Bahalaşma zamanı zamanı sürücülər nə etməlidir?

Bahalaşma zamanı zamanı sürücülər nə etməlidir?
22:37 22 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov ciddi maddi-iqtisadi sıxıntılar zamanı sürücülərin nə cür davranması ilə bağlı məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ekspert hesab edir ki, belə dövrdə ən önəmli məsələ daha intizamlı və diqqətli olmaqdır.

Ərşad Hüseynovun sürücülərə verdiyi məsləhətləri sizə təqdim edirik:

"1. Dostlar, belə dövrdə ən önəmli məsələ daha intizamlı və diqqətli olmaqdır. Sürücünün 2 ən mənasız və lazımsız itkisi var: cərimə və qəza zamanı məruz qaldığı maddi ziyan. Bunların hər ikisinin çarəsi isə nizam-intizam, yüksək diqqət və qarşılıqlı hörmətdir.

İntizamlı olsanız, qaydaları pozmasanız, DYP sizi cərimələməyəcək, cərimə cibinizdə qalacaq. Belə olduqda qəzaya düşmə riski də minimumdur, deməli, ziyanınız olmayacaq.

2. Lüzumsuz yerə avtomobilinizdən istifadə etməyin. Avtomobillə gedəcəyiniz yerləri saf-çürük edin, hər xırda şeyin dalınca maşın sürməyin. Unutmayın, avtomobil insan həyatının ayrılmaz hissəsi deyil. Onsuz yaşamaq, onunla yaşamaqdan rahatdır.

3. Əvvəlki məsləhətin məntiqi davamı olaraq, ictimai nəqliyyata öyrəşi. İnkişaf etmiş ölkələrdə bir neçə avtomobili olan milyonçu da məmnuniyyətlə ictimai nəqliyyatdan istifadə edir. Bu, çox gözəldir. Buna alışmaq lazımdır. Yadda saxlayın ki, həmişə ictimai nəqliyyatda gediş fərdi avtomobillə gedişdən ucuz olur.

4. Avtomobili idarə etmə stilinizi təkmilləşdirin. Sərt manevrlər, tez-tez sürətlənmə və tormozlanma yanacaq sərfiyyatını xeyli artırır, tormoz qəliblərinin ömrünü azaldır, mühərrik, transmissiya və başqa detal və aqreqatlar üçün də ziyanlıdır. Ən sonda isə bütün ziyanların əvəzi cibinizdən gedir.

5. Maddi sıxıntınız var deyə, avtomobilin cari təmir işlərini, vaxtaşırı qulluğu (yağdəyişmə və s.) təxirə salmayın, yaxud ucuzdur deyə zay detallardan, keyfiyyətsiz yanacaqdan istifadə etməyin. Sonda bu sizə daha ciddi ziyan vuracaq, nəinki hədəf aldığınız qənaət. Əgər maddi sıxıntı varsa, yaxşı olar ki, avtomobildən istifadəni minimuma endirin, yaxud, "avtonuzu" dincə qoyun ki, imkan olanda lazımi işləri edib, yenidən sürəsiniz.

6. Ailədə bir neçə avtomobil varsa, çalışın ki, hamı birindən istifadə etsin (məsələn, işə birgə gedib-gəlmə), özü də ən az xərci olan avtodan istifadə edin və s...

Hər kəs necə qənaət edə biləcəyini özü daha yaxşı bilir. Sadəcə bir qədər diqqətli olmaq lazımdır və qənaətdə heç bir utandırıcı şey yoxdur. Yadda saxlayın ki, insanı ən böyük xərcə salan şeylərdən biri yekəxanalıqdır (harınlıq insanı ümumiyyətlə, tam müflis edə bilər)".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR