AMOR Moskvada turnir keçirdi - FOTO

AMOR Moskvada turnir keçirdi - FOTO
23:47 22 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+

Moskva Gənclər Parlamentarizmi Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş "Düzgün cavab" intellektual turniri keçirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR), Moskva Gənclər Parlamentarizmi Mərkəzi və O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubunun təşkilatçılığı ilə keçirilən turnirin aparıcısı, "Nə, Harada və Nə vaxt" intellektual oyununun məşhur iştirakçısı, "Büllur bayquş" mükafatının sahibi Rövşən Əsgərov olub.
 
Moskva Gənclər Parlamentarizmi Mərkəzinin nümayəndəsi Sergey Martınov turnir iştirakçılarını salamlayaraq komandalara uğurlu oyun arzulayıb və qeyd edib ki, bu cür tədbirlər Rusiya və Azərbaycan gəncləri arasında dostluğun möhkəmlənməsinə xidmət edir. S.Martınov AMOR ilə əməkdaşlığı bundan sonra da davam etdirməyə və müştərək layihələr həyata keçirməyə hazır olduğunu söyləyib.
 
AMOR idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın turnir iştirakçılarına salamını çatdırıb: "AMOR sədri Leyla Əliyeva tərəfindən qarşımıza qoyulmuş vəzifələrdən biri Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasını dəstəkləməkdir. Bununla əlaqədar, Moskva Gənclər Parlamentarizmi Mərkəzi ilə əməkdaşlıq etmək çox faydalıdır. AMOR yaxın vaxtlarda Rusiya və Azərbaycan gənclərinin yaxınlaşmasına yönəlmiş birgə layihələr həyata keçirilməsi barədə təkliflərlə çıxış edəcək".
 
O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubunun sədri Əli Əliyev turnirin keçirilməsini dəstəklədiyinə görə AMOR sədri Leyla Əliyevaya, həmçinin komandalara oyuna göstərdiyi marağa görə təşəkkürünü bildirib.
 
Turnirdə Moskvanın aparıcı ali məktəblərinin rusiyalı və azərbaycanlı tələbələrindən ibarət komandalar iştirak edib. Bir neçə saat davam edən intellektual mübarizədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Atropat" komandası qalib gəlib.
 
Qaliblərə AMOR-un İntellektual kuboku təqdim edilib.
 
Turnir iştirakçıları müxtəlif nominasiyalarda fərqləndirilib: "Dünyanı gözəllik xilas edəcək" nominasiyasında - Aytən Məmmədova (Plexanov adına Rusiya İqtisad Universitetinin "Plexanovtsı" komandası); "Zəka aydınlığı və çevikliyi" nominasiyasında - Qabil Əbdülrəhmanzadə (Rusiya Hökuməti yanında Maliyyə Universitetinin "Finansistı" komandası); "Qərarların müdrikliyinə görə" nominasiyasında - "Deti Femidı" komandası (O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyası); "Qələbə əzminə görə" nominasiyasında - "The Vışka" komandası (Ali İqtisad Məktəbi).
 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Atropat" komandasının üzvü Ruslan Süleymanov turnirin ən erudisiyalı iştirakçısı seçilib.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR