Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qara siyahı"dan söhbət gedə bilməz" - Ramin Quliyev

"Qara siyahı"dan söhbət gedə bilməz" -   Ramin Quliyev

Date: 23 December 2015 13:17

"Qəbələ"nin əvəzedici heyətinin baş məşqçisi Ramin Quliyev “Qəbələ İK” qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- Çempionatın ilk 2 dövrəsi əvəzedicilər üçün necə keçdi? Komandanın çıxışını necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, hər iki dövrədə yaxşı çıxış etdik. Çempionata pis başlasaq da, toparlanıb, istədiyimiz yerlərə qalxa bildik. Uğursuz başlanğıcı isə komandamızın təzə formalaşması ilə əlaqələndirirdim. Vaxta ehtiyacımız var idi. Futbolçularımız xarakter göstərdilər. Belə vəziyyət futbolda nadir hallarda olur. Lakin komandam bunun öhdəsindən layiqincə gəldi.

- Mövsümün əvvəlində hətta sonuncu pilləyə ensəniz də, sonradan ardıcıl qələbələrlə 1-ci sıraya qalxdınız. Hamıya maraqlıdır: yetirmələrinizi bu durumdan necə çıxardınız? Onlara nə dediniz, necə etdiniz ki, turnir cədvəlində mövqeyiniz 180 dərəcə dəyişdi?
- Onlara özünəinam hissini qaytarmaq lazım idi. Bunun üçün ardıcıl 2-3 qələbə qazanmaq tələb olunurdu. Bir neçə oyunda qalib gəldikdən sonra kollektivdə ruh yüksəkliyi yarandı və nəticədə sürətlə zirvəyə doğru irəlilədik.

- “Qəbələ”nin əsas komandasında məşqçi kimi qısamüddətli fəaliyyətinizi hesaba almasaq, əvəzedicilərdə baş məşqçi postu sizin indiyədək ən məsuliyyətli vəzifəniz sayılır. Yeni ampluada, yeni işdə əsas çətinlikləriniz nədən ibarət idi?
- Bu gun “Qəbələ” həm infrastrukturuna, həm peşəkar futbol komandasına, həm də uşaq futboluna görə Azərbaycanda ən öndə gedən klublardan biridir. Belə bir klubda çox məsuliyyətli vəzifəni daşıdığımı dərk edirəm. O ki qaldı çətinliklərə, düzü, bir o qədər də çətinliyim olmadı. Axı, hazırda əvəzedici heyətdə forma geyinən futbolçuların çoxu ilə hələ “Qəbələ” Futbol Akademiyasında işləyərkən tanış idim.

- Çempionatda hansı komandaları özünüzə əsas rəqib görürsünüz? Əgər sualı başqa cür qoysaq, “Qəbələ”nin çempionluğuna kim maneçilik törədə bilər?
- Hazırda birinci pillədə qərarlaşdığımızdan, rəqiblərimiz liderə qarşı mübarizə aparırlar. Onlar üçün bundan yaxşı motivasiya ola bilməz. Ona görə də hər komanda çempionluğa aparan yolda “Qəbələ”yə böyük maneələr törətmək istəyindədir. Turnir cədvəlinə nəzər saldıqda komandalar arasında xal fərqinin çox olmadığını görürük. Bu isə o deməkdir ki, ilk “6-lıq”dakı bütün kollektivlər əsas rəqiblərimizdir.

- “Qəbələ”nin əvəzedici heyətində sizi qane edən və əksinə, narazı qaldığınız cəhətlər hansılardır?
- Əslində, ilk turlarda da komanda pis təsir bağışlamırdı. Sadəcə, qol vəziyyətlərini dəyərləndirə bilmirdik. Bu bizi çox narahat edirdi. Sonradan hər şey qaydasına düşdü. Real qol epizodlarının əksəriyyətini reallaşdırmağımızın nəticəsidir ki, yarışın ən sərrast futbolçusu məhz bizim komandamızın üzvüdür. Yetirmələrimin xarakterli olması məni çox sevindirir.

- Adətən qış fasiləsi ərəfəsində hər bir məşqçinin “qara siyahı”sı olur ki, orada heyətdən göndəriləcək futbolçuların adları qeyd edilir. Siz necə, yollarınızı ayıracağınız futbolçuları müəyyələşdirmisiniz?
- Bu cür uşaqlarla heç bir “qara siyahı”dan söhbət gedə bilməz. Kollektivimiz nizam-intizamlı və mehriban uşaqlardan təşkil olunub. Yalnız bir halda komandamızdan futbolçu gedə bilər – meydançaya az çıxması kimisə qane etməzsə, başqa kluba yollana bilər. Bu da təbii haldır. Hamının fikrinə hörmətlə yanaşıram. Bir daha vurğulayıram ki, heç bir futbolçu heyətdən çıxarılmayacaq.

- Bəs hansı mövqeləri gücləndirmək istəyərdiniz?
- İndi istənilən mövqedə rəqabət var. Əgər perspektivli, nizam-intizamlı oyunçu diqqətimizi cəlb edərsə, onu heyətə qata bilərik. Belə oyunçuya məşqçinin həmişə ehtiyacı var.

- Qışda “Qəbələ” Futbol Akademiyasından heyətdə yeni futbolçular görə biləcəyikmi?
- Akademiyamızdan 4 futbolçunun adını iştirak ərizəsinə salmışam. Bunlar Rövlan Muradov, Amin Seydiyev, Hacıağa Hacılı və Baxşəli Baxşəliyevdir. Ola bilər ki, komandamızda akademiya yetirmələrinin sayı 1-2 nəfər də artsın.

- Sizin başlıca məqsədiniz əsas komanda üçün ehtiyat qüvvə yetişdirməkdir. Kimləri əsas komandaya namizəd sayırsınız?
- Artıq mütəmadi olaraq, oyunçularımız əsas komandanın məşqlərinə qoşulurlar, fəal şəkildə çalışmaları yerinə yetirirlər. Bundan başqa, baş məşqçi Roman Qriqorçuk çempionat matçlarında futbolçularımızın çıxışını izləyir, qeydlərini aparır. Mənə elə gəlir ki, yaxın zamanlarda çempionat və kubok qarşılaşmalarında əsas heyətdə əvəzedicilərdən kimlərisə görəcəyik.

- Qış təlim-məşq toplanışını harada və necə keçirmək fikrindəsiniz?
- Dövrələrarası fasilədə öncə bir həftə Qəbələdə hazırlaşacağıq. Daha sonra təlim-məşq toplanışını davam etdirmək və yoldaşlıq görüşləri keçirmək məqsədilə 10 günlüyə Antalyaya yollanacağıq.

- “Qəbələ”nin əvəzedicilərinin Azərbaycan çempionatında ilk dəfə çempion titulu qazanmaq şansı nə dərəcədə realdır?
- Sözsüz ki, bunu çox istəyirik. Ancaq futbolda hər şey ola bilər. Əlimizdən gələn hər şeyi edəcəyik ki, adımızı Qəbələ futbol tarixinə qızıl hərflərlə yazdıraq.

- Məşqçiliklə bağlı hansı şəxsi planlarınız var? Yəqin ki, nəzəri biliyinizi artırmaq, daha yüksək kateqoriyalı məşqçilik lisenziyası almaq niyyətindəsiniz?
- Bildiyiniz kimi, A kateqoriyali lisenziyanı 1 il öncə almışam. 2017-ci ildə isə məşqçilikdə ən yüksək dərəcə sayılan “Pro” kateqoriyalı lisenziya kurslarına qatılacağam.

Fanat.az

Tags:  Qara siyahıdan söhbət gedə bilməz Ramin Quliyev


RƏYLƏR


Top news