BMT-nin Suriya qətnaməsi: tunelin sonunda işıq?

BMT-nin Suriya qətnaməsi: tunelin sonunda işıq?
18:37 23 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaxın Şərq qan çanağına dönüb. Hər an oradan bomba səsləri, həlak olan və yaralananlar haqqında informasiyalar yayılır. Dinc və günahsız müsəlmanlar qırılır, siyasətçilər isə soyuq məntiqlə vəziyyəti "qiymətləndirməkdədirlər". Böyük dövlətlərin orada ortaq razılığa gəlməsinə milyonlarla insanlar ümidlə baxır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi son qətnamə bu səbəbdən ekspertlərdə ciddi maraq doğurub. Fərqli fikirlər vardır. Vaşinqton və Moskva bütövlükdə razıdırlar. Rəsmi Dəməşq də susur. Suriya müxalifəti isə müəyyən şübhələrin olduğunu bildirir. Reallıqda isə Suriyada hərbi əməliyyatlar davam edir. Eyni zamanda, tərəflər döyüş meydanında üstünlüyü ələ almaq üçün yeni-yeni cəhdlərə əl atırlar. Danışıqlara buraxılmayan İŞİD-in öz planlarını genişləndirməkdə olduğu, hətta kimyəvi silah əldə etdiyi bildirilir. Bütün bunların sonu necə olacaq?

Moskvadan Nyu-Yorka: sülhə, yaxud savaşa doğru?

ABŞ-ın dövlət katibi Con Kerrinin Moskvaya səfərinin müəyyən nəticə verəcəyinə ekspertlər inanırdılar. KİV-də yayılan məlumatlar bu proqnozun doğru olduğunu təsdiqlədi. Amerika və Rusiya Suriya böhranını aradan qaldırmaq təşəbbüsü çərçivəsində İŞİD-ə qarşı mübarizədə əməkdaşlığı gücləndirmək haqqında razılığa gəliblər. Con Kerri və Sergey Lavrov üç saat yarım davam edən danışıqlardan sonra "mövqe yaxınlığına nail olduqlarını" bəyan ediblər (bax: Stepan Kravchenko, Henry Meyer. Kerry Signals Progress at Talks With Putin on Syria Settlement / "Bloomberg", 16 dekabr 2015).

Vaşinqton və Moskva Suriya ilə bağlı təşkil edilən beynəlxalq tədbirdə də yeni razılıqlara hazır olduqlarını bildiriblər. Məsələ bundan sonra BMT Təhlükəsizlik Şurasının konkret sənəd qəbul etməsi ilə nəticələnməli idi. Bütün bunlar baş verdi. Təhlükəsizlik Şurası münaqişənin həll edilməsi ilə əlaqədar bir sənəd qəbul etdi. Lakin elə bundan sonra müəyyən suallar yaradan informasiyalar yayılmağa başladı.

Ekspertlər tərəflər arasında bütün məsələlər üzrə anlaşmaya nail olunmadığına diqqət çəkirlər. Onları iki qrupa ayırmaq olar. Birinci qrup Suriyanın indiki rəhbəri Bəşər Əsədin siyasi taleyi ilə bağlı məqamları özündə birləşdirir. İkinci qrupa daxil olan məsələlər isə müxalifəti kimlərin təmsil edəcəyi ilə əlaqəlidir.

Əvvəlcə onu qeyd edək ki, BMT-nin qəbul etdiyi sənəddə Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşmağın şərt olduğu vurğulanır. Oradakı problemləri həll etmək üçün keçid mərhələsinin müəyyənləşməsi zəruridir. Bu zaman atəşkəs elan olunmalı və müxalifətlə hökumət danışıqlara başlamalıdırlar. Danışıqların nəticəsi kimi 6 ay müddətində cəmiyyətin bütün kəsimlərini təmsil etməli olan keçid hökuməti formalaşdırılmalıdır. Bundan sonra 18 ay müddətində BMT-nin nəzarəti altında Suriyada beynəlxalq standartlara cavab verən azad seçkilər təşkil edilməlidir (bax: Артем Красулин. Резолюция Совбеза ООН по Сирии: поводы для оптимизма и камни преткновения / "Вести.ru", 19 dekabr 2015).

Ekspertlər hesab edirlər ki, bu ümumi müddəaların fonunda yuxarıda vurğulanan iki qrup ziddiyyətlər nizamlama prosesinə mənfi təsir göstərə bilər. Hətta bir sıra Qərb ekspertləri ABŞ-ın Rusiya qarşısında öz strategiyasından müəyyən qədər çəkildiyindən danışır, bunun əlaməti kimi Kerrinin Moskvada B.Əsədin hakimiyyətdən getməsi məsələsinin indi müzakirə edilmədiyi haqqında dediklərini və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənəddə Suriya prezidenti barədə dəqiq fikrin yer almamasını göstərirlər. Belə təxmin edilir ki, B.Əsəd keçid mərhələsindəki proseslərdə iştirak edəcək və bundan sonra onun seçkidə iştirakı haqqında qərar veriləcək.

Suriya müxalifəti məsələnin indidən bu şəkildə qoyulmasını Cenevrə sazişini pozmaq və rəsmi Dəməşqə hakimiyyətdə qalmaq şansı vermək kimi qiymətləndirib. Suriya İnqilabi və Müxalif Qüvvələrinin Milli Koalisiyasının təmsilçilərindən olan Samir Naşar bununla bağlı bildirib ki, "yerlərdəki reallıqları və B.Əsədin taleyi ilə bağlı konsensusun olmamasını nəzərə alaraq əldə olunan razılığı (BMT TŞ-nin qəbul etdiyi sənəd nəzərdə tutulur - Newtimes.az) həyata keçirmək tamamilə qeyri-mümkündür" (bax: Сирийская оппозиция скептически отнеслась к резолюции ООН / "Интерфакс", 19 dekabr 2015).

Danışıqların subyektləri: hələ ortaq razılıq yoxdur

Ədalət naminə demək lazımdır ki, yuxarıda adı çəkilən Milli Koalisiya Suriyadakı qrupların hamısını təmsil etmir. Həm də onu Qərb və ya Rusiya deyil, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və müsəlman dövlətlərini birləşdirən koalisiya yaradıb. Buraya 34 ölkə daxildir. BMT-də Suriya məsələsinin müzakirə edilməsindən cəmi 2 gün öncə Ər-Riyadda həmin "inqilabi və müxalif qüvvələr" toplantı keçiriblər.

Ekspertlər bu prosesə Səudiyyə Ərəbistanının başçılıq etdiyi qənaətindədirlər. Lakin, onu da etiraf etmək gərəkdir ki, ümumiyyətlə, Suriyadakı bütün qrupları təmsil edə bilən təşkilat yoxdur. Vaşinqton və ya Moskvanın belə bir qurum yaratmaq imkanlarının minimuma bərabər olduğu bildirilir. Ona görə də İnqilabi və Müxalif Qüvvələrin Milli Koalisiyasını Suriya müxalifətinin təmsilçisi hesab etmək olar.

Həmin təşkilatın başçısı Xalid əl-Xoca BMT TŞ-nin Suriya sənədi ilə əlaqədar belə bir fikir bildirib: "Qətnamə inqilabi qüvvələrin Ər-Riyaddakı danışıqlarının nəticələrini sarsıdır və BMT-nin Suriyadakı problemi siyasi yolla həll etmək axtarışları üzrə əvvəlki qətnamələrinin əhəmiyyətini azaldır" (bax: əvvəlki mənbəyə).

Buradan yuxarıda vurğuladığımız ikinci qrup problemlərin nədən ibarət olduğu aydınlaşır. Məsələ Suriyada müxalifəti danışıqlarda kimlərin təmsil etməsi haqqında ortaq qənaətin olmaması ilə bağlıdır. X.əl-Xoca və S.Naşar Ər-Riyadın patronajlığındakı müxalif qüvvələrin təmsilçiləridirlər. Doğrudur, buraya Vaşinqton və Moskvanın terror qrupu kimi tanıdığı İŞİD və "Cəbhət ən-Nusra" daxil deyildir. Lakin onlara yaxın olan bir neçə güclü silahlı qruplaşma vardır ki, onlar sözügedən Koalisiyanın üzvüdürlər.

Məsələn, "Əhrar əş-Şam" və "Ceyş əl-İslam" kimi təşkilatlar orada yer alıblar. Bunlardan birincisini "əl-Qaidə" üzvləri yaradıb, ikincisi isə "xilafət"in qurulmasının tərəfdarlarıdırlar (bax: "Троянский конь" Саудовской Аравии: египетский сценарий для Сирии, но с другим концом / "EADaily", 18 dekabr 2015).

Hökumətlə danışıqlar aparmaq üçün Koalisiyanın təşkil etdiyi ali komitəyə 32 üzv daxildir. Onların 10-u silahlı qruplaşmaları, 8-i İstanbuldakı İnqilabi və Müxalif Milli Koalisiyanı, 5-i Milli koordinasiya komitəsini və 9-u müstəqil nümayəndələri təmsil edirlər (bax: əvvəlki mənbəyə). Göründüyü kimi, bu siyahıda Rusiya və İranın sözünü deyəcək adamlar yox dərəcəsindədir (gizli fəaliyyət göstərənləri nəzərə almasaq).

Moskva bunu qəbul etmir. Üstəlik, yuxarıda adı çəkilən Koalisiya liderlərinin BMT TŞ-nin toplantısından sonra ilk tələbləri belə olub: "Rusiya Federasiyası Suriyada dərhal hərbi əməliyyatları dayandırmalıdır" (bax: Сирийская оппозиция обратилась к России с "гениальным" требованием / "REN-TV", 20 dekabr 2015). Bu barədə həmin təşkilatın ABŞ-dakı nümayəndəsi Nəcib Qadban bildirib. Doğrudur, Rusiya KİV-i bu tələbi istehza ilə "dahiyanə" adlandırıb, lakin İnqilabi və Müxalif Qüvvələrin Milli Koalisiyası Suriyada hələlik ən güclü müxalif qurumdur və onunla "sən kimsən?" məntiqi ilə danışmaq risklidir.

Yuxarıdakı müqayisələrdən belə görünür ki, Suriya məsələsində ABŞ-la Rusiya arasında müəyyən yaxınlaşmalar olsa da, prinsipial məqamlarda fikir ayrılıqları hələ də qalır. Bu kontekstdə Türkiyə faktorunu da kənara qoymaq olmaz. Moskva bu ölkənin Suriya ilə sərhədinin bağlanmasını tələb edir. ABŞ və onun tərəfdarları isə bunu mümkünsüz sayırlar.

Artıq BMT TŞ-nin Suriya ilə bağlı bir sənədi də var. Hər necə olsa da, 2016-cı il yanvarın 1-dən danışıqlar başlamalıdır. Prosesə start verilir. Lakin bu marafonun harada və nə ilə yekunlaşacağı haqqında təəssüf ki, qəti proqnoz vermək çətindir. Bizcə, Suriyada qarşıdurma növbəti süründürməçi bir mərhələyə qədəm qoyur. Təki qan tökülməsin. Bu, həqiqətən, irəliyə doğru addım olardı. Doğrusu, buna da elə böyük əminlik yoxdur. Suriyanın soyuq divarlarında güllə izləri hələ də qalır...

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR