Tbilisidə “İşğal olunmuş ərazilərdə mədəni irs” mövzusunda beynəlxalq konfrans keçirilib

Tbilisidə “İşğal olunmuş ərazilərdə mədəni irs” mövzusunda beynəlxalq konfrans keçirilib
20:08 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Tbilisidə Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “İşğal altında olan ərazilərdə mədəni irs” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri, tarixçi alimlər, Tbilisidəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi-mədəni abidələr” adlı hesabat xarakterli məruzə təqdim olunub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva çıxış edərək Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ona bitişik digər yeddi rayonundakı tarixi-mədəni abidələrin vəziyyəti barədə məlumat verib. Erməni işğalçıları tərəfindən iki minədək tarixi-mədəni abidənin dağıdıldığı, qarət olunduğu konkret faktlarla iştirakçıların diqqətinə çatdırılıb. Onun çıxışı zamanı Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoslaydlar nümayiş etdirilib.
S.Ağayeva bildirib ki, konfransda təqdim olunan bu və digər materialların xüsusi toplu halında çap edilərək Gürcüstanın müvafiq strukturlarına, beynəlxalq təşkilatlara, habelə ali və orta ixtisas məktəblərinə paylanılması da nəzərdə tutulub.
Abxaziya mədəniyyət nazirinin müavini Besik Odişaria, nazirliyin mədəni irs departamentinin baş mütəxəssisi Ketevan Davitaya və başqaları çıxış edərək Abxaziyadakı tarixi-mədəni abidələrin əvvəlki və indiki vəziyyəti barədə məlumat veriblər.
Sonra məruzələr ətrafında çıxışlar olub, tarixi-mədəni abidələrin mühafizəsi, bərpası, ərazilərin işğaldan azad olunması barədə fikirlər səslənib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_Isgal_olunmus_erazilerde_medeni_irs_movzusunda_beynelxalq_konfrans_kechirilib-913448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR