Müğənnilər də toy qiymələrini artırdılar

Müğənnilər də toy qiymələrini artırdılar
19:06 23 Dekabr 2015
118 Şou
Ölkə mətbuatı
A- A+

Bu həftənin əvvəlindən etibarən manatın ucuzlaşması və bunun fonunda dolların bahalaşması ölkədə bir sıra sektorlarda qiymət artımına səbəb olmaqla yanaşı, müğənniləri də öz toy qiymətlərini müəyyən qədər artırmağa vadar edib.
 
Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, hazırda bütün şou-biznes nümayəndələri bu addımı atmasa da, gələcəkdə bütün müğənnilərin qiymətləri artıracağı gözlənilir. Artıq şadlıq evləri və restoranlar təklif etdikləri menyunun qiymətinin qalxacağının qaçılmaz olduğunu deyirlər. Bu, şou-biznes nümayəndələrinin toy sahiblərinə təklif etdiyi qiymətlərə də aid olacaq.

Məsələn, bir sıra şou-biznes nümayəndələri bildiriblər ki, onlar qiymətləri toy sahibləri ilə əvvəlcədən müəyyən etdiklərindən, hazırda bu qiymətləri dəyişmək bir qədər çətin olacaq. Amma bundan sonra təyin olunacaq toylar üçün yeni qiymətlərin təklif olunacağını deyirlər.

Müğənni Əlikram Bayramov bildirib ki, 10-a yaxın toy götürüb, lakin gedəcəyi toyların qiymətini 500 manat qaldıracağını deyib:

“Baxaq görək necə olacaq. Tək deyiləm, 12 nəfərlik komandam var, bunun sürücüsü və digər xərcləri var. Yəqin ki, qiymətlərdə dəyişiklik olacaq. 2500 manatı 3000 manat edəcəm. Aprel, mart aylarında ona yaxın toy götürmüşəm. Beh də verilib. İndi bilmirəm onlara necə deyim ki, qiymətlər qalxıb. Qorxuram ki, söz-söhbət olsun”.
 
Müğənni deyir ki, toy sahibləri “biz qiymətlər qalxmazdan əvvəl danışmışıq, artıq sən söz vermisən və beh də almısan” deyir. Ona görə də toy sahibləri ilə aralarında narazılıq yaranır.

Əməkdar artist Elza Seyidcahan da götürdüyü toyların qiymətlərində dəyişiklik olacağını deyib. O, toy qiymətlərini bazara uyğun təyin edəcəyini dedi.

Rəşad İlyasovun köməkçisi Tengiz dolların bahalaşması ilə əlaqədar toy qiymətlərinin artacağını deyib. "Əlbəttə, əgər hər şeyin qiyməti qalxıbsa, deməli, toy qiymətləri də qalxacaq" - deyə müğənninin köməkçisi əlavə edib. Toylar kralı xalq artisti Səməd Səmədov isə hələ ki, qiymətlərdə dəyişiklik olmayacağını deyib:
 
“Mən necə 3 min manata gedirdim, elə də gedəcəm. Qiymətləri dollarla deyil, manatla müəyyən edirəm”, - deyə müğənni əlavə edib.

Müğənni Nadir Bayramlı bildirib ki, o, heç zaman toy sahiblərinə dəqiq qiymət söyləmir:
 
“Mən ruzimi Allahdan istəyirəm. Xalqın imkanına uyğun hərəkət etməliyik. Bir balaca sıxıntı varsa, onu gərək hamımız çəkək, hər şey qaydasına düşənə qədər. Digər müğənnilərin qiymətləri qaldırması ilə də razı deyiləm. Biz bu vətənin övladlayırıqsa, belə günlərdə bir olmalıyıq".

İfaçı Elariz Məmmədoğlu qiymətləri qaldırmaqdan ehtiyat edir.
 
“Hələlik qiymətləri qaldırmağa çəkinirəm. Dəqiq vaxt deyə bilmərəm. Onsuz da toylar azdı. Müştəri ilə anlaşıb ortaq məxrəcə gedərik".

İfaçı Manaf Ağayev indi qiymətlərdə dəyişiklik etmədiyini desə də, gələcəkdə toy qiymətlərini artıracağını istisna etməyib. Onun sözlərinə görə, artıq götürdüyü toyları köhnə qiymət ilə gedəcək, gələcəkdə isə dəyişə bilər.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR