Rusiyanın məşhur teatr kollektivi Bakı səhnəsində

19:53 22 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Bu il yaranmasının 95 illiyini qeyd edən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı əlamətdar yubiley münasibətilə müxtəlif ölkələrdəki həmkar kollektivlərdən də sənət təbrikləri qəbul edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, G.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrı "Böyük qastrollar-2015" çərçivəsində paytaxtımızda səfərdə olub. Məşhur kollektiv Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində böyük rus yazıçısı Fyodr Dostoyevskinin "Dayının yuxusu" povesti əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Teatrın Bakıya ilk qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.
Rusiyanın Xalq Artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşa alqışlarla qarşılanıb. Səhnə əsərində SSRİ Xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvilinin iştirakı tamaşaçılara xüsusi sevinc bəxş edib. Bundan başqa tamaşada Rusiyanın Xalq Artisti Yelena Popova, Əməkdar artistlər Yevqeni Çudakov, Mariya Lavrova, Sergey Qaliç və digərləri rol alır.
Qeyd edək ki, "Dayının yuxusu" Rusiya Böyük Dram Teatrının “qızıl fondu”na daxil olan tamaşadır. Dəfələrlə xarici ölkələrdə uğurla nümayiş etdirilib və Rusiyada "Qızıl maska", Estoniyada "Ən yaxşı tamaşa" mükafatlarına, Tbilisidə beynəlxalq teatr festivalında birinci yerə layiq görülüb.
Bayram ab-havalı gecədə səhnəyə çıxan Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski qonaqları salamlayıb, onların yubiley təbriklərini və xatirə hədiyyələrini qəbul edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_meshur_teatr_kollektivi_Baki_sehnesinde-913443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR