Yaponiya İmperatoru doğum gününü qeyd edir

Yaponiya İmperatoru doğum gününü qeyd edir
16:33 23 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 23 dekabr, AZƏRTAC 
Yaponiya İmperatoru Akihito dekabrın 23-də doğum gününü qeyd edir. Həmin gün onun hakimiyyətə gəldiyi 1989-cu ildən başlayaraq Yaponiyada ümummilli bayram kimi qeyd olunur. On minlərlə insan İmperator sarayına gələrək Akihitonu anadan olmasının 82-ci ildönümü münasibətilə təbrik edir. Ailə üzvləri ilə birlikdə sarayın eyvanına çıxan İmperator öz təbəələrini salamlayır.
Doğum günü ilə əlaqədar keçirilən mətbuat konfransında çıxış edən İmperator deyib: “Bu il müharibənin başa çatmasının 70 ili tamam olur və bu, dönüş anıdır. Müharibə vaxtı yalnız hərbiçilər deyil, mülki vətəndaşlar da həlak olublar. Əgər sülh hökmranlıq etsəydi bu insanların necə bir şüurlu həyat sürəcəyi barədə fikirlər mənim ürəyimi ağrı ilə doldurur”.
İmperator Akihito çıxışında Yaponiyada cari ildə baş vermiş təbii fəlakətlərə toxunub, Kaqoşima prefekturasında Kuçinoerabu vulkanının püskürməsini, sentyabrda yağan leysan yağışlar nəticəsində Kunaqava çayının daşaraq Zeso şəhərini basdığını da xatırladıb.
Çıxışında sevindirici hadisələrə də yer ayıran İmperator yapon alimləri Satoşi Omure və Takaaki Kazitenin Nobel mükafatına layiq görülməsini xüsusi qeyd edib.
Yaponların əldə etdiyi texnoloji uğurlara toxunan Akihito ilk yaxınməsafəli “Mitsubishi Regional Jet” sərnişin təyyarəsinin sınaqlarının uğurla keçdiyini xatırladıb.
Çıxışında hakimiyyəti dövründə bir sıra səhvlərə də yol verdiyini qeyd edən İmperator gələcəkdə bunların təkrarlanmaması üçün çalışacağını vəd edib.
İmperator Akihito 1933-cü il dekabrın 23-də dünyaya gəlib. O, dünyanın ən qədim monarx nəslinin 125-ci hökmdarıdır.
1952-ci il noyabrın 10-da Akihito rəsmi olaraq vəliəhd-şahzadə elan edilib və 1989-cu il yanvarın 7-də Yaponiyanın İmperatoru olub. Onun hakimiyyətə gəlişi Yaponiyada “sülh və həmrəylik” mənasını verən yeni Heysey dövrünün başlanğıcı elan olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_Imperatoru_dogum_gununu_qeyd_edir-913679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR