Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan rus dilinin qorunub saxlanması və istifadəsi üzrə MDB ölkələri arasında inamla liderlik edir

Azərbaycan rus dilinin qorunub saxlanması və istifadəsi üzrə MDB ölkələri arasında inamla liderlik edir

Date: 23 December 2015 15:28


Bakı, 23 dekabr, AZƏRTAC
Rusiyanın “Pravda” xəbər resursunda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri Fəridə Abdullayevanın “Azərbaycan rus dilinin qorunub saxlanması və istifadəsi üzrə MDB ölkələri arasında inamla liderlik edir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə qeyd olunur ki, Rusiyanın və Azərbaycanın müxtəlif təşkilatlarının fəal işi sayəsində Azərbaycanda rus dilini bilən insanların sayı artır.
Belə ki, ekspertlərin hesablamalarına görə, Azərbaycanda rusdilli KİV-lər təxminən 15 faiz təşkil edir. Lakin ilk baxışda kiçik görünən bu rəqəm mütləq göstəriciləri nəzərə alanda sanballı təsir bağışlayır. Bu gün Azərbaycanda rus dilində 60-a yaxın mətbu və şəbəkə nəşri, habelə 7 informasiya agentliyi fəaliyyət göstərir. Ölkədə ən populyar sosial şəbəkələr sırasına “Facebook”, “İnstagram” və “Twitter” kimi beynəlxalq resurslarla yanaşı, Rusiyanın “Odnoklassniki” və “VKontakte” resurslarını da aid etmək olar.
Azərbaycanda tədrisin rus dilində olduğu xeyli ümumtəhsil məktəbi və ali məktəb fəaliyyət göstərir. Rusiyada və Azərbaycanda bir sıra təşkilatlar - Rusiya İnformasiya Mədəniyyət Mərkəzi, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Milli Elmlər Akademiyası və başqa qurumlar Azərbaycanda rus dili və ədəbiyyatı müəllimlərinə böyük dəstək verir. Mütəmadi keçirilən seminarlar və “dəyirmi masalar” bu müəllimlərin ən yeni rus ədəbiyyatı ilə tanış olmasına imkan verir. Bakı Slavyan Universiteti tərəfindən nəşr edilən “Russkiy yazık i literatura v Azerbaydjane” jurnalının səhifələrində dilçilik və ədəbiyyatşünaslıq, tədris metodikası məsələləri, rus dilində müasir nəsr nümunələri müzakirə edilir. Azərbaycan Yazıçılar Birliyi yanında fəaliyyət göstərən “Luç” ədəbi-yaradıcılıq assosiasiyası rus dilinə bu və ya digər şəkildə aidiyyəti olan jurnalistləri, tərcüməçiləri, nasirləri, şairləri, publisistləri birləşdirir.
Əlamətdar haldır ki, ölkədə rus dilindən istifadə edilməsi heç də burada yaşayan etnik rusların sayının çox olması ilə izah edilmir – onların sayı 3 faizə yaxındır, yəni, məsələn, Qazaxıstanla (21 faiz) müqayisədə xeyli azdır. Rus dili Azərbaycanda dövlət dili olmasa da, biznes-elita arasında çox populyardır. Bu onu göstərir ki, ölkədə böyük nüfuza malik olan insanlar öz vətənlərinin gələcək iqtisadi və siyasi inkişafını Rusiya ilə bağlayır. Bu insanların çoxu hələ SSRİ dövründə ali təhsil alıb. O vaxt Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə istedadlı gənclərin xeyli hissəsi təhsil almaq üçün Rusiyaya göndərilirdi. Rusiyaya, rus dilinə, rus mədəniyyətinə sevgi hissi bu insanların qanına-canına hopub. Azərbaycanın birinci xanımı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu Mehriban Əliyeva etiraf edir ki, Rusiyada çıxan “İnostrannaya literatura” jurnalı ondan ötrü dünya ədəbiyyatının yenilikləri barədə əsas informasiya mənbəyi olub və indi də belədir.
Azərbaycanda rus dilinin prestiji ölkə rəhbərliyinin Rusiya ilə fəal əməkdaşlığa və dostluğun möhkəmlənməsinə yönəlmiş mövqeyi sayəsində təmin olunur. Bir sıra ictimai və siyasi xadimlər iki ölkə arasında münasibətlərin inkişafında fəal iştirak edir. Məsələn, RF Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədr müavini, deputat Dmitri Savelyev Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edir. D.Savelyev əmindir: “Azərbaycanda rus dilinə qayğı məsələsini öz üzərinə götürən strukturlara hər vasitə ilə dəstək vermək hər iki parlamentin deputatlarının vəzifəsidir. Rus dilinin millətlərarası ünsiyyət dili kimi qorunub saxlanması xalqlarımız arasında daimi möhkəm dostluğun zəruri şərtidir”.
Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskayanın fikrincə, iki dövlətin uğurlu əməkdaşlığının ən mühüm amili məhz dil baryerinin olmamasıdır. Ekspert deyir: “Azərbaycanda rus dilinin qorunub saxlanması vahid informasiya məkanının formalaşması, ölkələrimizin qarşılıqlı fəaliyyət sahələrinin genişlənməsi, vətəndaşların şəxsi səviyyədə ünsiyyəti üçün etibarlı zəmindir. Bu, müasir dövrdəki mürəkkəb şəraitdə əlaqələri möhkəmlətməyə və bir-birini dəstəkləməyə imkan verir”.

Tags:  Azərbaycan rus dilinin qorunub saxlanması istifadəsi üzrə MDB ölkələri arasında inamla liderlik edir


RƏYLƏR


Top news