Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dollarla götürülən kreditlərin faizlərinin hesablanmasının dayandırılması təklif edilir

Dollarla götürülən kreditlərin faizlərinin hesablanmasının dayandırılması təklif edilir

Date: 23 December 2015 14:38

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda baş verən devalvasiya prosesi bankların fəaliyyəti üçün, xüsusilə xarici valyuta ilə əməliyyatlarını həyata keçirən, kreditlər verən banklarda ciddi problemlər yarada bilər. Çünki həmin kreditlərin qaytarılmasında müəyyən problemlərin yaranması mümkündür. Bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.

Bu baxımdan həmin məsələnin müzakirə predmeti olacağı qənaətində olan Ə.Muradov hesab edir ki, bankların üzləşdiyi problemlərin həlli istiqamətində müəyyən işlər görüləcək: “Bir sıra ölkələrdə devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin devalvasiyadan əvvəlki kursla qaytarılması məsələsinə baxılır. Düşünürəm ki, Azərbaycanda da bank sektorunun indiki vəziyyətində bankların üzləşdiyi problemlərin həlli istiqamətində müəyyən işlər görüləcək. Kreditlərin restrukturizasiyası məsələsi gündəmdə olmalıdır”.

Ə.Muradov hesab edir ki, kreditlərin müddəti ya uzadıla, ya da kreditlərə görə faiz dərəcəsi aşağı salına bilər: “Bu kimi yollardan istifadə etmək olar. Yaxud götürülmüş müəyyən kreditlər dollarla fiksə edilə və bütövlükdə faizlərin hesablanması dayandırıla bilər. Beynəlxalq təcrübədə də belə təcrübə var”.

Ə.Muradovun sözlərinə görə, bankların bu siyasətə həm ayrı-ayrılıqda baxması, həm də Mərkəzi Bank tərəfindən baxılması qaçılmazdır: “Yəqin ki, Mərkəzi Bank tənzimləyici funksiyasını həyata keçirəcək. Banklar özləri də Mərkəzi Bank tərəfindən müəyyən edilən çərçivə daxlində yaranmış vəziyyətdən ən az ziyanla çıxmaq üçün tədbirlər görməlidirlər”.

Ə.Muradov qeyd edib ki, devalvasiya büdcənin gəlirlərinin təmin edilməsi baxımından müəyyən müsbət addım olsa da, bu proses bankların sayının azalmasına da öz təsirini göstərə bilər. Bankların ciddi problemlə qarşılaşmaması üçün bankların konsalidasiyası məsələsinin aktuallığı daha da artacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir.

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Dollarla götürülən kreditlərin faizlərinin hesablanmasının dayandırılması təklif edilir

RƏYLƏR


Top news