Bakı, 23 dekabr, AZƏRTAC
Kalqari şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət təşkil ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun üzvü Dipak Obray və digərləri iştirak ediblər.
Mərasimdə yeni seçilmiş prezident Famil Qarayev Cəmiyyətin milli maraqlarımız naminə gördüyü işlər, həyata keçirdiyi tədbirlər və nailiyyətləri barədə məlumat verib.
Daha sonra Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev tədbir iştirakçılarını salamlayıb, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbərlərinə bu görüşü təşkil etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Dipak Obray deyib ki, Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun üzvü olmaq onun üçün böyük şərəfdir.
Mərasimdə Kalqari şəhərində fəaliyyət göstərən “Azerbaijan Heritage Dance Academy”, “Calgary Stars”, “Cücələrim” qrupları tərəfindən Azərbaycan musiqiləri dinlənilib.