Təbrizdə İran-Azərbaycan biznes forumu keçirilib

Təbrizdə İran-Azərbaycan biznes forumu keçirilib
15:05 23 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İrana səfəri çərçivəsində Təbriz şəhərində İran-Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev ölkələr arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində Dövlət Komissiyasının iclası, İran-Azərbaycan biznes forumları və bir sıra ikitərəfli görüşlər keçirilib, energetika, nəqliyyat və digər sahələrdə mühüm razılıqlar əldə edilib.

Şimal-Cənub nəqliyyat dəhlizi və Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsi sahəsində işlərin intensivləşdirilməsi barədə razılıqlar ölkələrimizin tranzit potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq.

Nazir Azərbaycan prezidentinin 7 dekabr 2015-ci il tarixli "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" sərəncamının Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.

İş adamlarını fəal əməkdaşlığa dəvət edən nazir Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirib.

Vurğulanmışdır ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa olunmuş logistik mərkəzindən İran tərəfi də istifadə edə bilər.

Azərbaycanda yaradılmaqda olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi çıxışında son zamanlar ölkələrimiz arasında əlaqələrin daha da intensivləşdiyini, bir çox məsələlərdə qarşılıqlı razılıqların əldə olunduğunu qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin iş adamları arasında əməkdaşlığın inkişafına dair fikirlərini bildirib. Mahmud Vaezi Azərbaycan iş adamlarını İrana investisiya qoymağa dəvət edib.

İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə isə çıxışında İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/392545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR