Ehram, nəhəng xaç və əjdaha - Zəncanın Daşkəsən məbədindən REPORTAJ

Ehram, nəhəng xaç və əjdaha - Zəncanın Daşkəsən məbədindən REPORTAJ
17:24 23 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Dünya tarixi dinlər arası savaşlarla doludur. Elə ölkə yoxdur ki, orda iki din arasında, iki məzhəb arasında müharibə olmasın, qan tökülməsin. Azərbaycan tarixində isə bir neçə fərqli kökə, fərqli dünya görüşə malik dinlərin nümayəndələri eyni zamanda, eyni məbəddə ibadət ediblər. Qızıl Azərbaycanda - Zəncanda...

 

Zəncan ömrünün o dövrünü yaşayırdı ki, monqollar Azərbaycanı işğal edib bu torpaqlarda yeni dövlətin əsasını qoymuşdular. Hülakülər dövlətinin paytaxtı əvvəl Təbriz, sonra isə Marağa şəhərləri olmuşdu.

 

1306-cı ildə hakimiyyətə gələn Sultan Məhəmməd Xudabəndə Ulcaytu xan paytaxtı Təbrizdən Sultaniyyə şəhərinə köçürür. Bu şəhər Ərğun şah tərəfindən salınsa da, inkişafı, qala divarlarının salınması, memarlıq abidələrinin tikilməsi Xudabəndənin dövrünə təsadüf edir.

 

Sultaniyyə şəhəri müsəlman şəhərsalma qaydalarına uyğun salınan ilk şəhər hesab olunur. Şəhər və burada yerləşən Xüdabəndə gümbəzi Naxçıvan-Marağa memarlıq məktəbinə aiddir.

 

Daşkəsən məbədi Sultaniyyə şəhərindən  15 kilometr cənubda yerləşir. Məbəddən çıxarılan daşlar şəhərin və şəhərətrafı müdafiə tikililərinin salınmasında istifadə olunub.

 

Monqollar bu torpaqlara gələndə özləri ilə müxtəlif ölkələrdən, fərqli dinə ibadət edən, fərqli dildə danışan xalqlardan insanlar gətirir. Onlar burada quruculuq, tikinti sahələrində də çalışır. Sultaniyyənin salınmasında başqa ölkələrdən gələn insanlar yerlilərlə birgə iştirak edir.

 

Bələdçi Pərvanə Əsgərinin sözlərinə görə, İran, Çin və ətraf ölkələrdən bir sıra sənətkarlar bu daşları kəsib yonmaq üçün gəliblər: “Sonra Sultaniyyə şəhərinə aparıblar. Bəzi kəsmə üsulları icad edirlər. Daşların arasını yonub su tökürlər. Sonra ağac çalırlar. Gecəni qalır, ağac suyu canına çəkib şişir. Onda bu daşlar qat-qat qayadan ayrılır”.

 

Təxminən 750 il qabaq bu yerdən daşlar kəsilərək Sultaniyyənin salınması üçün daşınıb. Daşların araba ilə daşındığı güman olunur. Şəhərin salınması üçün çoxlu daş və zaman tələb olunurdu deyə sənətkar və fəhlələr bir neçə il karxanada yaşamağa məcbur olur. Burada işləyənlər özləri üçün məbəd tikmək arzusunda idilər. Zaman keçdikcə karxananın içi boşalır və məbəd üçün uyğun yer yaranır.

 

“Bura gələn sənətkarlar uzun müddət burada qalır. Çünki daşların Daşkəsəndən kəsilib Sultaniyyəyə daşınması xeyli vaxt tələb edir. Müxtəlif dindən olan insanlar istəyirlər burada ibadət yeri tiksinlər. Görürlər ki, dağın içi boşaldıqca məbəd üçün yaxşı yer yaranıb. Bundan sonra bura müsəlmanlar, buddistlər və xristianlar üçün məbədə çevrilir. Sülh şəraitində müxtəlif dindən olan şəxslər eyni yerdə ayinləri icra edirlər”.

 

Hazırda məbəddə buddistlərin ibadəti üçün hazırlanan - Əjdaha totemi, xaç və müsəlmanlar üçün ehram qorunub saxlanılır. Əvvəllər məbədin üstü örtülü olub. Zaman keçdikcə məbədin tavanı uçub. Bundan sonra burada ibadətə son qoyulub.

 

Məbəddə eyni zamanda hər üç dinin nümayəndələri ibadət ediblər. Və tarixdə bu dinin nümayəndələri arasında baş vermiş hansısa münaqişə haqqında heç bir məlumat yoxdur.

 

Bələdçimiz deyir ki, buradakı əjdahalara başqa buddist məbədlərində rast gəlinməyib. Tikilərkən Çin incəsənət motivlərindən istifadə olunub. Buna səbəb məbədin dörd Çin sənətkarı tərəfindən inşa olunmasıdır. Çinlilərlə yanaşı monqolların içində də buddizmə tapınanlar vardı.

 

Xristianlar üçün nəzərdə tutulan nəhəng xaç isə yuxarıdan baxanda daha rahat görünür. Xaçın qolları və baş hissəsi demək olar bütün məbədi əhatə edir. Bu xaç sanki məbəd boyu uzanıb.

 

Təxminən 5 il qabaq məbədə yol çəkilib. Daha çox iranlı turistlərin səfər etdiyi yerdir Daşkəsən məbədi. Məbəd turistlər arasında "Əjdaha məbədi" kimi məşhurdur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR