Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Özbəkistanın Sərhəd Qoşunları arasında əlaqələr müzakirə edilib
12:23 23 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidməti sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı, general-mayor Eminjanov Rustam Olimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında keçirilən görüş zamanı ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, sərhəd aviasiyası, kadrların hazırlaşdırılması, miqrasiya proseslərinin idarə edilməsi, beynəlxalq tədbirlər və layihələr çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə olunub. Qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.
Bununla yanaşı, tərəflər sərhəd təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə, əsasən də beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və transsərhəd xarakterli digər əməllərlə mübarizənin vacibliyini xüsusi vurğulayıblar.
Görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, zəbt olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Atçılıq Mərkəzi və digər bölmələrlə tanış olublar.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Dovlet_Serhed_Xidmeti_ile_Ozbekistanin_Serhed_Qosunlari_arasinda_elaqeler_muzakire_edilib-913580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR