"Ömrünün son günlərində anamdan halallıq istədi" - Nəsibə Zeynalovanın nəvəsi

"Ömrünün son günlərində anamdan halallıq istədi" - Nəsibə Zeynalovanın nəvəsi
11:26 23 Dekabr 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın sənətkarlar nəslinin görkəmli nümayəndəsi, xalq artisti Nəsibə Zeynalovanın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Zeynalovun qızı Nəsibə Novruzovanın “Report”a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Nəsibə xanım nənəniz, ustad sənətkarımız Nəsibə Zeynalova dövrünün sayılıb-seçilən kişilərindən biri olan Cahangir Zeynalovun qızıdır. Nənəniz atasından, uşaqlıq illərindən nələr danışardı? Atasını kiçik yaşında itirdiyi üçün təsəvvüründə necə canlandırırdı?

- Nəsibə xanım 1916-cı ildə doğulub. Atası Cahangir Zeynalov isə 1918-ci ildə dünyasını dəyişib. Atasını kiçik yaşlarında itirən Nəsibə anasının xatirələri, atası haqqında olan söhbətlərlə böyüyüb. Nənəmiz bu söhbətləri bizlərə də danışıb. Öncə onu deyim ki, Azərbaycan teatrının yaranmasında, inkişafında böyük xidmətləri olan Cahangir Zeynalovun həyat və fəaliyyəti haqda çox az məlumat var. Arxivlərdə ona aid olan sənədlər, şəkillər yox dərəcəsindədir. Cahangir Zeynalovun harada dəfn olunduğu, məzarının yeri də məlum deyil.

İndiki şahmat məktəbinin yerində Cahangir Zeynalovun mülkü olub. Onun vəfatından yüz ilə yaxın zaman keçəndən sonra həmin evin divarına barelyef vuruldu. Nəsibə xanımın ömrünün son illəri idi, bu baralyefin vurulması, atasının adının qismən də olsa əbədiləşdirilməsi onun üçün təsəlli oldu.

Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərmiş. Cahangir Zeynalov xanımına deyirmiş ki, yeməkləri sən bişir, savabdır. Hər il Əncüman məktəbinin şagirdləri üçün xüsusi pay göndərərmiş. Ailə başçısı olmayan ailələrə xidmətçiləri vasitəsilə pay göndərərmiş və soruşanlar bilməzmiş ki, bu yaxşılığı onlara Kərbəlayi Cahangir edib. Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımi sovqat qoyarmış. Həmin çantaları Hüsniyyə xanım özü tikərmiş. Cahangir Zeynalov deyərmiş ki, sən öz əllərinlə tik,xidmətçiləri, qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyükdür. Elə dünyasını dəyişməzdən əvvəl Hüsniyyə xanıma vəsiyyətində deyib ki, mənim şəklimi böyüdərsən. Çünki Nəsibə atasını görməyib. Əncüman məktəbinin pulunu kəsmə. Hər il 300 qızıl Əncüman məktəbinə göndər və Nəsibəni oxut, cahil olmasın.

Hüsniyyə xanımla Cahangir Zeynalovun arasında 25 yaş fərq olub. 12 ildən sonra övlad sahibi olublar. Kərbəlayi Cahangir əhd edib ki, oğlu olsa, İmam Rzanın adını qoyacaq, qızı da olsa, Nəsibə. Nəsibə xanım doğulanda 5,5 kq olub. Böyük çəkili uşaq olduğu üçün həkimlər ya ananı, ya da övladı xilas edə bilərik deyiblər. Amma nə yaxşı ki, hər ikisi sağ qalıb. Nəsibə xanım "köynəkdə doğulub".

- Necə yəni köynəkdə doğulub?
- Bilirsiz, belə eşitmişəm ki, uşaq döl qarışıq doğulanda "köynəkdə doğulub" deyirlər.

- Amma bilinən odur ki, "köynəkdə doğulan", varlı-hallı ailədə dünyaya gələn Nəsibə xanımın uşaqlığı, gəncliyi çox əziyyətli keçib...
- Əlbəttə. Təsəvvür edin ki, yaş yarımlıq uşaq atasını itirir. Aradan 2-3 il keçəndən sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar. Məhz buna görə də bir-iki şəkili çıxmaq şərtilə Cahangir Zeynalovla bağlı əlimizdə demək olar ki, heç nə qalmayıb. O boyda mal-mülk sahibindən ailəsinə bir şorba qabı (supnik) qalıb. Nənəm Bakının sayılıb-seçilən nəslindən olub. Bir tərəfi İçərişəhərdən, bir tərəfi isə Bayır şəhərdən olub. Bakıda mülkləri, əraziləri olub. Təəssüf ki, bunların heç birindən Nəsibə xanıma heç nə qalmadı. Ömrü boyu əziyyət çəkib, məhrumiyyətlərə dözüb, amma qürurunu heç kimin qarşısında əyməyib. 14 yaşından 88 yaşına qədər çalışdı. 65 il səhnədə oldu. Əsl sənət fədaisi idi Nəsibə xanım.

- Nəsibə nənəniz sağlığında sizə öz adını verib. Onun yanında böyümüsünüz. Nəsibə Zeynalova nənə kimi necə idi? Mülayim, yoxsa sərt?
- Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Deməli, mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam (Gülür). Bu gün rahatlıqla deyə bilərəm ki, mən Cahangir Novruzovun həm qızı, həm də bacısıyam. Atam mənim həm də qardaşımdır. Nənəm məni övladlığa götürdüyündən, onun yanında böyümüşəm. Onun tərbiyəsini almışam. Uşaqlıqdan məni özü ilə qastrollara aparıb, gecələr də onunla yatırdım. Xasiyyətinə gəldikdə isə düzünü deyim ki, çox sərt idi. Mən həyətə düşmək, oynamaq, qonşu evinə getmək və s. şeylərin nə olduğunu bilməmişəm. Hətta məktəbi bitirəndə «Son zəng» tədbirinə gedə bilmədim. Nənə icazə vermədi. Bir dəfə atamgildə qalmışdım. Sinif yoldaşlarımdan birinin ad günü idi. Atamdan icazə aldım. Etiraz etmədi. Mən evdən çıxan kimi nənəm zəng edib ki, gəlirəm Nəsibəni aparmağa. Biləndə ki, evdə yoxam, ardımca məktəbin qarşısına gəldi və məni ad gününə getməyə qoymadı. Məni götürüb, geri qayıtdı.

- Sevdiklərini qısqanırdı?
- Bilirsiz, qısqanclıq deyildi. Deyirdi, qız uşağıdır. Nə bilim hara gedir, getdiyi ailə, mühit necədir? Ona görə də məni qoruyurdu.

- Nəsibə xanım səhnəmizin əvəzolunmaz "Qaynana"sı idi. Həyatda necə qaynana olub?
- (Gülür) Nənənin ağır xasiyyəti var idi. Ömrünün son günlərində anamdan halallıq istədi. Dedi ki, Elnarə, Allah sənə cansağlığı versin. Sən ki, mənə və Cahangirə dözmüsən, kişi adamsan. Bilirsiz, atamın da, nənəmin də xasiyyəti ağır idi. Siz təəssüf ki, mənim anamla tanış deyilsiniz. Anam xanım-xatın, çox səbirli, təmkinli qadındır. Uzun illər gəlin-qaynana bir evdə yaşayıblar. Amma bir dəfə evdə söz-söhbət yaranmayıb.

- Nəsibə xanımın nədən xoşu gəlmirdi? Evdə qayda-qanunları necə idi?
- Xüsusi bir qayda-qanunu yox idi. Xasiyyəti ağır idi və çox tələbkar insan idi. Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar idi. Bilirsiz, elə insanlar var onların aurası elədir ki, hansı məkanda olsalar da, vəziyyəti ələ almağı bacarırlar. Bizim ailədə 3 adam belədir. Birincisi, Nəsibə xanım, sonra Cahangir müəllim, üçüncü isə mənəm. Biz hansısa bir məkana daxil olanda diqqətlər bizim üzərimizdə cəmlənir.

- Nəsibə xanım, nənə Nəsibə xanımın yanında böyüdüyünüzə görə, ondan yaxşı biş-düş öyrənmiş olarsız. Eşitdiyimə görə, Nəsibə xanımın gözəl əl qabiliyyəti olub.
- Həqiqətən də nənənin əl qabiliyyətinə, süfrə mədəniyyətinə söz ola bilməzdi. Onun bişirdiyi xörəklərin dadı hələ də damağımda qalıb. Bakılı xanımlara məxsus olan bütün yeməkləri ustalıqla hazırlayardı. Ən çox sevdiyi yemək küftə-bozbaş idi. Hər halda evdə bu xörək tez-tez bişərdi. Nənənin əinin duzu başqa idi. Fisincan plovu, Arzuman küftəsi, hələ paxlavasını demirəm. Gözəl paxlava bişirərdi. Biçmə-tikmə, toxuma işlərində çox bacarıqlıydı.

- Onları da bacarırdı? Bəs, necə vaxt tapırdı?
- Elə maraqlısı da odur. Ülviyyə xanım, o dövrün xanımları qoçaq idi. O zaman bu qədər texnika yox idi. Amma xanımlar bütün işlərini özləri görürdü. Nənə də o dövrün çalışqan, qoçaq xanımlarından idi. Həm teatrda çalışırdı, teatrdan sonra evdə də bütün işlərini özü görərdi. Bişirərdi, süfrə açardı. Hamısının öhdəsindən məharətlə gələrdi. Mənə toxumağı nənə öyrədib. Bu gün də nənəyə rəhmət oxuyuram.

- Nəsibə xanımdan danışıb, babanızı yada salmamaq günah olar. Rəhmətliklər bir-birilərini çox istəyirdilər.
- Allah hər ikisinə rəhmət eləsin. Doğrudan da çox istəkli cütlük idilər. Babam nənəmi qəlbən duyurdu və sevirdi. Sənət adamı ilə ailə qurmaq qadın üçün çətindir. O ki ola kişi üçün. Mütəllim babam özü də sənət aləminə bələd olan adam idi. Gözəl kamança ifaçısı idi. 40 ildən çox birlikdə ömür sürdülər. Son günlərədək sevgiləri, hörmətləri azalmadı. Mütəllim baba nənənin xasiyyətinin hər fəslinə dözürdü. Onu başa düşürdü, yardımçı olurdu. Çünki anlayırdı ki, adi xanımla ailə qurmayıb.

- Bildiyimə görə, Nəsibə xanım babanızdan yaşda böyük olub?
- (Gülür). Elədir. Nənəm babamdan 11 yaş böyük idi. Amma zahirən bilinmirdi. Xasiyyətləri də çox uyğun idi. Babam Nəsibə xanımı həqiqətən ürəkdən sevib. Nəsibə xanım 38 yaşında ana olub. Atam dünyaya gəlib. Atam tək övlad olub. Nəsibə xanım bir qızının da olmasını istəyərdi. Çünki qız uşağını çox sevirdi. Elə ona görə məni qızı kimi saxladı.

- Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan incimişdi deyəsən? Onun Musiqili Komediya Teatrından ayrılması necə oldu?
- Hər aktrisanın sənətinin intibah dövrü olur. Bu fikri teatra da aid etmək olar. Elə bir məqam gəlib yetişmişdi ki, Nəsibə xanım teatrdan uzaqlaşmalı idi. Çünki nə həmin dövrdə qoyulan tamaşalar ona uyğun deyildi, nə də ətrafında bir zamanlar dost olduğu sənətkarlar yox idi. Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də edilmişdi. Mən təbii ki, hər şeyi açıqlamaq istəmirəm. Çünki çox vaxt keçib. Bir neçə səbəblər var idi. Amma yenidən həmin söhbətlərə qayıtmağı məqsədəuyğun bilmirəm. Ən mühüm səbəblərdən biri də Nəsibə xanımın səhhəti idi. Babam rəhmətə gedəndən sonra Nəsibə xanımın səhhəti pisləşdi. Bu itkini yaşamaq onun üçün ağır oldu. Çünki babamla nənəm həqiqətən ömür-gün yoldaşı idi. Hər dərdi, sevinci birlikdə paylaşardılar. Hər dahi insanın arxasında onu sevən, onu anlayan həyat yoldaşı olmalıdır. Nəsibə xanımın həyatında belə adam babam idi. Onun dünyadan köçməsi Nəsibə xanımın səhhətini tamamilə alt-üst etdi.

- Nəsibə xanımın sənətdə və həyatda ən yaxın dostlarından biri Lütfəli Abdullayev olub. Bəs, xanım aktrisalardan ən yaxın dostu, rəfiqəsi kim idi?
- Vallah elə xırdalıqlar var ki, onları mən də tam bilmirəm. Çünki Nəsibə xanımla mənim aramda 40 ildən çox yaş fərqi var idi. Nəsibə xanım teatr söhbətlərini evdə danışmağı çox sevməzdi. Mənim yadımda qalan odur ki, ən yaxın dostu həqiqətən də Lütfəli Abdullayev və Şəmsi Bədəlbəyli olub. Başqası kim olub, mən deyə bilmərəm. Yaşım buna imkan vermir. Lütfəli Abdullayev və Şəmsi Bədəlbəylinin övladları ilə bizim ailənin dostluğu bu gün də davam edir. Amma xanımlardan ən yaxın rəfiqəsi, dostu kim idi, bunu demək mənə çətin olar.

- Nəsibə xanımın ziyarətinə kimlər gəlirdi? Mən ömrünün son illərini nəzərdə tuturam...
- Bizim evimiz həmişə qonaqlı olub. Nənənin yaxşı vaxtlarında daha kimlər gəlmirdi ki? Amma son illərində sənət aləmindən az adamlar gəlirdi. Əsasən qeyri-sənət adamları gəlirdi. Söhbətləşməyi çox sevirdi. Yanına gələn qonaqlarla saatlarla oturub söhbət edərdi.

- Gələn qonaqlar onu yormurdular?
- Yox, qətiyyən. Nəsibə xanım yorulmurdu. Çünki təkliyi sevmirdi. Mən bu gün həmin adamlara minnətdaram. Çünki onlar Nəsibə xanımı yalqız qoymamaqla onun təkliyinə ortaq olurdular. Onun rahat qocalmasına yardım edirdilər. Nəsibə xanım tək, narahat, kimsəsiz deyildi. Bu əsasdır. Təbii ki, insan daxili aləmində həmişə təkdir. Nəsibə xanım ata həsrəti ilə böyüyüb. Həyatda çətinlikləri çox olub. Amma bütün bunlara baxmayaraq, son günlərində tək, kimsəsiz, sevgisiz deyildi.

- Teatrın xiffətini çəkirdi, darıxırdı?
- Çox darıxırdı. Bütün ömrü teatrda keçmişdi. Son günlərinədək təəssüflənirdi: "Heyf Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım". Ürəyində arzular çox idi. Bir də həmişə təəssüflənirdi ki, rejissorlar onu komik planda gördülər. Dramatik obrazlar yaratmaq istəyirdi. Amma qismət olmadı.

- "Qaynana" filmində mətbəxdə oxuduğu bayatı var. Çox yanıqlı oxuyub. Kövrəlməmək mümkün deyil...
- O nisgil, səsindəki yanıqlı çalar ürəyindən, həyatından, uşaqlığından gəlirdi. "Qaynana" filmində oxuduğu həmin bayatını anasından eşitmişdi. Anası həmin şikəstəni həmişə zümzümə edərdi. Nəsibə xanımın ürəyində dramatik, faciəli obraz yaratmaq arzusu qaldı. Kabanixa surətini yaratmaq istəyirdi. Təəssüf ki, rejissorlar onu yalnız komik planda görürdülər.

- Nəsibə xanım, nə əcəb onun bu arzusunu Cahangir müəllim həyata keçirmədi?
- Cahangir müəllim Nəsibə xanımla "Əmanət" tamaşasını hazırlayırdı. Məşqlərə də başlamışdılar. Amma sonradan nənənin səhhəti korlandı. Məşqlər yarımçıq qaldı. Nəsibə xanımın yüksək qan təzyiqi var idi. Şəkər xəstəsi idi. Ona görə də oynamaq istədiyi rolları ifa edə bilmədi.

- Sonra da Cahangir müəllim Azərbaycanı tərk etdi...
- Elədir. Atam Türkiyədən dəvət aldı və getdi. Gedişinin səbəbi nənənin xəstəliyi idi. Həmin dövrün maaşları ilə nənənin müalicəsi mümkün deyildi. Təbii ki, Cahangir müəllim ailənin yeganə övladı, oğlu kimi belə fürsəti dəyərləndirməli, anasına kömək olmalıydı.

- Nəsibə xanıma dövlət tərəfindən təqaüd ayrılmamışdı?
- Təqaüd olsa belə, bir oğul üçün təqaüdə göz dikmək nə dərəcədə doğrudur? Nəsibə xanımın müalicəsi, dava-dərmanları üçün mütləq getməliydi. Təbii ki, Nəsibə xanım darıxırdı, amma biz onun yanında idik.

- Nəsibə xanım, bu il aprelin 20-də Nəsibə Zeynalovanın 99 yaşı tamam oldu. Gələn il Nəsibə xanımın yubiley ilidir, yəni yüz 100 yaşı tamam olacaq.
- Hə, 2016-cı ildə Nəsibə xanımın 100 illik yubileyidir. İnanıram ki, nənəmin yubileyi adına layiq qeyd ediləcək. Amma çox istəyərdim ki, Nəsibə xanımın adına küçə olaydı. Nəsibə Zeynalova küçəsi.

- Nəsibə xanım, nənəniz Nəsibə Zeynalovanın gözəl əl qabiliyyətindən, mətbəx məharətlərindən danışdız. Başqa nəyi sevirdi? Nədən zövq alırdı?
- Nənə gülləri çox sevirdi. Hansı tədbirdə, qastrolda gül alırdısa mütləq evə gətirərdi. Heyvanları, quşları çox sevirdi. Xüsusilə də, pişikləri. Harda sahibsiz pişik görəndə, ürəyi yanırdı, götürüb evə gətirirdi. Pişiklərə elə qulluq edirdi ki, yorğan-döşək də tikirdi.

- Yorğan-döşək?
- (Gülür) Hə, bir dəfə küçədən bir pişik gətirmişdi. Onu yuyub, təmizlədi, yedirtdi. Sonra da tikiş maşınında xara parçadan pişiyə balaca yorğan, döşək və balış tikdi. Rəhmətlik belə şeylərə həvəsli idi. Bütün pişiklərə bir ad qoyardı. Poska və podsan. (Gülür) Hələ bir dəfə evimizdəki pişik üçün qonşunun pişiyinə elçi getmişdi.

- Qonşunun pişiyinə elçi getmişdi?
- Hə, özü də xonçayla. Deməli, nənə xəstəxanada müalicə olunurdu. Kardeologiya şöbəsində uzun müddət qalmalı oldu. Həmin şöbənin həyətində bir pişik balalamışdı. Nənə xəstəxanadan çıxanda mənə dedi ki, pişiyin bir balasını götür, aparaq saxlayaq. O qədər balaca idi ki, mən qorxurdum baxa bilmərik, ölər. Amma nənə pişiyi evə gətirdi. Baxdıq, böyüdü, qəşəng pişik oldu. Atam pişiyin adını "kardioloq" qoymuşdu. Günlərin birində nənə qonşunun pişiyini "alıb" evə gətirdi. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini aldı. Nəsibə xanım çox maraqlı insan idi. Onu qəribə aurası var idi. Hər kəslə dil tapmağı, yola getməyi bacarırdı. Özünəməxsus söhbətləri, zarafatları var idi. Ona görə də nənəmi hamı sevirdi.

Nəsibə Zeynalovanı sevməmək, ona vurğun olmamaq mümkün deyil. Teatrı çox sevən, fədakar aktrisa 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişdi. 11 ildir cismən bizi tərk edən ustad Nəsibə Zeynalovanın nəsil şəcərəsi davam edir.

Kərbəlayi Cahangir Zeynalovdan başlanan sənət yolunu Nəsibə xanım şərəflə davam etdirdi. Nəsibə Zeynalovanın ömür və sənət yolunu oğlu Cahangir Novruzov davam etdirir.

Nəsibə xanımın 6 nəticəsi var. Onlardan hansı ulu nənəsinin və babasının yolunu davam etdirəcək, bunu demək çətindir. Məlum olan tək həqiqət təməli Cahangir Zeynalovdan qoyulan yolun davam etməsidir.








Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42992

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR