İlhamə: "Məndə azərbaycanlı beyni yoxdur"

İlhamə: "Məndə azərbaycanlı beyni yoxdur"
11:05 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az müğənni İlhamə Qasımovanın "Qafqazinfo"ya müsahibəsini təqdim edir.

- Belə bir ənənə yaranıb ki, müsabiqə iştirakçıları gah görünür, gah da yoxa çıxırlar.

- Onların dünyası başqadır. Öz dünyasını görməyəndə depressiyaya düşə bilərlər. Bu mənim də başıma gəlmişdi. Bir müddət efirlərdən uzaqlaşmışdım, yaradıcılığıma ara vermişdim. Məsələn, sizə misal çəkim. 2012-ci ildə mükafat aldım, almanların səsverməsi nəticəsində mükafat alanlar sırasında mən də oldum. Azərbaycana gələndə isə bir çox reaksiyalarla qarşılaşdım. Deyirdilər ki, bu həqiqi mükafatdır? Mənə çox pis təsir etmişdi. Almaniyada hər hansı bir TV-yə qonaq olanda gördüyüm hörməti burada çox görə bilmirəm. Bayram konsertlərini misal çəkək. 30-40 müğənni bir araya gəlir, birinci oxumaq üstündə mübahisə edir. Elə müğənni var ki, oxumaq üçün 3 saat gözləyir, eləsi də olur ki, gələn kimi oxuyur.

Asiya ölkələrində bir yaş böyük olanlara "bəy", "müəllim" deyə müraciət olunur. Eyni ilə bizdə də belədir. Bir az böyük olanlar bundan istifadə etməyə çalışırlar. Mən bir yaş böyük olsam belə hər kəsə eyni hörməti etməyə çalışıram. Təşkilatçılar da bu cür addım atanları dəstəkləyirlər. Belə hörmətin nəyə əsasən yarandığını bilmirəm. Mən kiməsə kağızla hörmət etmirəm ki, onlar da mənə hörmətlə yanaşsınlar. Mənə bu lazım deyil.

"Zirvədən düşmə vaxtları da gəlib çata bilər..."

- Bu cür hörmətsizlik görüb niyə çıxışlardan imtina etmirsiz?

-Televiziyalardan çox, konsertlərdə bu cür problemlər olur. TV-lərdə heç vaxt problem yaşamamışam. Başqa müğənnilərin problemlə rastaşldığını görmüşəm. Onlar da yeni səhnəyə atılanlar olur. Təzə tanınan müğənni əvvəl kanal əməkdaşlarına yaltaqlanır, özünü tutandan sonra həmin adamları saymamağa başlayırlar. Mən 8-9 il əvvəl necə idimsə, indi də eləyəm. İnsan sonrasını düşünməlidir. Zirvədən düşmə vaxtları da gəlib çata bilər.

"Onların gözündə kin-küdurət görürəm"

- Sizi depressiyaya nə sala bilər?

- Məni ətraf mühit depressiyaya salır. Son zamanlar sosial şəbəkələrdə insanların hücumları ilə rastlaşıram. Onların gözündə kin-küdurət görürəm. Hansısa bir tanınmış studiya açmışdı. Xəbəri sosial şəbəkədə paylaşmışdılar. Siz o şərhləri görərdiz... "Bunun pulu var, eləyir, mənim də olsa, edərdim..." kimi şərhlər görürdüm. Axı nə fərqi var? Bu, azərbaycanlıdır. Qoy xaricdə studiya aşsın, başını aşağı sallayıb işini görsün. Qoy ölkəni tanıtsınlar. Şərhlərin əksəriyyəti də rus dilində olur. Düşmən də bu şərhləri oxuyur, deyir ki, başqası lazım deyil. Elə özləri bir-birlərini qırırlar. Bu məsələlərə görə depressiyaya düşürəm. Başqa bir məsələni danışım. Ad günündə iştirak etmişdim. Karaoke-klubda özümüz üçün şıltaqlıq etdik. Bura peşəkar səhnə deyil, ağzımıza nə gəlirdi, oxuyurduq. Bunu bir neçə dostlarımız çəkib paylaşmışdı. Oksananın səhifəsində ağzına gələni yazdılar. Ona dedim ki, bu videoları silsin. O insanlar başa düşmürlər ki, səhnə ayrı, karaoke ayrıdır.

"Məndə azərbaycanlı beyni yoxdur..."

- Belə başa düşürəm ki, siz bizim mühitə uyğun birisi deyilsiz...

- Heç vaxt bu mühitə uyğun birisi olmamışam. Məndə azərbaycanlı beyni yoxdur.

- Cənub bölgəsində böyümüsüz. O region mühafizəkarlığı ilə seçilir. Siz bu tilsimləri necə qırdız?

-Bizim ailə fərqli olub. İki qardaşın bir bacısıyam. Ziyalı ailəsi olmuşuq. Mənim atam deyirdi ki, ancaq oxuyun, dünyagörüşünüzü artırın. Onun bir qanunu vardı ki, qız uşağı təhsil almalıdır. Atam Lənkəran Dövlət Universitetində fransız dili müəllimidir. Babam, anam və əmilərim də müəllim olublar. Bizdə mühit tamam başqa olub.

"Qohumlarımız qohum uşaqlarını da götürüb saxlayıblar"

- Sosial şəbəkələrdə övladlığa uşaq götürmək istəmədiyiniz böyük müzakirələrə səbəb oldu...

- Sadəcə olaraq məni verilişə dəvət etdilər. Efirə getməyə peşman oluram. Uşaq götürmək bir az məsuliyyətli işdir. O barədə efirdə fikir bildirmək istəmirdim. Sadəcə kənardan rəyimi söyləməyə çalışırdım. Kimsə uşaq götürürsə, onların yerinə qürur duyuram. Əhsən ki, belə addım atırlar. Mən bir az genetik problemlərdən qorxuram. Daha sonra uşağı götürüb saxlayırsan, sonra valideynləri tapılır. Qohumlarımız qohum uşaqlarını da götürüb saxlayıblar. Sonra valideyn dözməyərək onun həqiqi anasının özü olduğunu deyir. Bununla əvvəlcədən razılaşmalı idilər. Bizdə qohum-əqrəba bunu sirr kimi saxlamağı bacarmırlar. Acığa da deyə bilərlər. Uşağın nə günahı var?

"Uşaq evində körpə götürərəm, onu da xoşbəxt edərəm"

- Səhhətinizdə problemlər səbəbindən ana ola bilmirsiz. Tibbi surroqatdan (daşıyıcı ana) istifadə etmək istəmirsiz?

- Bunun qanunla nə dərəcə də düzgün olduğundan xəbərsizəm. Mənim üçün daşıyıcı ana dünyaya gətirdiyi övladla uşaq evindən götürülən uşağın fərqi yoxdur. Bütün toxumlar istifadə olunsa da qan həmin qadının qanı olacaq. Belə bir addım atmaram. Ondansa uşaq evində körpə götürərəm, onu da xoşbəxt edərəm.

"Həyat yoldaşımla dalaşmağa həvəsim yoxdur"

- Evdə problem meydana gəldikdə od, yoxsa su olmağı seçirsiz?

- Evdə sözü bir dəfə deməyi xoşlayıram. Olmadısa, sakit qalıram. İldə bir dəfə tufan qopur. Həyat yoldaşımla dalaşmağa həvəsim yoxdur. O qədər tənbəl insanam ki... Problemlər çox olanda söhbətdən qaçıram. Söhbət ciddiləşəndə əsəbləşməyə dəyər. Amma belə, deyingənliyi sevmirəm. Düşünürəm ki, axır vaxtlar yaman deyingən olmuşam. Yəqin ki, bu da yaşdan irəli gəlir. Hərdən deyingən qohumlarımıza deyirəm ki, kişi olsam, sizi boşayardım.

"Maddi baxımdan həyat yoldaşımdan asılıyam"

- Siz toy müğənnisi deyilsiz. Maddi problemi necə həll edirsiz?

- Maddi baxımdan həyat yoldaşımdan asılıyam. Ancaq az maaşı olsa da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistiyəm. Mənim hər hansısa gəlirim yoxdur. Ancaq Almaniyadan gələndə maraqlı bir şeyin şahidi oldum. Burada toy monopoliyası var. Eşidəndə şoka düşdüm. Sən demə, toylara da gedənləri özləri müəyyənləşdirir. Əvvəllər belə deyildi. 2008-ci ildə biz prodakşın daxilində fəaliyyət göstərirdik, toylardan da gəlirimiz olurdu. İndi müəyyən müğənnilər var ki, ancaq onlar toylarda iştirak etməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR