cəsədi gördüyünü deyib. Həmin vaxt o və başqaları xəbərsiz idi ki, bu, 5 dövlətin ərazisində baş vermiş kütləvi tələfatın bir hissəsidir. Dərhal sonra ABƏŞ ilə birgə tədqiqatlara başlanılıb və cəsədlərdən götürülmüş nümunələrdə xlor üzvi birləşmələrinin (organochlorine - OCs) miqdarının yüksək olduğu müəyyən olunub. T.Eybatov özünün çoxillik müşahidələri və yüksək həddə tələfatlara dair məlumatları ilə təşəbbüsə qoşulanda həyəcan əhəmiyyətli dərəcədə artıb. Bu, Dünya Bankının diqqətini dənizin suitisi, balıqları, o cümlədən qırmızı siyahıda “kəskin təhlükəli” statuslu nərə balığını tədqiq etmək üçün yeni araşdırmaların başlanılmasına – “Ecotox” layihəsini yaratmağa yönəldib. Yeni təşəbbüsün komandası 2000-ci ildə fəaliyyətə başlayanda növbəti kütləvi tələfat baş verdi və komandanın ilk işi onun səbəbini öyrənmək oldu. Aprel-iyun aylarında şimalda başlamış tələfat İrana oktyabrda çatıb. “Şahdəniz Mərhələ 2” qaz layihəsinin 2013-cü ildə təqdim olunmuş Xəzər suitiləri üzrə tədqiqat hesabatında deyilir ki, o vaxt təkcə Abşeronun 100 kilometrlik şimal sahilində 2210 ölü suiti tapılıb.

 

İlk dəfə İngiltərəli professor Seamus Kenedi tələfatın əsas səbəbini “CDV” kimi tanınan it taunu xəstəliyi ilə diaqnozlaşdırıb. Bu fakt sonrakı tədqiqatlarla da təsdiqlənib. Qeyd olunan virus mədə-bağırsağı korlayır, göz yaşarması, burun axması, qusma, qızdırma və digər əlamətlərlə müşahidə olunur.

 

2001-ci ildə kütləvi tələfatın üçüncü dalğası baş verəndə çoxlu suiti cəsədlərini görən alimlər düşündülər ki, görəsən hazırda Xəzərdə ümumən nə qədər suiti sağdır və hər il onlardan nə qədəri ölür. Bunu və suitilərin üzləşdiyi bütün təhlükələri dəqiq müəyyənləşdirmək məqsədi ilə “Xəzər Suitiləri üzrə Beynəlxalq Tədqiqat Qrupu” (XSBTQ) təşkil olundu. Bu yeni addımla İngiltərənin “Darvin Təşəbbüsü” proqramı çərçivəsində “Xəzər suitilərinin mühafizəsi” layihəsi yarandı.

 

Layihənin ilk seminarı 2006-cı ilin sentyabrında Bakıda keçirilib. Tədbir müddətində İngiltərənin Zoologiya İnstitutundan Paul Cepson və Dəniz Məməliləri üzrə Tədqiqatlar Birliyindən Kalan Dak, həmçinin Estoniyanın Vilsandi Milli Parkının mütəxəssisi Mart Jüssi T. Eybatovla birgə Bakı yaxınlığında adalara yollanıblar. Gözlənilməz hal kimi, heç bir suitiyə rast gəlməyiblər.

 

İsveç alimi Tero Harkonen 2008-ci ildə yazır ki, 2005-ci ildə Xəzərdə suitilərin ümumi sayı 104 min idi. Bu, XIX əsrin sonundakı 1 milyonluq nəslin 10 faizini təşkil edirdi. Həmin ildə balaların sayı 19 min olub. Üç il sonra – qırmızı siyahıda vəziyyət “təhlükəli” yazılandan bir neçə ay əvvəl 6 min suiti doğulmuşdu. Bu rəqəmlə suitilərin ümumi sayını təsəvvür etmək çətin deyildi.

 

Çirkli faktlar

 

İlk beynəlxalq narahatlıqların və təşəbbüslərin diqqət çəkdiyi əsas səbəb dənizin çirklənməsi idi. Yaponiyanın Ehime Universitetinin alimləri Mafumi Vatanabe və Natsuko Kajivara, müvafiq olaraq, 1999 və 2008-ci illərdə yazıblar ki, keçən əsr – 80-ci illərin sonu, 90-cı illərdə dişilər arasında kütləvi sonsuzluq baş verib və buna dənizin çirklənməsi səbəb olub. Normalda isə dişilərin hamilə qalmaq qabiliyyəti 30 yaşında qurtarır.

 

Baltikdə də çirklənmələr ciddi xəstəliklərə və sonsuzluğa səbəb olub. Lakin bəzi tədqiqatçıların fikrincə, Xəzərdə çirklənmə səviyyəsi heç də Baltik dənizindəki kimi yüksək deyil və bu sonsuzluq suitilərin yaşı ilə əlaqəli ola bilər. S. Vilson, T. Eybatov və Niderlandın Virusologiya İnstitutunun alimi Tijs Kuiken isə 2006-cı ildə qeyd edirlər ki, CDV-dən ölənlərin əksəriyyəti cavan suitilərdir. Azərbaycan alimi yuxarıda qeyd olunan Moskva konfransında qocalıqdan ölüm hallarının son 45 ildə illik suiti cəsədlərinin cəmi 8 faizini təşkil etdiyini söyləyib. Deməli, suitilərin azalmasında qocalıq və sonsuzluq amillərinin az rol oynadığı qənaətinə gəlmək olar.

 

Amma çirklənmə yenə də çək-çevirin mövzusu olaraq qalıb: T.Eybatov, İngiltərənin Zoologiya İnstitutunun mütəxəssisləri P.Cepson, S.Vilson və Saymon Qudman, həmçinin Yaponiyanın Naqasaki Universitetinin professoru Masao Amano 2014-cü ildə birgə çap etdirdikləri “Xəzər suitilərinin ölüm hallarında CDV və zəhərli çirklənmələrin rolu” məqaləsində yazılır ki, suitilərin xlor üzvi birləşmələrinə yoluxmuş balıqları yeməsi onlarda immun sisteminin zəifləməsinə və xəstəliklər qarşısında aciz qalmasına səbəb olur. Lakin Xəzərin neft istehsal edən böyük region olmasına baxmayaraq, karbohidrogen çirklənmələrini 1997-ci ildə yetkin suitilərdə xəstəliklərin, xüsusən də CDV-nin əsas səbəbi kimi müəyyən etmək mümkün olmayıb. Odur ki, virusun nədən əmələ gəldiyi hələ də naməlum qalır. Alimlər CDV-nin suitilərdə indi də qalmasına inansalar da, axırıncı tələfatdan indiyəcən – son 14 ildə bu xəstəliyin törətdiyi heç bir genişmiqyaslı ölüm halı qeydə alınmayıb.

 

Suitilərin ümumi sayını müəyyən etmək üçün köməkçi faktorlardan biri də ölü heyvanları saymaqdır. Onlar ildən-ilə azalırsa, deməli, dirilər də azalır. Ona görə də, sahilə çıxan cəsədlər çoxalanda alimlər üçün “pozitiv mesaj” olur.

 

Aman ovçu...

 

Xəzər suitiləri üzrə ilkin proqram və təşkilatlanmaların qaldırdığı həyəcanlardan biri də qanunsuz ovla bağlı idi. Bu heyvanların balıq torlarına təsadüfən düşüb ölməsi və kommersiya məqsədi ilə suiti balalarının ovlanması faktlarına diqqət çəkildi. Qışda Xəzərin şimalındakı buzlaqlarda suitilərin ovlanması XVIII əsrin ortalarından indiyəcən mövcuddur və nəslin azalmasında böyük rol oynayır. Ən müasir nəşrlərdən biri kimi, yuxarıda qeyd etdiyim “Xəzər suitilərinin ölüm hallarında CDV və zəhərli çirklənmələrin rolu” məqaləsində son 100 ildə Xəzər suitilərinin 90 faiz azalaraq 1 milyondan 100 minə düşməsi düzgün tənzimlənməyən kommersiya məqsədli ovlar ilə əlaqələndirilir.

 

Xəzərdə suiti ovunun dəqiq qeydiyyatı 1867-ci ildə başlayıb və bu, suitilərin ümumi sayının müəyyən olunmasına xeyli kömək edir. O zaman ovlanan suitilərin ümumi sayı ildə 30 mindən 110 minə qədər dəyişirdi. 1940-cı illərdə isə rəqəm 40 minə, daha sonra 20 minə enib. 1960-cı illərdə buzlaqlarda ovlar lap azalaraq getdikcə balaların üzərində məhdudlaşmağa başlayıb. XX əsrin sonlarınacan ovlanan suitilər o qədər azalıb ki, nəticədə kommersiya məqsədli ovlar 1996-cı ildə Xəzər suitisinin qırmızı siyahıya ilk dəfə salındığı ərəfədə qısa müddətlik dayanıb və ov gəmiləri Qazaxıstanın Fort Şevçenko limanında paslanmış dəmirə çevriliblər. Lakin 2004-cü ildə yenidən rus ovçular kiçik miqyasda ovları bərpa edib və hər il 3-4 min suiti qırırlar.

 

Suiti balaları dünyada başqa sahillərdə də ovlanırlar. Məsələn, Kanadada hər il 100 minlərlə, son 5 ildə isə 1 milyondan çox suiti öldürülüb. Bu heyvanlar xəz dəriləri və piylərinə görə ovlanır, ətinə isə bazarlarda ehtiyac duyulmur. Onların dəriləri paltar mağazalarını və insanları “bəzəyir”. Namibia, Qrenlandiya, İslandiya, Norveç, İsveç və Finlandiyada da suiti ovu geniş yayılıb.

 

Rusiya Xəzərin ətrafında 5 dövlətdən ibarət Su Bioehtiyatları Komissiyasına rəhbərlik edir, lakin IUCN-in qırmızı siyahısında “təhlükəli” statusunu və XSBTQ-nin tədqiqatlarının nəticələrini qəbul etmir. Şimal qonşu ölkə hesab edir ki, Xəzər suitiləri dənizin yığım məhsullarıdır və hər il 18 min suiti ovlanması normadır. Halbuki, rus ovçular tapa bildikdə ilə cəmi bir neçə min bala ovlaya bilirlər.

 

Rusiya alimi Viktor Krılov 1990-cı ildə çap etdirdiyi məqalədə Cənubi Xəzərdə Türkmənistan sahilindən aralıdakı Oqurçinskiy adasında bir neçə onluqdan ibarət bala müşahidə etdiyini yazır. Lakin 2001-ci ilə qədər orada balalar əsasən ov səbəbi ilə azalaraq 10-dan az olub. Növbəti 9 il ərzində bir dənə də olsun bala görünməyib.

 

Suitiləri qurudan vəhşi heyvanlar, havadan balalarını quşlar ovlaya bilir. Suda isə onlar üçün yeganə təhlükə çox kiçikdir: Mnemiopsis leidyi. O, “Ecotox” və “Darvin Təşəbbüsü” proqramının diqqət çəkdiyi problemlərdən biri kimi, acgöz, kürüləri yeyən və balıqların azalmasına səbəb olan şəffaf canlıdır. Dənizə 1999-cu ildə gəmilərin ballastlarında basqın edib və zooplanktonun 75 faizini tükədib.

 

Yemin azalma statistikası digər faktlarla daha genişdir. Belə ki, son bir neçə onillik ərzində kilkənin sayı faciəli şəkildə azalıb. Səbəblərdən biri 1990-cı illərdə mexanikləşdirilmiş texnologiya ilə həyata keçirilmiş genişmiqyaslı ovlardır. Həmçinin, 2001-ci ilin yazında kilkənin 40 faizi, çox güman ki, seysmik proseslər nəticəsində yerin altından çıxan qazın səbəbindən tələf olub.

 

Baltik dənizində halqaşəkilli suitilərin azalmasına ən böyük səbəb iqlim dəyişikliyi ilə əlaqələndirilir. Lakin Xəzər suitilərində bu səbəb ən az rol oynayan faktorlar sırasındadır. Belə ki, suyun səviyyəsi qalxanda adaların əksəriyyəti itir və suitilərin məskənləri azalır, buzlar əriyəndə isə balalama şəraiti çətinləşir. Bu cür hallarda onların nəsli az da olsa kiçilir.

 

Mübarizə tədbirləri və müasir vəziyyət

        

Vəziyyətlə mübarizə aparmaq üçün 2007-ci ildə “Xəzər suitilərinin mühafizəsi üzrə fəaliyyət planı” tərtib edilib. Sənəddə nəzərdə tutulan işlərdən bəziləri həyata keçirilib. Qazaxıstan və İranda suitilərin xüsusi mühafizə qoruqları yaradılıb, İslam respublikasında əhali, xüsusən də ovçular arasında dövlət səviyyəsində təbliğat aparılır, bukletlər çap olunub. Azərbaycanda Şahdili xüsusi qorunur, ictimaiyyətin maarifləndirilməsi məqsədi ilə bağçalarda və Təbiət Tarixi Muzeyində tədbirlər həyata keçirilir. Abşeron yarımadası və digər sahillərdə suların təmizlənməsi məqsədi ilə Prezident İlham Əliyev 20 iyun 2007-ci ildə Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən modul tipli çirkab su təmizləyici qurğuların quraşdırılması və istifadəyə verilməsi üçün 3,5 milyon manat ayrılıb. Növbəti il iyunun 13-də bu məbləğ 2 milyon manat artırılaraq təmizləmə işləri daha da genişləndirilib. Qurğular artıq bəzi sahilyanı kəndlərdə, qəsəbələrdə quraşdırılıb və fəaliyyət göstərir.

 

2011-ci il aprelin 26-da ölkə başçısı AMEA-nın illik hesabat toplantısında geniş çıxış nitqi ilə iştirak edərkən tədbirdə akademiyanın hazırkı prezidenti, akademik Akif Əlizadə Xəzəri öyrənən elmi tədqiqat mərkəzinin yaradılması təklifini irəli sürüb. Üç gün sonra Azərbaycan Prezident Bakıda müştərək tədqiqatların aparılması üçün Xəzər Elmi Tədqiqat Mərkəzinin yaradılması barədə sərəncam imzalayıb.

 

2014-cü il noyabrın 18-də Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə ov suitilərin balaladığı dövrdə – 25 yanvardan 31 marta qədər, həmçinin buz örtüyünün əmələ gəldiyi vaxtda – 1 oktyabrdan 30 noyabra qədər qadağan edilib. Lakin sənəddə qadağanın həmin dövrlərdən sonrakı aylara şamil edilmədiyi xüsusi vurğulanır.

 

Qaldırılan həyəcan və görülən işlər vəziyyəti azacıq düzəldib. Belə ki, qırmızı siyahıda status dəyişdikdən sonrakı qış balaların sayı 6 mindən 19 minə qalxıb. 2011-2012-ci ilin qışında isə 16 min olub. T.Eybatov da son 7 ildə artım hiss edərək hesab edir ki, hazırda dənizdə ümumən 100 minə qədər suiti var. O, bu artımı ölü suitilərin sayındakı illik çoxalma ilə əlaqələndirir. Onların artımını əvvəlki Abşeron məskənlərində antropogen səbəblərdən görmək çətindir.

 

Suitilərin vəziyyətinin müzakirəsi üçün ən son toplantı olan Moskva konfransında Rusiyanın Dağıstan Respublikasının təhsil üzrə hüquqşunası İlya Ermolin çıxış edərək bildirib ki, Mahaçkaladan şimalda bu heyvanları ovlayan və məhsul kimi istifadə edən şirkətlər var.

 

Şotlandiyanın Suitilərin Mühafizəsi Cəmiyyəti 2011-ci ildə “Xəzər suitilərinin mühafizəsi” layihəsinin fəallarından biri, rusiyalı mütəxəssis Lilia Dmitrievanın araşdırmalarına istinadən bildirib ki, dənizin şimalında hər il 12 min suiti qanunsuz ağ balıq ovu üçün qurulan torlara düşür və öldürülür. Bu, hazırda davam edən nəsil azalmasının ən ciddi faktorudur. Qazaxıstanda yerləşən Şimali Xəzər Əməliyyat Şirkəti (ŞXƏŞ) də suitilərlə bağlı apardığı tədqiqatların ən son nəticəsini 2013-cü ilin aprelində açıqlayaraq, onların azalmasına təsir edən amillərin sırasında birinci olaraq ov torlarını göstərir.

 

T.Eybatov da həmkarları kimi düşünərək, Moskva konfransındakı çıxışında təkliflərin sırasında suitilərin ovlanmasına və torla tutulan qanunsuz balıq ovlarına nəzarətin artırılmasını ilk sıralarda sadalayıb. Cilov və ona yaxın adalarda suitilərin məhv edilməsinin qarısının alınmasını da vacib hesab edib. Onun fikrincə, Xəzərin Azərbaycan sahillərində antropogen narahatlıqlar aradan qaldırılarsa suitilər məskunlaşma yerlərinə qayıda bilərlər. Azərbaycan alimi ovların, çirklənmə və yem azlığının kompleks şəkildə təşkil etdiyi səbəbi daha güclü amil kimi qiymətləndirir.

 

2015-ci ildən etibarən suitilərin səyahəti peyk vasitəsi ilə izləniləcək. Bu barədə ŞXƏŞ-in nümayəndəsi Gülsüm Mutışev “İnterfax”a məlumat verib.

 

***

 

Alimlərin tədqiqatları əsasında 2 ay ərzində apardığım bu araşdırmalardan belə qənaətə gəldim ki, Xəzər milyon illər ərzində iqlim və geoloji proseslərin təsirinə məruz qalaraq qapalı hala düşüb, bioloji aləmi ilə birgə təcrid həyatı yaşayır. Qapalı olduğuna görə suları yuyulmur, canlıları dünya okeanından artım dəstəyi ala bilmir. Suitilərin azalması dünya sularına çıxışı olan dənizlərdə də müşahidə olunur. Amma mühafizə tədbirləri nəticəsində yenidən artırlar. Xəzərin isə ümumi vəziyyəti təbii və antropogen təsirlərin qarşısında daha sürətlə ağırlaşır və gələcək üçün nikbin heç nə demir. Qısası, dəniz qapananda basaratı da bağlanıb.

 

Səid Hüseynov,

Azərbaycan Milli Elmlər Akademiyası

Geologiya və Geofizika İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

 


Tags:  Akademiyanın məsul işçisindən ŞOK YAZI Xəzərdə suitilər yox olur

RƏYLƏR


Top news