Bakının parfyumeriya məhsulları bazarında yeni ildən ciddi qiymət artımı gözlənilir

14:47 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Report”un analitik qrupunun paytaxtın müvafiq bazar seqmentində apardığı monitorinq nəticəsində məlim olub ki, “Ideal Parfumeri & Cosmetics” mağazalar şəbəkəsində devalvasiya səbəbindən bütün mövcud endirim kampaniyaları dayandırılıb. Mağazalarda Yeni il münasibəti ilə dekabrın 11-dən keçirilən son kampaniya isə dekabrın 21-də tamamlanıb.
"İdeal"ın satıcıları qeyd ediblər ki, dolların bahalaşması səbəbindən rəhbərlik bütün kampaniyaları dayandırıb: “Qiymətlər ilin sonuna kimi artırılmayacaq. Lakin ilin əvvəlində məzənnənin sabit qalacağına əmin deyilik. Yəni, dollar daha da bahalaşarsa, indiki qiymətləri yenidən dəyişdirməliyik. Bundan sonra mağazada endirim və ya hədiyyə kampaniyası hələ nəzərdə tutulmur. Gələn il də çox guman ki, olmayacaq. Rəhbərlik qiymətləri biraz balanslaşdırmağa çalışır. Amma qiymət artımının qarşısını almaq mümkün deyil. Məsələn, bir ətirin qiyməti indi 87 manatdır, yeni məzənnə ilə be, 120-130 manat olmalıdır. Bu qiymətə isə kimdir ətir alan?”.
Eyni zamanda bildirilib ki, “İdeal”da alıcılar üçün nəzərdə tutulan bonus kartları əvvəlki kimi etibarlıdır.
Monitorinq zamanı məlum olub ki, “Sabina Parfumeri & Cosmetics” mağazalar şəbəkəsində də satış qiymətlər dəyişməyib. Mağazalarda sonuncu endirim kampaniyası dekabrın 5-9-da keçirilib. Mağaza satıcılarının sözlərinə görə, devalvasiyadan əvvəl şəbəkə üzrə hər ilin sonunda endirim və hədiyyə kampaniyaları keçirilib: “Əvvəllər mağazada qiymətlər elə də ucuz deyildi, tez-tez kampaniyalar keçirdiyimiz üçün müştərilər hər zaman bundan razı qalıb. Lakin indi müştərilər həm qiymətlərdən narazıdır, həm də hədiyyə və endirim kampaniyasının olmamasından. Qiymətləri tənzimləmək üçün gələn ilin əvvəlinə qədər heç bir kampaniya olmayacaq. Yeni qiymətlər isə yeni ildən müəyyənləşdiriləcək”.
“Golden Rose Cosmetics” mağazasındakı qiymətlərdə ümumi ciddi artım olmasa da, burada bəzi məhsulların bahalaşdırıldığı müşahidə olunur. Satıcıların dediklərinə görə, bəzi kosmetik vasitələrin qiymətinin dəyişməsinə səbəb şirkətin bu məhsullar üzrə endirimləri ləğv etməsi ilə bağlıdır.
“Flormar  Professional Make Up” mağazasında isə məhsulların qiymətləri sabit qalıb. Ay sonuna qədər qiymətlərin dəyişməyəcəyi bildirilib (endirim və hədiyyə kampaniyaları keçirilməyib).
“VICHY Laboratoires” brendinin məhsullarının bəzilərinin isə qiyməti artıb. Məsələn, devalvasiyadan əvvəl bu mağazalarda 23 manata satılan tonal krem artıq 60 manata satılır (artım - 160% və ya 2,6 dəfə).
“KIKO Cosmetics” italyan brendi məhsullarının qiymətləri avro ilə tənzimləndiyi üçün satış qiymətləri cari məzənnəyə uyğun müəyyənləşdirilir.
“MAC Cosmetics” mağazalarının satıcıları da qiymətlərin ilin sonuna kimi artırılmayacağını deyiblər: “Bu brend məhsullarının qiyməti dollar qalxmamışdan əvvəl də nəinki Azərbaycanda, bütün dünyada hər zaman baha olub. Amma cari qiymətlər ayın sonuna kimi dəyişməyəcək. Yanvardan isə qiymətlər məzənnəyə uyğun tənzimlənəcək. Çünki qiymətlər artırılmasa, mağazalar ziyanla işləmiş olacaq və bağlanmaq məcburiyyətində qalacaq. Lakin qiymət artımının satışın həcminə neqativ təsir göstərməsi də qaçılmazdır". 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakinin-parfyumeriya-mehsullari-bazarinda-yeni-ilden-ciddi-qiymet-artimi-gozlenilir-moni-tori-nq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR