Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bank-kredit sahəsinin mətbuatda peşəkarlıqla işıqlandırılması tendensiyaya çevrilib

Bank-kredit sahəsinin mətbuatda peşəkarlıqla işıqlandırılması tendensiyaya çevrilib

Date: 23 December 2015 14:48


Bakı, 23 dekabr, AZƏRTAC 
Dekabrın 23-də “Kred Aqro” Bank Olmayan Kredit Təşkilatının və Zərdabi Mətbuat Mərkəzinin “Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr” mövzusunda sonuncu “dəyirmi masa”sı Azərbaycan Mətbuat Şurasında keçirilib.
AZƏRTAC xəbər verir ki, Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə tədbirdə çıxış edərək bu iki qurum arasında son 4 ili əhatə edən əməkdaşlıq, həyata keçirilən birgə layihələr barədə məlumat verib. O deyib ki, bu, medianın bank-kredit sektoru ilə ən uzunmüddətli birgə layihəsidir. Bununla ölkədə qarşılıqlı etimada, yaradıcı, təşəbbüskar fəaliyyətə əsaslanan birgə fəaliyyətin mümkünlüyü artıq praktikada sübut edilib. 2012-ci ili əhatə edən birinci ildə fəaliyyət yalnız Bakı ilə məhdudlaşırdı. Bir il sonra regionlar, 2014-cü ildən debitorlar da bu sıraya əlavə olundu. Regional tədbirlər bölgə mətbuatının da bu sahənin daha aktiv işıqlandırmasına maraqlarını artırıb. Builki tədbirlərdə 20-yə yaxın rayon qəzetinə Zərdabi Mətbuat Mərkəzinin, ən fəal debitorlara isə “Kred Aqro”nun diplomları və qiymətli hədiyyələri təqdim edilib. Görülən tədbirlər bank-kredit sahəsinin ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-lərində həmin sahənin daha fəal və peşəkarlıqla işıqlandırılmasını tendensiyaya çevirib.
Qeyd edilib ki, birgə əməkdaşlığa başlanılan 2012-ci ilin aprelindən monitorinqi aparılan 24 qəzetdə cəmi 118, 7, informasiya agentliklərində 82 yazı təqdim edilmişdisə, dekabrda bu rəqəmlər müvafiq olaraq qəzetlərdə 307-yə, informasiya agentliklərində 455-ə çatdı. 2013-cü ildə 31 KİV-də mövzuya dair 8840 material yayımlanmışdısa, 2014-cü ilin cəmi 9 ayında 9874 yazının təqdimatı qeydə alınıb. 2014-2015-ci illərin 10 ayının (fevral - noyabr) müqayisəsi də inkişaf tempinin davamını göstərir. Həmin müddətdə monitorinqi aparılan 31 KİV-də ümumilikdə 647 çox materialın verildiyi qeydə alınıb. Ölkədə mart ayından sonra bank-kredit sektorundakı yaşananlar da informasiya axınına təsirsiz qalmayıb. Lakin əvəzində o baş verib ki, KİV-lərdə maarifləndirici yazılara meyil güclənib. Əslində layihələrin əsas məqsədlərindən biri də budur.
2014-cü ilin 10 ayında qəzetlərdə 32, informasiya agentliklərində 1 maarifləndirici yazı verilmişdisə, bu ilin müvafiq dövründə yazılı mətbuatda bu rəqəm 290-a, informasiya agentliklərində isə 10-a çatıb.
Analitik yazılarla bağlı R.Hüseynzadə deyib ki, bu il ümumilikdə 1066 material təqdim olunub və burada birincilik “İqtisadiyyat” qəzetinə məxsusdur. “Bakı xəbər”, “Yeni Müsavat”, “Bizim yol”, “Mövqe”, “Ekspress”, “Həftə içi”, “Azərbaycan” qəzetləri də analitik yazıların dərcinə görə seçiliblər.
Qeyd edilib ki, xəbər məkanında qəzetlərdə ilk üçlük “İqtisadiyyat”, “Bakı xəbər”, “Həftə içi”nə, informasiya agentliklərində isə AZƏRTAC, “APA” və “Trend”ə məxsusdur.
Sonra Zərdabi Mətbuat Mərkəzi media ilə sıx əməkdaşlığa görə “Kred Aqro”nun Müşahidə Şurasının sədri Douqlas L.Leavensiyə və İdarə Heyətinin sədri Məcid Əsədova diplom təqdim edib. Eyni zamanda, KİV-lər, eləcə də bank-kredit sahəsinə dair ilboyu oxunaqlı yazılar təqdim edən bir qrup jurnalist mükafatlandırılıb.
2015-ci ildə Azərbaycan mediasında bank-kredit məsələlərini fəal işıqlandıran informasiya agentliyi kimi AZƏRTAC da Zərdabi Mətbuat Mərkəzinin diplomu ilə təltif olunub.


Tags:  Bank-kredit sahəsinin mətbuatda peşəkarlıqla işıqlandırılması tendensiyaya çevrilib



RƏYLƏR


Top news