Sabirabadda “Açıq qapı günü” forumu keçirilib

Sabirabadda “Açıq qapı günü” forumu keçirilib
12:49 23 Dekabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dekabrın 23-də Sabirabad rayonunda növbəti regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib.

DSMF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair çoxsaylı sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov ölkənin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını vurğulayıb və qeyd edib ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 294 mindən çox pensiyaçı, 3 milyon 165 minə yaxın sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.

Forumda “Elektron hökumət” portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb və bildirilib ki, sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərilən elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-ə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə müavinət, uşağa qulluğa görə müavinət və dəfn üçün müavinətdir.

 

Qeyd edək ki,  qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. Qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişi, həyata keçirilir.

Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə etməkdir.

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Azəri Məmmədov və fondun digər əməkdaşı Elnur İbrahimov da təqdimatla çıxış edib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR