Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Mənə belə sultanlıq lazım deyil” - Kərim Diniyev

“Mənə belə sultanlıq lazım deyil” -   Kərim Diniyev

Date: 23 December 2015 11:37

Bu gün “Kəpəz”in futbolçusu Kərim Diniyevin həyatında ən əlamətdar günlərdən biri kimi tarixə düşəcək. Gənc futbolçu ailə həyatı qurur. “Kəpəz”in mətbuat xidməti bununla bağlı Diniyevdən müsahibə götürüb.

- Qəribə hisslər keçirirəm. Doğrudan da evlənməyin məsuliyyətini dərk edirəm. Ailə həyatı tamam başqa bir şeydir. Ailə qurmaq asandı, onu qoruyub saxlamaq çətindir. İnanıram ki, qurduğum ailə möhkəm olacaq, sonadək mehribançılığı qoruyub saxlayacağıq. Xoşbəxt olacağımı düşünürəm.

- Subaylığa əlvida deməyə hazırsan?
- Bəli, hazıram. Özü də çoxdan.

- Evlənməyi özün istəmisən, yoxsa evdən məsləhət biliblər?
- Yox, bu mənim qərarımdır. Sevib evlənirəm. Xanımımı özüm seçmişəm və ailə qurmağı da özüm istəmişəm.

- Bəs evlənmək istəyini atan necə qarşıladı?
- (gülümsəyir) Atam mənə əvvəldən deyirdi ki, evlən. Ona görə istəyimi normal qarşıladı. Bildirdi ki, ailə qurmağın vaxtıdır. Özümdən kiçik bacı və qardaşlarım var. Onların yolunu açmalıydım...

- Amma atanı ailə qurmaqda qabaqlamısan. Şahin müəllim 26 yaşında evlənib, sənin isə hələ 22 yaşın var.
- Həmişə mənə deyirdi ki, evlənməyə gecikib. Legioner həyatı yaşayıb deyə, başı çox qarışıq olub. Ona görə mənə tez evlənməyi məsləhət görürdü. Ondan fərqli mən gecikmək istəmirəm (gülür). Gənc yaşımda ata olmaq istəyirəm.

- Belə bir məsəl var, deyirlər “tez duranla, tez evlənən uduzmaz”.
- Elə mən də bu məsəli əsas götürərək evlənməyə qərar verdim. 

- Bir məsəl də var, “subaylıq sultanlıqdır”.
- Mən bu sultanlığı evliliyə qurban verirəm. Mənə belə sultanlıq lazım deyil.

- Yəqin bilirsən ki, ailə qurandan sonra həyatında çox şey dəyişəcək. Evə tez gəlməli olacaqsan, dost-tanışa əvvəlki kimi vaxt ayıra bilməyəcəksən.
- İşimi rejimə salacağam. Bu mənada bu çox yaxşı şeydir. Planla hərəkət edəcəyəm, dosta-yaxına, qohumlara da baş çəkməyə vaxt ayıracağam. Ailədən gözəl nə ola bilər? Tək özümü fikirləşməməliyəm, artıq ailəli olacağam.

- “Bəyin oğurlanması” filminə güman edirəm ki, baxmısan. Sonda bəyi oğurlayırlar...
- İnşallah, bu hadisə toyda mənim başıma gəlməz. Açığı, şübhələndiyim 1-2 nəfər var ki, bu addımı ata bilər. Açıb-ağartmıram ki, yadlarına düşməsin.

- Evlənmək, nigah şəhadətnaməsinə qol çəkmək daha çətindir, yoxsa klubda müqaviləyə imza atmaq?
- Bax, bu, çox qəliz sual oldu. (fikirləşir) İkisi də həm çətindir, həm də asan. Bilirsiz necə? Məncə, ikisi də məsuliyyətli işdir. Üzərinə məsuliyyət götürüb, addım atırsan. Hər ikisi əhəmiyyətlidir. Gələcəyə doğru qərar verirsən, bu, həyatını yaxşıya da dəyişə bilər, pisə də. Mən həmişə birinciyə ümid edirəm.

Fanat.az

Tags:  Mənə belə sultanlıq lazım deyil Kərim Diniyev

RƏYLƏR


Top news